Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

65 yaşlı “Elm və həyat” jurnalında ədəbiyyatın yeri
23.07.2026 13:10
  • A-
  • A
  • A+

65 yaşlı “Elm və həyat” jurnalında ədəbiyyatın yeri

Azərbaycan elmi və mədəni fikrinin inkişaf tarixində xüsusi çəkiyə malik olan “Elm və həyat” jurnalının 65 illik yubileyi yalnız bir mətbuat orqanının yaş göstəricisi sayılmır, eyni zamanda elmi-populyar düşüncənin, milli-mədəni özünüdərkin təkamül yolunun mühüm bir mərhələsini təşkil edir. Jurnal müxtəlif ictimai-siyasi sistemlərin, ideoloji transformasiyaların və texnoloji dəyişikliklərin sınağından uğurla keçərək öz tarixi missiyasını yaşatmağa nail olmuşdur. Nəşrin səhifələrində təbiət və texniki elmlərlə yanaşı, tarix, dilçilik, ədəbiyyatşünaslıq, folklorşünaslıq, fəlsəfə və mədəniyyət məsələlərinə də geniş yer ayrılmışdır. Burada qədim yazıların oxunuşu, Azərbaycan dilinin tarixi, folklor nümunələri, klassik ədəbiyyat, dünya mədəniyyəti, etnoqrafiya və elm tarixinə dair sanballı araşdırmalar, bədii mətnlər müntəzəm şəkildə işıqlandırılmışdır.

Nəşrin fəaliyyətində yubileylərin və görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi də xüsusi aktuallıq kəsb edir. “Yubileylərdən danışarkən jurnalın öz tarixinə də biganə qalmadığını vurğulamaq lazımdır. 2011-ci ildə jurnalın 50 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Həmin ilin ilk sayının üz qabığında yubileylə əlaqədar olaraq 50 yazılıb”. Nəşrin öz keçmişinə göstərdiyi bu ehtiram dialektik inkişafın təzahürü olaraq sonrakı dövrlərdə də rəsmi şəkildə təsdiqini tapmışdır. Eyni buraxılışda AMEA Rəyasət Heyətinin “Elm və həyat” jurnalının 50 illik yubileyi haqqında” Qərarı da oxuculara təqdim olunmuşdur. 2021-ci ilin ilk nömrəsinin üz qabığında jurnalın yubileyi ilə əlaqədar olaraq 60 rəqəmi diqqəti cəlb edir. AMEA Rəyasət Heyətinin 6 aprel 2021-ci il tarixli 9/10 nömrəli “Elm və həyat” jurnalının 60 illik yubileyi haqqında Qərarının mətni də çap edilmiş, “60 yaşın mübarək, “Elm və həyat”!” başlıqlı təbrik mətni dərc olunmuşdur. Son titul səhifəsində nəşriyyat redaktoru vəzifəsində Ülkər Hüseynovanın adı qeyd edilmişdir.

Altmış beş illik fəaliyyət salnaməsi sübut edir ki, “Elm və həyat” Azərbaycan elmi-populyar mətbuatının ən davamlı və nüfuzlu örnəklərindən biridir. 1961-ci ilin yanvarında ilk nömrəsi işıq üzü görən jurnalın üz qabığında sadəcə bir qrif mövcud idi: “Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin orqanı”. 1991-ci ilin mart sayından etibarən isə nəşr “Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin aylıq elmi-kütləvi jurnalı” qrifi ilə işıq görmüş və SSR qısaltması qrifdən kənarlaşdırılmışdır. 1992-ci ilin birinci nömrəsində latın əlifbasının ilkin formasında “Azərbaycan Respublikası Elmlər Akademiyasının aylıq elmi-kütləvi jurnalı” qrifi həkk edilmiş, Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 6 dekabr 1991-ci il tarixli “Elm və həyat” jurnalının Azərbaycan EA-nın tabeliyinə verilməsi haqqında Qərarı ilk səhifədə yer almışdır. 1992-ci ilin aprel-iyun nömrəsinin üz qabığında “Elm və həyat” adı latın qrafikası ilə təqdim olunmuş və bu təmayül 1994-cü ilin ilk sayına qədər davam gətirmişdir. 1995-ci ildən etibarən Ülkər Hüseynova redaktor müavini kimi fəaliyyət göstərmiş və jurnalın redaksiya heyətinə Rəşad Məcidin adı da daxil edilmişdir. 1996-cı ilin ikinci nömrəsinin ilk səhifəsində “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarına Azərbaycan Elmlər Akademiyası illik yığıncağının iştirakçılarının Müraciəti” də verilmişdir.

Bu gün “Elm və həyat” jurnalının redaksiya heyətinin tərkibinə nəzər yetirdikdə orada Çindən, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan, Rusiyadan, Polşadan, Bolqarıstandan, İtaliyadan tanınmış mütəxəssislərin təmsil olunduğu aydın görünür. 2022-ci ilin dördüncü nömrəsindən etibarən jurnal AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin baş redaktorluğu, Ağahüseyn Şükürovun baş redaktor müavinliyi, Sərvan Kərimovun məsul katibliyi ilə ildə dörd dəfə işıq üzü görür. Müasir mərhələdə jurnalda publisistik yazılarla yanaşı, elmi məqalələr də Azərbaycan, rus və ingilis dillərində nəşr edilmək imkanı qazanmışdır.

“Elm və həyat” jurnalı 65 illik nəşr tarixi boyu Azərbaycan ədəbiyyatı və mədəniyyətini sistemli şəkildə təbliğ etmək missiyasını da yerinə yetirmişdir. Nəşrin səhifələrində “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığı haqqında işıq üzü görən silsilə məqalələr milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Yazılı ədəbiyyat nümunələri, həmçinin mətbuat tariximizin önəmli imzaları da jurnalda davamlı olaraq araşdırılan mövzular sırasındadır. “Cəlil Məmmədquluzadənin yaradıcılıq yolu, xüsusilə “Molla Nəsrəddin” jurnalının fəaliyyəti mütəmadi olaraq müxtəlif tədqiqatların mövzusu olmuşdur. “Elm və həyat” jurnalı da bu mövzulara zaman-zaman müraciət etmişdir. Mirzə Cəlilin yüz illik yubileyi 1960-cı illərə təsadüf etdiyindən jurnalın həmin illərdə çıxan nömrələrində bu mövzu xüsusilə qabardılmışdır”. Görkəmli ədibin irsinə bəslənilən belə diqqət, eyni zamanda klassik ədəbi abidələrimizin beynəlxalq miqyasda öyrənilməsi meylləri ilə paralel şəkildə inkişaf tapırdı.

Sovet dövründə Cahangir Qəhrəmanov Nyu-Yorkdakı “Xəmsə” nüsxəsindən bəhs edərək yazırdı: “392 vərəqdən ibarət “Xəmsə”də 48 miniatür çəkilmişdir... Nüsxənin haşiyəsində sonradan edilmiş qeydə əsasən miniatürlərin məşhur Azərbaycan rəssamı Sultan Məhəmməd və onun şagirdləri tərəfindən çəkildiyi məlum olur”. Nizami irsinin vizual sənətdəki bu möhtəşəm əks-sədası dünya muzeylərində qorunan digər nadir eksponatların da elmi dövriyyəyə cəlb edilməsinə zəmin yaradırdı. Bu, sadə statistika təəssüratı bağışlamırdı - bu, bir mədəniyyətin dünyaya səyahətinin sənədli təsdiqi idi. “Məqalədə Con Pirpont Morqanın ev-muzeyi haqqında önəmli bilgilər verilir. Muzeydə toplanan əlyazmaların hamısının Avropa dillərinə aidliyini, yalnız 12 Şərq əlyazma kitabı olduğunu yazır”. Şərq elmi və bədii təfəkkürünün Qərb məkanındakı bu təkzibedilməz izləri digər Avropa kitabxanalarında aparılan axtarışların nəticələri ilə daha da zənginləşirdi. Eyni dövrdə Cənnət Nağıyeva Oksfordun Bodlean kitabxanasında saxlanılan Nizami-Nəvai əlyazmasından söz açırdı. Bu səpkili yazılar jurnalı təkcə milli deyil, ümumşərq mədəniyyətinin carçısına çevirirdi.

1968-ci ilin “Oktyabr sayının üz qabığında Vaqifin rəsmi, qabığın iç tərəfində “Boyun sürahidir” sərlövhəsi ilə “Pəri” qoşması verilmişdir. Nömrənin ilk üç məqaləsi “Molla Pənah Vaqif 250” başlığı ilə yayımlanmışdır. Osman Sarıvəllinin “Molla Pənah Vaqif” məqaləsində şairin öyrənilmə tarixçəsinə nəzər salınmaqla yanaşı, poeziyasının mövzu və janr xüsusiyyətləri də araşdırılmışdır”. Klassik sənətkarın bədii irsinin bu cür dərindən təhlili onun poetik dühasının orijinallığını şərtləndirən amilləri üzə çıxarmağa xidmət edirdi. “Vaqifin sənətkarlıq qüdrəti bir də elə ondadır ki, onun hətta eyni mövzu üzrə, eyni rədif qafiyələrindən istifadə edərək yazmış olduğu şeirlərin hər biri özü özlüyündə müstəqil, orijinal, gözəl sənət əsəridir” - mülahizələri mübaliğədən uzaq, elmi gerçəklik kimi dəyərləndirilməlidir.

1990-cı illərdə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli məfkurə daha qabarıq şəkildə özünü biruzə verdi. 1991-ci ilin aprel nömrəsində üçrəngli bayrağımızın təsviri və “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı jurnalın ideoloji simasını yenilədi. Bu, təkcə siyasi müstəvidə dəyişiklik demək deyildi, həm də ədəbiyyatın yeni intibah nəfəsi idi. 1996-cı ildə Füzulinin 500 illik yubileyi münasibətilə Fərəh Əliyeva yazırdı: “XIX əsrin axırları Şuşada Füzuli poemasından hazırlanmış bir parçanın ilk musiqili tamaşası Qarabağın mədəni həyatında böyük hadisə kimi əks-səda doğurmuşdu”. Şuşanın və Qarabağın mədəniyyət tarixinə aid bu qiymətli sətirlər keçmişlə gələcək arasında sarsılmaz bir körpü rolu oynayır. Bu cümlələr bu gün də eyni əzəmətlə səslənir, çünki onlar sadəcə keçmişin sorağını vermir, həm də bu günün ədəbi-mədəni mübarizəsini rəmzləşdirir.

Jurnalın rəhbərliyini təmsil edən akademik İsa Həbibbəylinin də topluda sanballı tədqiqatları yer almışdır. Onun burada sovet dövründə dərc olunan ilk araşdırması İsa Həbibov imzası ilə yayımlanan “Şeirimizdə ilk sonetlər” məqaləsidir. Məqalədə sonetin tarixi təkamül yolu işıqlandırılmış, janrın Azərbaycan poeziyasında Avropa ədəbiyyatının təsiri altında formalaşma xüsusiyyətləri göstərilmişdir. Müəllif sonetin ilk dəfə XIII əsrdə İtaliyada meydana çıxdığını, formalaşmasında Dante və Petrarkanın müstəsna rolu olduğunu diqqətə çatdırmışdır. “...Abbas Səhhətin “Sınıq saz” (1912), Hüseyn Cavidin “Bahar şəbnəmləri” (1917) şeir kitablarında bir neçə sonetə rast gəlirik” - qeydləri ilə janra müraciət etmiş müəllifləri xüsusilə qruplaşdırmış, “Mən istərim ki”, “Çəkinmə, gül” və bir neçə sonetin xarakterik poetik xüsusiyyətlərini şərh etmişdir.

Müstəqilliyin bərpası mərhələsində isə akademik İsa Həbibbəylinin bu jurnalda işıq üzü görən ilk məqaləsi “Qori seminariyasında Puşkin günləri” başlığı altında təqdim olunmuşdur. Məqalə 1899-cu ildə Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Qafqazda təşkil edilən tədbirin təfərrüatları haqqında məlumatlarla zəngindir. Akademik vurğulayır ki, “Yubiley ədəbi gecəsində A. S. Puşkinin “Yevgeni Onegin”, “Tunc atlı”, “Poltava”, “Ruslan və Lyudmila” əsərlərindən alınmış parçalar bədii qiraət edilmiş, şairin əsərləri əsasında hazırlanmış operalardan seçilmiş hissələr göstərilmişdir. Hesabatlarda bu mahnını ifa edən vokal qrupuna Balkenqut, Vuxrer, Kirilov kimi seminaristlərlə yanaşı, iki nəfər azərbaycanlı tələbənin - Salmanov və Şahsuvarovun da daxil olduğu öz əksini tapmışdır”. Bu qiymətli arxiv faktı regional mədəni inteqrasiyanın və azərbaycanlı ziyalıların ümumdünya mədəni irsinə fəal münasibətinin bariz göstəricisidir. Gətirilən sitat bir əsr öncə Azərbaycan ədəbi-mədəni mühitində cərəyan edən hadisələri işıqlandırmaq baxımından mühüm qaynaq rolunu oynayır.

Akademik İsa Həbibbəylinin 2021-ci ildə “Nizami Gəncəvi İli” münasibətilə qələmə aldığı “Azərbaycan ədəbiyyatının dünya gözəli: Nizami Gəncəvi” məqaləsində dahi sənətkar təkcə klassik Azərbaycan şairi kimi deyil, ümumbəşəri mədəniyyətin görkəmli nümayəndəsi və dünya ədəbi fikrinin zirvə şəxsiyyətlərindən biri kimi təqdim edilir. Müəllif Nizami Gəncəvinin yaradıcılığını bəşəri dəyərlərin daşıyıcısı kimi dəyərləndirərək onun ədəbi irsinin dünya miqyasında əhəmiyyətini elmi əsaslarla şərh edir. Bir il sonra isə o, Xalq rəssamı Ömər Eldarova həsr etdiyi “Əbədi mogikan” adlı yazısında sənətin ölməzlik fəlsəfəsindən söz açır, əsrlərin qovuşduğu estetik nöqtəyə işıq salırdı.

65 illik nəşr tarixi minlərlə məqalənin, yüzlərlə şair və yazıçının, onlarla baş redaktorun fədakar əməyinin məhsuludur.

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında uğurla həyata keçirilən yeniləşmə prosesləri “Elm və həyat” jurnalının fəaliyyət dinamikasına da olduqca müsbət təsir göstərmişdir. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da reallaşdırılan köklü islahatlar elmi nəşrlərin fəaliyyətinin təkmilləşdirilməsi, onların beynəlxalq elmi mühitə inteqrasiyası və müasir qlobal tələblərə uyğunlaşdırılması istiqamətində mühüm, fundamental nəticələr verməkdədir.

Gülnar QASIMLI, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: