Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elmin, mədəniyyətin və fəlsəfənin tədqiqinə həsr olunan 55 illik nümunəvi ömür yolu
08.06.2026 14:25
  • A-
  • A
  • A+

Elmin, mədəniyyətin və fəlsəfənin tədqiqinə həsr olunan 55 illik nümunəvi ömür yolu

Antik yunan dramaturqu Sofokl yazır: “Dünyada heyrətedici güclü qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur”. Əsas məsələ bundan necə istifadə etməkdə, bu gücü nəyə sərf etməkdə, nəyə yönəltməkdədir. Öz gücünü düzgün qiymətləndirməyi bacaran insan həmişə uğur qazanır. Bunun üçün o gərək heç bir çətinlikdən qorxmasın, öz işini sevsin. Səbuhi müəllim elmi səviyyəsi, mütaliə həvəsi, çalışqanlığı, insanlarla mehriban rəftarı ilə həmişə ətrafındakıların diqqətini cəlb edib. O, yüksək insani keyfiyyətləri ilə yanaşı, gözəl alimdir. Tədqiqatları fəlsəfənin və mətnşünaslığın müxtəlif problemlərinə həsr edilib. Səbuhi müəllim ləyaqətli övlad, yaxşı valideyn, yüksək etiqadlı din adamı, Azərbaycan ziyalılığının mühüm keyfiyyətlərini özündə cəmləşdirən, millətini, xalqını dərin məhəbbətlə sevən əsl vətəndaşdır. Bir çox müsbət keyfiyyətləri özündə cəmləşdirən və tələbələrini də nümunəvi şəxsiyyət kimi yetişdirməyə çalışan Səbuhi bir müəllim kimi, uca şəxsiyyət, ləyaqətli pedaqoqdur.

Səbuhi Məmmədəli oğlu İbrahimov 10 iyun 1971-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kəndində anadan olub. O, 1978-1988-ci illərdə Ərəzin kənd orta məktəbində təhsil almışdır. 1989-1990-cı illərdə hərbi xidmət keçmiş və 1993-1998-ci illərdə Bakı İslam Universitetində bakalavr, 2002-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Fəlsəfə tarixi” ixtisası üzrə magistratura pilləsində təhsil alaraq “Şərq peripatetizmi” mövzusunda dissertasiya müdafiə edərək magistr elmi dərəcəsi almışdır. 2005-ci ildə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (2020-ci ilin noyabr ayından “Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırılıb) dissertantı olmuş və 2008-ci ildə Bakı Dövlət Universitetində “İslamda İmamilik” adı mövzusundan dissertasiya müdafiə edərək iki: 7210.01 – “Fəlsəfə tarixi” və 7213.01 “Dinşünaslıq”, “Mədəniyyətin fəlsəfəsi” ixtisasları üzrə fəlsəfə üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 2012-ci ildə ona Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən “Fəlsəfə tarixi” ixtisası üzrə dosent elmi adı verilmişdir. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Dissertasiya şurasında  “Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı - XX əsrin əvvəlləri)” mövzusunda 5721.01 – Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisası üzrə doktorluq müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2023-cü ildə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə “İlin alimi” fəxri adı verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli Sərəncamı ilə əladədar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın “TƏŞƏKKÜRNAMƏ”si ilə, 2024-cü ildə AMEA Rəyasət Heyətinin 27 Mart – Elm Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə “Təşəkkürnamə” ilə və 14 dekabr 2024-cü ildə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunmuş “Muxtariyyətin 100 ili” müsabiqəsinin “Fəxri fərmanı” ilə təltif edilmişdir. Həmçinin 5 fevral 2025-ci ildə “Endless Light in Science” (“Elmdə Sonsuz İşıq”) Beynəlxalq Tədqiqat Mərkəzi tərəfindən təşkil olunan elmi-pedaqoji müəssisələr arasında keçirilən Beynəlxalq tədqiqat müsabiqəsinin qaliblərindən biri olmuş, müsabiqənin nəticələrinə əsasən, “I dərəcəli diplom” və “Ən yaxşı gənc alim” medalı ilə təltif edilmişdir.

Hazırda O, Naxçıvana məxsus qədim əlyazma mətnlərinin tədqiqi, tərcüməsi və onların elmi-fəlsəfi mahiyyətinin araşdırılmasında mühüm əhəmiyyətli işlər görməkdədir. Bunu alimin Naxçıvana dair əlyazma mətnləri ilə bağlı 180-nə yaxın çap olunan elmi məqaləsindən də görmək olar. Səbuhi müəllim respublika mətnşünaslıq elminin inkişafında zəhmətlə ərsəyə gətirdiyi kitab, monoqrafiya, dərs və metodik vəsaitlərin və ölkədə və xaricdə çap olunan bir sıra elmi məqalənin müəllifidir. “Şərq peripatetizmi və islamda imamilik” (1385-2006), “İsna əşəri (12 imamilik)” (2007), “Munisnamə” (2008), “Yusif və Züleyxa” (2008), “Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhab əd-Dümu” əsərində fəlsəfi düşüncələr I cild” (2009), “Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhab əd-Dümu” əsərində fəlsəfi düşüncələr I-II cild” (2011), “Naxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması” (2011), “Şərq peripatetizm fəlsəfəsində insan amili” (2011), “Heydər Əliyev və əxlaqi dəyərlər” (2013), “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” (2017), “Nemətullah Naxçıvani: XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” (2018), “Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti” (2019), “Naxçıvan əlyazmaları: tədqiqlər” (2021), “Hacı Molla Məhəmməd Naxçıvani “Səhabəd-Dümu” (2022), “Naxçıvan əlyazmalarının mənəvi əsaslarla araşdırılmasının səbəbkarı” (2023) və sair əsərləri bunlara nümunədir.

Səbuhi İbrahimov 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondu, əlyazmaların kataloqlaşdırılması şöbəsində fəaliyyət göstərməklə, Naxçıvanın zəngin tarixi keçmişinə aid qədim əlyazma mətnlərinin öyrənilib dərindən tədqiq edilməsi, onların elmi-fəlsəfi mahiyyətinin araşdırılması, mətnşünaslıq elminin bölgə üçün əhəmiyyətli dərəcədə zəruri olduğu istiqamətində çoxsaylı iş aparır. Həyatının bir hissəsini doğma Azərbaycanımız və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana dair əlyazma mətnlərinin araşdırılmasına həsr edən dosent Səbuhi İbrahimov 55 illik bir müddət ərzində zəngin həyat yolu keçmiş və çoxşaxəli elmi-publisist yaradıcılıqla məşğul olmuşdur. Belə ki, onun Naxçıvana dair əlyazma mətnləri ilə bağlı 180-dən artıq elmi məqaləsi çap edilmişdir. O, ölkə daxili yazıları ilə yanaşı Türkiyə, İran, Rusiya, Almaniya, Hindistan, Ruminiya, İngiltərə, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmrlikləri (Dubay), Kuba Respublikası (Havana) və Quzey Kıbrıs Türk Cumhuriyeti (Lefkoşa) kimi ölkələrdə çıxan nüfuzlu mətbuat səhifələrində, həmçinin o ölkələrin müxtəlif şəhər və vilayətlərində keçirilmiş beynəlxalq konfranslarda iştirak etmiş, həmin ölkələrin elmi jurnallarında məqalələri çap edilmişdir.

İnsan böyük zəhmət hesabına elmi biliklərə yiyələnə bilər. Ancaq mərhəmətli, səxavətli, vicdanlı, dürüst olmaq, əxlaqi dəyərləri qoruyub saxlamaq, onlara əməl etmək insandan daha yüksək mənəvi səy tələb edir. Yəni çalışmaq sayəsində bilik öyrənilə bilər, yüksək insani xarakterləri özündə birləşdirmək isə qəlb məsələsidir. Çox sevindirici haldır ki, Hacı Səbuhi öz şəxsiyyətində hər iki cəhəti – elmi və insanlığı birləşdirə bilmişdir. Şübhəsiz ki, Allahın sevimli bəndəsi olduğu üçün Tanrı onu bu cəhətdən mükafatlandırmışdır. Sevgili peyğəmbərimiz (s) buyurmuşdur ki, “Allah-təalanın qüdrəti ilə elm insan cildinə girə bilsəydi, o, çox sadə, təvazökar bir adam görkəmində olardı”. Allah-təala bu cəhəti – təvazökarlığı da Hacı Səbuhidən əsirgəməmişdir.

O, filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksələn hörmətli bir alim olmaqla bərabər özünün sadəliyi, təvazökarlığı və digər insani keyfiyyətləri ilə onu tanıyanların böyük hörmətini qazanmışdır. İstər yaşadığı Culfa rayonunun Ərəzin kəndində, istərsə də ətraf yaşayış məskənlərində insanların ona necə böyük hörmət və ehtiramla yanaşdığının, diqqət göstərdiyinin şahidi olmuşam. Əlbəttə, ona qarşı bu münasibət heç də birdən-birə yaranmamış, Hacı Səbuhinin uzun illər boyu fəaliyyətinin, insanlara olan xoş münasibətinin nəticəsində əldə olunmuşdur.

Hazırda Hacı Səbuhi mətnşünas alim kimi Naxçıvanın əlyazmalarının tədqiqi ilə məşğul olur. O, elmin bu sahəsində böyük uğurlara imza atmışdır. Naxçıvan Muxtar Respublikasının yaşayış məskənlərindən toplanaraq AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda saxlanan və tədqiqata cəlb olunan əlyazma mətnlərini həvəslə və yorulmadan mətnşünaslıq baxımından öyrənir və elmi dövriyyəyə daxil edir. Alim uzun illərdən bəri üzərində çalışdığı və uğurla müdafiə etdiyi “Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı - XX əsrin əvvəlləri)” adlı doktorluq dissertasiyasını da bu mövzuya həsr etmişdir. Ancaq zəhmətkeş alim təkcə tədqiqatlar aparmaqla kifayətlənmir, bəzi əlyazmaların  tərcüməsi ilə də məşğul olur və gərgin əməyinin məhsulu olan həmin tərcümələri nəşr etdirərək geniş oxucu  auditoriyasına təqdim edir.

“Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı- XX əsrin əvvəlləri)” monoqrafiyası qədim və zəngin tarixə, mədəniyyətə malik olan Naxçıvanın XIX əsrin axırı - XX əsrin əvvəllərinə dair əldə olunmuş elmi, bədii, fəlsəfi və tarixi məzmunlu salnamələrin ilk dəfə olaraq sistemli tədqiqata cəlb olunması baxımından çox mühüm əhəmiyyətə malikdir. Burada “Munisnamə”, “Çərşaspnamə”, “Dilimiz və məktəbimiz”, “Qanlı sənələr”, “Qanlı günlərimiz”, “Səhabəd-Dümu”, “Əqaidi-fəlsəfə”, Heyran xanımın “Divan”ı, C. Məmmədquluzadənin məktubları, “Naxçıvan sancağı” və b. əsərlər filoloji-tekstoloji təhlilə cəlb olunmuşdur. Xüsusilə, əlyazma mətnlərinin atribusiyası, fikrimizcə, çox böyük zəhmət tələb edən və bugünümüz üçün son dərəcə əhəmiyyətli bir işdir. Müəllif bu nəticəyə gəlmişdir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərinə dair Naxçıvan əlyazmaları ərəb əlifbasının müxtəlif xətt növləri ilə yazılmış və həmin əlyazmalar Naxçıvanın ərazisi, əhalisi, toponimləri, etnik tərkibi, elmi, ədəbiyyatı, mədəniyyəti haqqında zəngin məlumat verir. Naxçıvanla bağlı bu əlyazmaları həm naxçıvanlı, həm də əcnəbi müəlliflər qələmə almışlar. Məhz bu baxımdan yanaşıldıqda Naxçıvan əlyazmalarının filoloji-tekstoloji tədqiqi Azərbaycan mətnşünaslığı elminə dəyərli bir töhfədir.

Deyl Karnelqı yazır ki, “Yer üzündə başqa bir insan yoxdur ki, sənin kimi olsun”. Yəni dünyadakı insanların hər biri özünəməxsus xarakterə, dünyagörüşünə malikdir. Təsadüfi olaraq deyilmir ki, hərənin öz aləmi var. Səbuhi müəllimin də aləmində düzlük, dürüstlük, xeyirxahlıq, zəhmətə qatlaşmaq əsas amillərdir. Özünün kimliyini dərk edə bilən insan yaşa dolduqca qəlbi ilə, ürəyi ilə hərəkət edir, gerçəkliyə, faktlara, dəlillərə əsaslanaraq mühiti daha düzgün anlamağa, dərk etməyə çalışır.O, 2011-ci ildən Naxçıvan Özəl Universitetində və 2023-cü ildən Naxçıvan Dövlət Universitetininin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Sosial və ictimai münasibətlər” kafedrasında pedaqoji fəaliyyət göstərir. Səbuhi müəllim əsl pedaqoqdur. Onun müəllimliyində tələbkarlıqla qayğı üzvi bağlılıq təşkil edir. Dərsdə çox ciddi, tələbkar görünən Səbuhi müəllim tələbələri ilə dostluq etməyi bacarır. Onlara dəyərli məsləhətlər verir, elm və həyat yollarında onların əsl qayğıkeşi, yolgöstərəni olur.

Səbuhi Məmmədəli oğlu İbrahimovun 55 yaşı tamam olub. O gözəl arzularla yaşayır. Onu yeni-yeni tədqiqatlar, həyatda daha böyük uğurlar gözləyir. Əminəm ki, biz həmişə onun yeni-yeni tədqiqat əsərləri ilə tanış olacaq, onun gur səsini auditoriyalardan eşidəcəyik. Mən Səbuhi müəllimə gələcək həyatında möhkəm cansağlığı, böyük uğurlar, onu elmin ən uca zirvələrində görməyi arzulayıram!

Bir məsələni xüsusi qeyd etmək yerinə düşərdi ki,  bu da Hacı Səbuhi İbrahimovun milli-mənəvi dəyərlərimizlə həyat tərzi keçirməsidir. Dinimizə olan səmimi bağlılığı onun ən müqəddəs məkanlara – dəfələrlə Həcc, Kərbəla və Məşhəd ziyarətgahlarına getməsidir. Bu da onun elm aləmində olduğu kimi, ictimaiyyətdə də milli-mənəvi dəyərlərimizə bağlı fəaliyyət göstərməsinə gətirib çıxarmışdır. Müqəddəs Qurani-Kərimin 55-ci surəsi Rəhman deyə adlandırılması ilə belə elmi və pedaqoji fəaliyyətinin məhsuldar bir dövründə dosent Səbuhi Məmmədəli oğlu İbrahimovu 55 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür və yeni elmi nailiyyətlər arzulayırıq.

Aygün ORUCOVA, AMEA Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: