Müasir smartfonların avtonom iş müddətinin qısa olması ilə əlaqədar portativ enerji qurğuları çox populyardır. İstifadəçi belə qurğunu özü ilə daşımaqla lazımi anda rabitəsiz qalmayacağına əmin ola bilər. Aktiv smartfon sahiblərinin həyatını daha da asanlaşdırmaq məqsədilə akkumulyator və günəş batareyalarının quraşdırıldığı "Lifepack" adlanan çanta yaradılıb. Bu texnoloji həll sayəsində "iPhone 6" smartfon modelini 12 dəfə enerji ilə doldurmaq mümkün olacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, çantanın daxilində smartfon və qiymətli əşyaları gizlətmək üçün dörd gizli bölmə yerləşir. Bölmələrin birində qurğuları enerji ilə doldurmaq üçün USB çıxışı yer alıb. Əşyaları tez-tez yerə salan insanlar üçün "Lifepack"in aşağı hissəsi hava ilə doldurulub ki, çanta yerə düşəndə içərisində olan əşyalar salamat qalsın. Həmçinin çanta sukeçirməzdir və onu mümkün oğurluq hallarından quraşdırılmış qıfıl qoruyur. Həmin qıfılla butulka qapağını da açmaq olar.
Layihə artıq "Kickstarter" vəsait toplanışı saytında 686 646 dollar toplaya bilib ki, bu da istehsala başlamaq üçün lazım olan məbləğdən xeyli çoxdur. Vəsait toplanışı kampaniyası ərzində "Lifepack" çantasının qiyməti 169 dollar təşkil edib, lakin onun adi qiyməti 249 dollara bərabərdir. Çantanın ilk tədarüklərinə oktyabrda başlamaq nəzərdə tutulur.