Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan tarixşünaslığında Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb
02.10.2026 11:50
  • A-
  • A
  • A+

Azərbaycan tarixşünaslığında Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “Qarabağın Alban abidələrinin arxeoloji tədqiqi: yekunlar və vəzifələr” mövzusunda aparılan müzakirələrdə çıxış edən AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Qafqaz Albaniyasının tarixi, albanların etnik və dini transformasiyası, dövlətin ərazisi, dili, dini və maddi-mədəni irsi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Alim 705-ci ildə sonuncu Alban hökmdarının xilafətin mərkəzi Samarraya aparılaraq edam edilməsi ilə Alban dövlətinin mövcudluğuna son qoyulduğunu bildirib. Kərim Şükürov vurğulayıb ki, albanlar müxtəlif tayfa birliklərini özündə birləşdirən konfederasiya olub və dövlətin süqutundan sonra da bu əhali müxtəlif tarixi proseslərin təsiri altında yaşamağa davam edib.

O qeyd edib ki, IX əsrin ortalarında Ərəb xilafətinin zəifləməsi və parçalanmasından sonra Azərbaycanda ilk müsəlman dövlətləri meydana gəlib. Bu dövrdə Alban çarlığının bərpası uğrunda mübarizə də başlayıb. Kərim Şükürov bildirib ki, bu prosesin ən mühüm mərhələlərindən biri XII əsrin sonu – XIII əsrin əvvəllərində yaranan Alban-Xaçın knyazlığı ilə bağlıdır. Alim Gəncəsər monastırının inşasına XIII əsrdə başlanıldığını və Alban-Xaçın knyazlığının sonrakı dövrdə parçalanaraq beş məlikliyə çevrildiyini deyib. O vurğulayıb ki, Qarabağın dağlıq hissəsində mövcud olmuş bu məlikliklərin yalnız erməni məliklikləri kimi təqdim olunması tarixə birtərəfli yanaşmadır.

Kərim Şükürov 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə kütləvi köçünün başladığını, sonrakı proseslər nəticəsində həmin ərazilərdə yaşayan alban əhalisinin de-etnikasiya prosesinin baş verdiyini bildirib.

Ərazi məsələsinə toxunan natiq qeyd edib ki, Azərbaycan tarixşünaslığında Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb. Professor Kərim Şükürov Albaniyada xristianlığın yayılmasının tarixinin xüsusi araşdırılmasının vacibliyini qeyd edib. Kərim Şükürov bu məsələlərin araşdırılmasında akademik Ziya Bünyadovun xidmətlərini xüsusi vurğulayıb. O, Ziya Bünyadovun VII–IX əsrlərdə albanların qriqoryanlaşması və sonrakı etnik proseslərlə bağlı konsepsiyasının Azərbaycan tarixşünaslığında mühüm yer tutduğunu deyib.

Alim albanların özlərini alban kimi identifikasiya etməsinə dair tarixi sənədlərin də mövcud olduğunu bildirib. O, 1701-ci ildə albanların I Pyotra müraciət edərək özlərini alban kimi təqdim etdiklərini qeyd edib.

Abidələr məsələsinə toxunan alim bildirib ki, Alban irsi yalnız eramızdan əvvəl IV əsrdən eramızın 705-ci ilinə qədər mövcud olmuş dövlətin abidələri ilə məhdudlaşmır. Onun sözlərinə görə, sonrakı dövrlərə aid alban xristian abidələri də XIX əsrə qədər gəlib çatıb və bu irsin sistemli şəkildə öyrənilməsi zəruridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: