Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

26.05.2026 15:40
  • A-
  • A
  • A+

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Türkiyənin İğdır Universitetinin rektoru professor Ekrem Gürel AMEA Rəyasət Heyətinin Fəxri professoru seçilib. Bu münasibətlə AMEA-nın Rəyasət Heyətində türkiyəli qonaqlarla görüş keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil istiqamətində də münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Vurğulayıb ki, təməlləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışına söykənən və bu gün dövlət başçılarımız səviyyəsində formalaşan strateji müttəfiqlik münasibətlərimiz akademik qurumlar arasında da əməkdaşlığın genişlənməsinə mühüm zəmin yaradıb.

AMEA prezidenti vurğulayıb ki, son illərdə iki ölkənin alimləri birgə layihələr, beynəlxalq konfranslar, elmi tədqiqat proqramları həyata keçirir və Türk dünyasının inkişafına öz töhfələrini verirlər. İğdır şəhərinin və universitetinin onun üçün doğma olduğunu deyən akademik İsa Həbibbəyli bir sıra xatirələrini bölüşüb, birgə əməkdaşlıq üçün AMEA tərəfindən zəruri dəstək veriləcəyini söyləyib.

AMEA rəhbəri qeyd edib ki, AMEA Rəyasət Heyətinin 30 aprel 2026-cı il tarixli qərarı ilə professor Ekrem Gürel Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə AMEA Rəyasət Heyətinin Fəxri professoru seçilib və bu ada layiq görülən birinci alimdir.

Sonra çıxış edən professor Ekrem Gürel bu adı böyük qürur və məsuliyyət hissi ilə qəbul etdiyini deyib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini bütün varlığı ilə qəlbində hiss etdiyini deyən Ekrem Gürel bu mükafatın həyatı boyu aldığı ən qiymətli hədiyyə olduğunu söyləyib. İsmayıl bəy Qaspıralının “Dildə, işdə, fikirdə birlik” sözlərini xatırladan alim Zəngəzur dəhlizinin açılması ilə əlaqələrimizin daha da inkişaf edəcəyini vurğulayıb.

Mərasimdə çıxış edən İğdır İl Emniyet Müdürü Niyazi Turgay səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib.

Daha sonra professor Ekrem Gürelə AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu və mantiyası təqdim olunub. Həmçinin qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Görüşdə türkiyəli nümayəndə heyəti ilə yanaşı, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: