Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Vətəndaş və ziyalı mövqeyindən
05.08.2026 22:00
  • A-
  • A
  • A+

Vətəndaş və ziyalı mövqeyindən

Hörmətli oxucu! Bu yazını yazmağa məni sövq edən son aylarda kütləvi informasiya vasitələrində elmimizin baş məbədgahı olan Azərbaycan Milli Elmlər Akademiyasına, ayrı-ayrı alimlərə qarşı yersiz hücumlardır. Çox təəssüf edirəm ki, bəzi qeyri-peşəkar, eşitdikləri xəbəri, yaxud konkret hadisəni tam araşdırmadan, onlar haqqında kifayət qədər səriştəli məlumata malik olmadan və ya buna adi savadı çatmayan bəzi jurnalistlər elmimiz qarşısında mühüm xidmətləri olan Milli Elmlər Akademiyası və görkəmli alimlərimiz haqqında heç bir fakta və dərin təhlilə əsaslanmayan xoşagəlməz fikirlər tirajlayırlar. Bununla da ictimai rəyi bəlkə də bilərəkdən təhrif etməyə, çaşdırmağa çalışırlar.  Odur ki, özümə borc bilirəm bu məsələyə bir qədər aydınlıq gətirim.

Son üç ildən artıq dövrdə Milli Elmlər Akademiyasında ardıcıl və genişmiqyaslı yeniləşmə proseslərinin həyata keçirilməsi davam etdirilməkdədir. Milli Elmlər Akademiyasında bütün istiqamətlər üzrə “Yeniləşən Akademiya uğrunda” devizi ilə məqsədyönlü və sistemli iş aparılır. Akademiya davamlı və dayanıqlı ənənələri yaşadıb yaradıcı şəkildə inkişaf etdirməklə bərabər, sözün həqiqi mənasında dəyişmiş və yeniləşmişdir. Elmi tədqiqat institutlarının adları və funksiyaları, elmi istiqamətləri yeniləşdirilmiş, daxili imkanlar əsasında qırxdan çox yeni elmi-tədqiqat şöbəsi yaradılmışdır.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin yorulmaq bilməyən çoxşaxəli fəaliyyəti  vətənin və xalqın elmi və mədəni inkişafına yönəlib. O, milli mənafeyi və müstəqil dövlətçilik maraqlarını hər şeydən üstün tutan,  eyni zamanda, sözün əsl mənasında islahatçı olan tanınmış və təcrübəli alim, fədakar elm təşkilatçısıdır. Eyni zamanda, onun bütün fəaliyyətində qlobal düşüncə, konkret aydın mövqe, möhkəm iradə, ardıcıllıq, islahatçılıq və yeniləşməyə üstünlük vermək aşkar müşahidə edilir. İlk növbədə özünə, sonra ətrafındakılara  qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi və əlbəttə ki tükənməz enerji İsa Həbibbəylinin fəaliyyətini səciyyələndirir. O, istedadlı gənclərin və peşəkarların hamisi və xeyirxahıdır. İsa müəllim əsl milli azərbaycanlı ruhunun daşıyıcısıdır. AMEA postsovet məkanında ilk dəfə olaraq öz tərkibində Gənclər Akademiyası yaratmışdır.

Məlumdur ki, yaşadığımız son onilliklərin keşməkeşləri Azərbaycan elminə və onun baş məbədi olan AMEA-ya da ciddi təsir göstərmişdir. 90-cı illərdən başlayan böhran, tənəzzül prosesləri uzun illər müşahidə olunurdu. Bu illər ərzində elmimizin baş məbədgahına görkəmli alimlər rəhbərlik etsələr də, bir sıra səbəblərdən köklü dönüşə nail olmaq mümkün ola bilməzdi. Lakin 2022-ci ilin oktyabr ayında akademik İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildikdən sonra dövlət başçımızın böyük dəstəyi ilə Akademiyada ciddi dönüş baş verməkdədir. Mən Elmlər Akademiyasında 1977-ci ilin avqust ayından çalışıram. Bütün səmimiyyətimlə və məsuliyyətlə deyə bilərəm ki, burada çalışdığım 49 il ərzində belə fədakar, zəhmətkeş, tükənməz  enerji ilə çalışan, yeniliklərə açıq və çevik islahatçı rəhbər az olmuşdur.

Artıq bir neçə ildir ki, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da genişmiqyaslı islahatlar aparılır. Əsas məqsəd Azərbaycan elminin milli maraqlara, dövlətimizin mənafelərinə, dünya elm məkanına inteqrasiyası və idarəetmənin təkmilləşdirilməsindən, yeniləşdirilməsindən ibarətdir. Hazırda Akademiyada beynəlxalq əməkdaşlıq genişlənir, AMEA aparatı və institutların strukturu yeniləşdirilir, süni intellektin və elektron xidmətlərin inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Artıq aparılan islahatların, görülən böyük  işlərin mühüm nəticələri göz önündədir. Milli Elmlər Akademiyası formaca və məzmunca yeniləşməkdə davam edir. Akademiyanın elmi prioritetləri sırasına ədəbi-tarixi şəxsiyyətlərin araşdırılıb öyrənilməsinə yenidən qayıdış, dünya elmi qurumları ilə əlaqələrin genişləndirilməsi, türkologiyanın inkişaf etdirilməsi, Qərbi Azərbaycan tədqiqatlarının aparılması, Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin tədqiqinin ön mövqeyə çıxarılması istiqamətlərində mühüm nəticələr əldə olunmuşdur. Milli Elmlər Akademiyasının Rəqəmsal Arxitekturası yaradılmışdır. Elektron kitabxana, Elektron arxiv, Humanitar və İctimai Elmlərin rəqəmsallaşdırılması, Süni intellektin tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. AMEA özünün bütün tarixi ərzində ilk dəfə olaraq bir neçə mötəbər beynəlxalq elmi təşkilatın üzvlüyünə qəbul edilmişdir və s.

Bütün deyilənləri nəzərə alaraq, hörmətli jurnalist cameəsindən xahiş edirəm: Azərbaycan elminin taleyi barədə narahat olmasınlar. O, etibarlı əllərdədir! Azərbaycan alimləri Milli Elmlər Akademiyasının mənafeyini və ideallarını dərindən başa düşür və elmimizin keşiyində durmağı özlərinin müqəddəs borcu hesab edirlər.

Gövhər BAXŞƏLİYEVA, AMEA Şərqşünaslıq İnstitutunun direktoru akademik

“525-ci qəzet”

  • Paylaş: