Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli intibahın təməli: Ulu Öndər Heydər Əliyevin elm və təhsil strategiyası
14.07.2026 13:00
  • A-
  • A
  • A+

Milli intibahın təməli: Ulu Öndər Heydər Əliyevin elm və təhsil strategiyası

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən genişmiqyaslı elm və təhsil siyasəti Azərbaycanın milli intibahının, dövlət müstəqilliyinin və müasir elmi-intellektual potensialının formalaşdırılmasında mühüm rol oynayıb. Onun istər sovet dövründə, istərsə də müstəqillik illərində yürütdüyü strateji xətt təhsili və fundamental elmi araşdırmaları milli dövlət quruculuğunun təməl prinsiplərindən birinə çevirib.

Bu fikirlər Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun AzərTac-a təqdim etdiyi “Milli intibahın təməli: Ulu Öndər Heydər Əliyevin elm və təhsil strategiyası” məqaləsində yer alıb. Məqalədə bildirilib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkənin iqtisadi və mədəni həyatı ilə yanaşı, elm və təhsil sistemində də dönüş nöqtəsi oldu. Həmin dövrdə respublika rəhbərliyinin qarşısında duran ən mühüm vəzifə keyfiyyətli təhsil mühitinin yaradılması, milli kadr potensialının gücləndirilməsi, elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının yenidən qurulması və elmin istehsalatla əlaqəsinin təmin edilməsi idi.

1969–1982-ci illərdə Azərbaycanda 850-dən çox yeni məktəb binası tikilərək istifadəyə verildi ki, bu da əvvəlki 50 ildə tikilən məktəblərin ümumi sayından xeyli çox idi. Ali təhsil müəssisələrinin şəbəkəsi sürətlə genişləndirildi, tələbələrin ümumi sayı 70 mindən 100 minədək artırıldı və ölkədə 5 yeni müstəqil ali məktəb - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Xankəndi Pedaqoji İnstitutu və Rus dili və Ədəbiyyatı İnstitutu yaradıldı.

“Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar respublikanın ən ucqar nöqtələrində belə savadlılığın kütləviləşməsinə təkan verdi.

Dahi rəhbər Elmlər Akademiyasını daim diqqətdə saxlayır, alimlərin fəaliyyətini yüksək qiymətləndirirdi. 1975-ci ildə Akademiyanın 30 illik yubileyi dövlət səviyyəsində qeyd olundu, onlarla elmi-tədqiqat institutunun laboratoriyaları SSRİ-nin ən son texnoloji avadanlıqları ilə təchiz edildi.

Milli hərbi kadrların yetişdirilməsi istiqamətində də uzaqgörən addım atılaraq, 1971-ci il iyulun 20-də Bakıda respublikanın ilk ixtisaslaşdırılmış hərbi məktəbi – hazırda Cəmşid Naxçıvanski adına internat-məktəb təsis edildi və bu, gələcək müstəqil Azərbaycan Ordusunun peşəkar zabit korpusunun formalaşmasında müstəsna rol oynadı.

1970-ci illərin əvvəllərindən başlayaraq hər il yüzlərlə azərbaycanlı gənc Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev kimi şəhərlərin aparıcı ali təhsil müəssisələrinə göndərilirdi. Heydər Əliyevin təşəbbüsü ilə ümumilikdə 15 mindən çox azərbaycanlı gənc ölkədən kənarda neft mühəndisliyi, fizika, riyaziyyat, kibernetika, astronomiya və digər nadir ixtisaslar üzrə təhsil alaraq respublikanın elmi elitasını təşkil etdilər.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider, müstəqilliyin ilk illərində böhran keçirən Elmlər Akademiyasının qorunub saxlanılmasını dövlətin əsas vəzifələrindən biri elan etdi. O, 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında respublika ziyalıları və elm xadimləri ilə görüşərək “Akademiya Azərbaycan xalqının milli sərvətidir və biz onu qoruyub saxlamalıyıq” bəyanatını verdi.

Sovet sistemindən miras qalmış təhsil modelini dünya standartlarına uyğunlaşdırmaq üçün fundamental islahatlara başlayan dahi rəhbərin 1998-ci il 30 mart tarixli Sərəncamı ilə beynəlxalq standartlara cavab verən proqram hazırlamaq məqsədilə xüsusi dövlət komissiyası yaradıldı və 1999-cu il iyunun 15-də “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” təsdiq edildi.

Azərbaycan elminin statusunun yüksəldilməsi, onun dünya elmi məkanına inteqrasiyası istiqamətində həlledici addım isə 2001-ci il 15 may tarixli Fərmanla atıldı. Bu tarixi sənədlə Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” (AMEA) statusu verildi.

Heydər Əliyevin təhsil və elm fəlsəfəsinin fundamental sütunlarından biri tədrisin, elmi araşdırmaların ana dilində aparılması, milli tarix və ədəbiyyatımızın dərindən öyrənilməsi idi. Dahi rəhbər hələ 1978-ci ildə SSRİ-nin ciddi ideoloji təzyiqlərinə baxmayaraq, Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsinə nail olmuş, müstəqillik illərində isə 2001-ci ilin avqust ayında imzaladığı fərmanlarla ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam və qəti keçidi təmin etmişdi.

“Təhsil millətin gələcəyidir” ideyasını və “Elm hər bir dövlətin müstəqilliyinin təməlidir” prinsipini öz fəaliyyətinin qayəsinə çevirən Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı elm və təhsil strategiyası sovet dövründə gələcək müstəqilliyə ünvanlanmış uzaqgörən siyasət idisə, müstəqillik illərində bu xətt Azərbaycanın davamlı tərəqqisini, beynəlxalq arenada rəqabətədavamlı kadr potensialını və dövlətin intellektual təhlükəsizliyini təmin edən etibarlı zəmanətə çevrildi.

  • Paylaş: