Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Dövlətçilik: yeni strateji mərhələ
05.08.2026 13:52
  • A-
  • A
  • A+

Dövlətçilik: yeni strateji mərhələ

III MƏQALƏ

“Oyun” davam edir...

Ölkə coğrafiyasından kənarda və əslində oyun deyil, müasir texnoloji üsullarla müharibə olan hadisəni nəzərdə tuturuq. Ona görə, xüsusi kontekstdə “oyun” sözünü işlədirik ki, həmin savaşın təqdimatı əsl mahiyyətinin maskalanması şərti ilə hiyləgər üsullarla aparılır. Guya söz azadlığından, demokratiyadan, hüquqdan danışırlar, ancaq arxasında tamam fərqli məqsədlər vardır.

Eyni zamanda, son zamanlar Avropada onların Azərbaycan rəsmi şəxsləri ilə “təsadüfi qarşılaşmaları” və ünsiyyətdə olmaları göstərir ki, müəyyən dairələr tərəfindən idarə olunurlar. Bunu verdikləri suallardan, məsələləri birtərəfli təqdim etməyə çalışmlarından aydın görmək olur. Bunlar bizim bu mövzuda təhlil etməyə çalışdığımız məsələ kontekstində nəyi ifadə edir?

Hər şeydən öncə, Azərbaycanın artıq elə bir güc səviyyəsinə çatdığını ki, qlobal miqyasda konkret dairələri çox narahat edir. Onlar Azərbaycan daxilində hər hansı hərbi və ya informasiya təxribatı törədə bilmək imkanlarını minimum hesab edirlər. Əslində, bu imkanları sıfır səviyyəsindədir. Ancaq bizim ayıq-sayıqlığımızın daha da güclənəcəyi şəraitində onlar “sıfırlanacaqlar”.

Deməli, Azərbaycan dövlət kimi müstəqil siyasət yeritmək istiqamətində yeni mərhələyə qədəm qoymuşdur və bunu dünya miqyasında açıq və ya gizli etiraf edirlər. Dostlar sevinir, dost olmaq üçün uzatdığımız əli hələ sıxmaq istəməyən qərəzli dairələr isə pozuculuq etməyə cəhdlər göstərirlər.

Digər tərəfdən, rəsmi Bakı indiki mərhələdə ölkənin birliyi, toplumun bütövlüyü və dövlətçiliyin yeni səviyyədə daha da güclənməsi üçün xarici siyasətində növbəti vəzifələrini dəqiq müəyyən etmişdir. Onlara nail olmaq üçün sistemlı, davamlı fəaliyyət göstərməkdədir. Azərbaycan özü üçün müəyyən etdiyi “yumşaq güc” faktorundan milli maraqlar əsasında ağılla yararlanmaqdadır.

Onu vurğulayaq ki, bir sıra ölkələr C.Nayın ABŞ üçün daxil etdiyi bu incə mənalı anlayışı kor-koranə tətbiq etməyə çalışır və uğursuz olur. Azərbaycan rəhbərliyi isə onun dövlətimiz üçün faydalı ola biləcək substantiv və funksional aspektlərini dərinliklərinə qədər təhlil edərək, konkret qənaətlər əldə etmişdir. Onun əlamətini həm yeridilən siyasətin taktikası ilə strategiyasının müstəqil dövlətçilik kontekstində ahəngdarlığında, həm də məharətli diplomatik gedişlərin praktiki müstəvidə verdiyi töhfələrin məzmununda görürük.

Son nümunələrdən birinə baxaq.

Azərbaycan liderinin Qırğızıstan səfəri

Azərbaycan dövlətçilik strategiyasının yeni mərhələsi aspektində bu, adi səfər deyildi. Bakı Türk dünyasını sözdə və populizmdə deyil, təmkinli, ölçülü-biçili, müasir beynəlxalq hüququn normalarına tam uyğun pozitiv mənada birləşdirməkdə davam edir. Prezident İlham Əliyevin qarşılanması mərasiminin fəlsəfəsindən tutmuş, tədbirlərdə apardığı müzakirələrdə son dərəcə diqqət və hörmətlə dinlənilməsinə qədər hər bir məqamda milli maraqlarımızın gerçək təntənəsini gördük. Olduqca əhəmiyyətlidir ki, bunu Çolpon-Ataya toplaşmış Mərkəzi Asiyanın 5 dövlət başçısının hər biri daxildən qəbul etdilər və qürurlarını gizlətmədilər.

Azərbaycan dövlətçilik strategiyası üçün çox önəmli olan bir məqamı mütləq medianın gündəminə gətirməliyik. Onu şərti olaraq “geosiyasi inteqrasiyanın Əliyev formulu” adlandıraq. Biz, “Xalq qəzeti”ndə geosiyasətdə “Əliyev üçbucaqları” adlandırdığımız əməkdaşlıq platformasının təhlilini verməyə çalışmışıq. İndi bəhs etdiyimiz “geosiyasi inteqrasiyanın Əliyev formulu” eyni semantik sahədə, lakin daha foksulanmış fəaliyyətin siyasi-diplomatik bəhrəsini ifadə edir. Həmin aspekt üzərində geniş dayanaq.

“Geosiyasi inteqrasiyanın Əliyev formulu”

Bu anlayış konkret olaraq “TDT+” ilə “C5+1”in qarşılıqlı əlaqəsinin geosiyasi aspektdə struktur-funksional ahəngdarlığına aiddir. Onun motivəedici gücü Azərbaycandır. Qarşılıqlı münasibətlərin “ana mənası” Tacikistanın tam olaraq bu iki platformanın mərkəzi əlaqələndirici faktoru olmasıdır. Nəhayət, strateji kontekstdə “TDT+” + “C5+1” = yeni interqasiya” mümkün formulunda Pakistan və Əfqanıstanın oynayacağı rolun üfüqlərinin görünməsi çox önəmlidir. Bunu Çolpon-Ata müzakirələrində konkret olaraq Əfqanıstandan bəhs edilməsi məqamından və qardaş Pakistanın çoxdandır ki, “TDT+” ruhunda addımlar atması reallığından görmək çətin deyildir.

Üç səbəbdən bu perspektivli “etnoeynilik+bəşərilik” interqasiyasını “Əliyev formulu” (və ya təşəbbüsü) adlandırırıq.

Birincisi, Azərbaycan Prezidenti bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyəti və mənası olan 3 strateji sənədin ərsəyə gəlməsində başlıca rol oynamışdır. Onlardan birincisi, Şuşa Bəyannaməsidir, ikincisi, Qarabağ Bəyannaməsidir və üçüncüsü Azərbaycan–Türkiyə–Pakistan Laçın srateji əməkdaşlıq sənədidir.

İkincisi, Azərbaycan Prezidentinin davamlı, konkret məqsədli və sistemli siyasi-diplomatik fəaliyyəti sayəsində öncə Mərkəzi Asiya dövlət başçıları, ona paralel olaraq, ABŞ də daxil olmaqla bütün Qərb siyasi elitası Azərbaycanın Mərkəzi Asiya regionu üçün çox ciddi rol oynadığını qəbul etdi. Onun göstəricisi məhz Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə tamhüquqlu üzv qəbul edilməsidir. Bu sənədin əsasında müasir geosiyasi inteqrasiyanın regionlararası səviyyəsi üçün olduqca vacib olan “C6” formulu meydana gəldi.

Üçüncüsü, “TDT+” formulu ilə “C5+1” platformasının vahid strateji viziyon aspektində geosiyasi anlam kəsb etməsində Prezident İlham Əliyevin xarici siyasətinin prioritet istiqamətlərini reallaşdırması məntiqinin xüsusi yeri və rolu vardır. Bu prosesdə Azərbaycanın həm TDT çərçivəsində təşəbbüs etdiyi proqramların həyata keçməsi (məsələn, “Türk dünyası həftəsi” və s.), həm də Mərkəzi Asiya istiqamətində atdığı addımlar ayrıca yer tutmaqdadır.

Vurğulanan məqamlardan belə qənaət əldə edirik ki, “TDT+” formulu ilə “C5+1” geosiyasi inteqrasiyasının “geosiyasi inteqrasiyanın Əliyev formulu” adlandırılmasının ciddi faktiki əsasları mövcuddur. Bu qənaətlərdən iki mühüm nəticə çıaxara bilərik.

Güclənən Azərbaycanın informasiya siyasəti

Əlbəttə, yuxarıda vurğuladığımız və daha geniş geosiyasi məkanda Azərbaycanın dövlətçilik strategiyasının möhür vurduğu proseslər bizimlə dost olmaq istəməyənləri quduzlaşdıra bilər. O cümlədən, müxtəlif gəlişigözəl ibarələr altında rəsmi Bakını əsası olmayan məsələlərdə ittiham etmək həvəsində xaricdəki blogerlərdən istifadə etməyə daha çox cəhdlər gəstərə bilərlər. Ancaq Almaniya da daxil olmaqla Avropadakı əyani situasiyalar göstərir ki, Azərbaycan artıq coğrafi sərhədlərindən uzaqlarda da dövlətçiliyinin ana xəttini qorumaq kursunu seçmişdir və bu prosesdə uğurlu olması üçün ciddi əsasları vardır.

Artıq heç bir informasiya vasitəsi sərbəst olaraq Azərbaycan dövlətçiliyinə şər-böhtan ata bilməyəcək – mütləq ciddi əks-həmlə ilə qarşılaşacaq. Ola bilsin ki, bu proses bir qədər çəksin, lakin indidən aydındır ki, Azərbaycan ən müasir texnologiyalardan da yararlanmaqla böyük bir informasiya savaşı cəbhəsi açmışdır. Ölkəmiz və cəmiyyətimiz bu burulğandan qorunmaq üçün “kiber çətirə” malikdir.

Digər nəticə ondan ibarətdir ki, Azərbaycanın yeni dövlətçilər zümrəsinin bu məsələdə daha da fəal olması ehtiyacı aydın görünür. Xüsusuilə, cəmiyyətin bütövlüyünü müasir şərtlər fonunda təmin etmək daha güclü birlik tələb edir. Burada aparıcı rolu, təbii ki, yeni dövlətçilər zümrəsi oynamalıdır. Lakin əsas sual bundan sonra yaranır: həmin rolu necə oynamalıdır? Bunu müəyyən etməyin meyarları vardırmı?

Dövlətçilik elm və media işığında

Son zamanlar çox sevindirici bir tendensiyanı müşahidə edirik: akademik səviyyədə elmin dövlətçiliyin inkişafı perspektivləri kontekstində fəallığı daha da artmışdır. Çox yaxşı haldır ki, artıq media da bu prosesi əvvəlki mərhələlərdə olduğu kimi populist mövqedən deyil, getdikcə daha ağırlıqlı elmi mövqedən işıqlandırır.

Nümunə kimi AMEA prezidentinin “Ərdəbil həftəsi”ndəki çıxışının və bir sıra akademikin (əsas olaraq, akademik Rasim Əliquliyevin) süni intellekt, kibertəhlükəsizlik, ən müasir infrormasiya-kommunikasiya vasitələrinin cəmiyyətin təhlükəsizliyinin təminində iştirakının yeni səviyyəyə yüksəldilməsi üçün elmi təhlillərinin təqdimatını göstərə bilərik. Bundan başqa, Azərbaycan universitetlərinin dünya reytinqlərində əldə etdikləri nailiyyətlərin mütəmadi işıqlandırılması (bir sıra neqativ münasibəti çıxmaq şərti ilə) mühüm göstəricidir.

Bu nümunələr bizim bir neçə dəfə ifadə etdiyimiz “Azərbaycan ziyalılığı = elm+təhsil+mədəniyyət+jurnalistlər” formulunun nə dərəcədə səmərəli ola biləcəyini əks etdirir. Bu ziyalılıq formulunda yeni dövlətçilər zümrəsinin aparıcı yer tutması və həlledici rol oynaması mühüm şərtdir!

Bunlarla yanaşı, vurğulanan praktiki və müsbət nəticəverici kollektiv fəaliyyətin yaranması üçün bir əsas şərtin ödənməsi zəruridir. Yəni “həmin kollektiv fəaliyyəti birləşdirə biləcək, onu motivəedəcək və uğura aparacaq başlıca ideya, konsept və konsepsiya nədən ibarət olmalıdır” sualına adekvat cavab tapmaq gərəkdir.

Müstəqillik dövründə azərbaycançılıq

Azərbaycanın ibtidaidən tutmuş möhtəşəm imperiya mərhələsinədək tarixinin hər anı əzizdir, qiymətlidir və bu gün mənəviyyatımızda, siyasətimizdə yeri və rolu böyükdür. Ancaq tarix sübut edir ki, bugünündə gələcəyinin obrazını görə bilməyən qövmün perspektivi yoxdur. Gələcəyin obrazı isə perspektivli ideya, konsept və konsepiyanın indinin tələblərinə uyğun müəyyən edilməsi əsasında yarana bilər. Çünki gələcək indinin üzərində bərqərar olur. Ancaq Zaman keçmişi indiyə daşıdığından (Yaşar Qarayev) bugünün hər anındakı ritmində keçmişin döyüntüsü də vardır.

Dövlət quruculuğunda onun əlaməti keçmişi nəzərə almaqla gələcək naminə indini mövcud tələblərə uyğunlaşdıran ideya həlledici rol oynamasındadır. Bu prizmada Azərbaycanın imperiya keçmişini nəzərə almaqla bugünün tələblərinə cavab verən ideya, konsept və konsepsiyanı müəyyən etməklə dövlət və cəmiyyət quruculuğunun perspektivli modelini hazırlamaq zəruridir. Həmin perspektivli nümunəni Ulu öndər Heydər Əliyev hazırlamışdır və o, hazırda Prezident İlham Əliyev tərəfindən sistemli dövlət quruculuğu kursunda həyata keçirilir. O ideya “Azərbaycan”, ideologiya isə “azərbaycançılıq”dır!

Azərbaycançılıq məfkurəsi fonunda Heydər Əliyev–İlham Əliyev dövlət quruculuğu kursunu inkişaf etdirmək ümumcəmiyyət və dövlət vəzifəsidir. Bu xətdən kənara çıxmaq heç bir halda fayda verə bilməz, uğura aparmaz. Deməli, bütün müzakirələrin, tədqiqatların, fəaliyyət preinsiplərinin mərkəzində və strateji məqsədində azərbaycançılıq aparıcı yer tutmalı, həlledici ictiqamətverici rol oynamalıdır!

Məsələnin bu tərəfi ön sıraya Azərbaycançılığın fəlsəfi və elmi adekvat dərkini çıxarır. Onun akademik səviyyədə dərindən tədqiqi vacibdir. Həmin tezis prizmasında Azərbaycançılıq və onun əsas prinsiplərinin fəlsəfi və elmi dərkinin böyük əhəmiyyəti bir daha aydın görünür. Problemin bu aspekti üzərində ayrıca geniş və dərindən dayanmaq lazımdır. Bunu həmin mövzuya həsr olunacaq silsilə yazılarımızda reallaşdırmağa çalışacağıq.

Füzuli QURBANOV,

XQ-nin analitiki,

fəlsəfə elmləri doktoru

  • Paylaş: