Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İradə Hüseynova: Yaşıl zəka elm, süni intellekt və biologiyanın vəhdətidir
10.09.2026 15:42
  • A-
  • A
  • A+

Akademik İradə Hüseynova: Yaşıl zəka elm, süni intellekt və biologiyanın vəhdətidir

İqlim dəyişiklikləri su ehtiyatlarının azalması, temperatur rejimində ciddi dəyişikliklər, quraqlıq, təbii hadisələrin intensivləşməsi, ekosistemlərin dayanıqlığına və kənd təsərrüfatına təhdidlərin artması ilə müşayiət olunur. Bu proseslərin öyrənilməsi və onların nəticələrinin aradan qaldırılmasında biologiya, süni intellekt və rəqəmsal texnologiyaların imkanlarından istifadə böyük əhəmiyyət daşıyır.

Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun direktor vəzifəsini icra edən akademik İradə Hüseynova deyib.

“İqlim dəyişiklikləri artıq həyatımıza daxil olub və günümüzün reallığıdır. Su ehtiyatlarının azalması, temperatur rejimində ciddi dəyişikliklər, quraqlıq, təbii hadisələrin intensivliyinin artması, ekosistemlərin dayanıqlığına və kənd təsərrüfatı istehsalına təhdidlərin güclənməsi bu prosesin əsas nəticələrindəndir. Bu dəyişiklikləri gündəlik həyatımızda müşahidə edirik və proseslər kifayət qədər sürətlə gedir.

Qlobal göstəricilər də vəziyyətin ciddiliyini göstərir. 2015–2025-ci illər müşahidə tarixinin ən isti 11 ili olub. 2025-ci il isə ən isti illər sırasında yer alıb. Okeanların istilik tutumu rekord həddə çatıb, dəniz səviyyəsinin artımı sürətlənib. Ekstremal istilər, intensiv yağıntılar, yanğınlar və digər hadisələr ciddi sosial-iqtisadi risklər yaradır.

Azərbaycanda da iqlim dəyişikliklərinin təsirləri müşahidə olunur. Son 25 ildə orta illik temperatur 1,1 dərəcə Selsi artıb. Yağıntıların azalması, isti-quru küləklərin və quraqlıq dövrlərinin artması, dolu hadisələrinin intensivləşməsi, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi kimi proseslər bunun göstəriciləridir.

Müasir elm artıq yalnız hansı növün harada yaşadığını deyil, həmin növün iqlim dəyişməsinə necə cavab verdiyini, adaptasiya potensialını hansı genetik müxtəlifliyin formalaşdırdığını və davamlılığın molekulyar əsaslarını araşdırır. Bu baxımdan molekulyar biologiya ilə ekologiya arasında yeni elmi əlaqələr yaranır.

Yaşıl zəkanın əsas istiqamətlərindən biri iqlim dəyişikliklərinin süni intellekt və rəqəmsal texnologiyalarla birlikdə öyrənilməsidir. Peyk məlumatlarının emalı iqlim və ekoloji proseslərin real vaxt rejimində monitorinqinə imkan verir. Süni intellekt isə erkən xəbərdarlıq sistemlərinin qurulması və daha dəqiq idarəetmə qərarlarının qəbulunda mühüm rol oynaya bilər.

Süni intellektin enerji sektorunda tətbiqi ağıllı şəbəkələrin yaradılmasına, kənd təsərrüfatında dəqiq suvarmanın təşkilinə, xəstəlik və zərərvericilərə qarşı daha səmərəli mübarizəyə imkan verir. Ekologiyada süni intellektdən biomüxtəlifliyin monitorinqində, molekulyar biologiyada isə genetik müxtəlifliyin daha dərindən öyrənilməsi və mühafizəsində istifadə oluna bilər.

Genomika və biotexnologiyanın inkişafı iqlim dəyişikliklərinə davamlı sortların yaradılması üçün yeni imkanlar açır. Mikrobiom tədqiqatları torpaq və bitkilərin davamlılığının öyrənilməsinə və artırılmasına xidmət edə bilər. Rəqəmsal texnologiyaların tətbiqi isə daha az resursdan istifadə etməklə daha yüksək səmərəliliyə nail olmağa imkan verir.

Azərbaycanın müxtəlif iqlim və landşaft zonaları, zəngin biomüxtəlifliyi və genetik ehtiyatları ölkəmizi böyük təbii elmi laboratoriyaya çevirir. Qarşıda duran əsas vəzifələr bioloji və genetik ehtiyatların müasir metodlarla öyrənilməsi, rəqəmsal məlumat bazalarının yaradılması və uzunmüddətli monitorinq sistemlərinin formalaşdırılmasıdır. Omiks yanaşmaları və süni intellektəsaslı məlumat analitikası iqlim dəyişikliklərinin bioloji təsirlərinin öyrənilməsi və uyğunlaşma strategiyalarının hazırlanmasında mühüm alətlərə çevrilir”, – deyə akademik İradə Hüseynova bildirib.

Akademik, həmçinin qeyd edib ki, Azərbaycanda dayanıqlı inkişaf və Günəş enerjisindən istifadə məsələləri üzrə elmi tədqiqatlar yeni deyil. Onun sözlərinə görə, 2011-ci ildə Bakıda 35-dən çox ölkədən 400-dən artıq nümayəndənin iştirakı ilə “Davamlı inkişaf naminə fotosintez tədqiqatları”, 2013-cü ildə isə akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Davamlı inkişaf naminə fotosintez və biologiya tədqiqatları” mövzusunda beynəlxalq konfranslar keçirilib. Bu tədbirlərdə Günəş enerjisindən istifadə və fotosintez prosesinin dayanıqlı inkişaf məqsədləri üçün tətbiqi ilə bağlı məsələlər araşdırılıb.

AzərTac

  • Paylaş: