İqlim dəyişmələri və qlobal istiləşmə bitki örtüyünə, biomüxtəlifliyə və ekosistemlərin davamlılığına ciddi təsir göstərir. Bu təsirlərin öyrənilməsi və iqlim dəyişmələrinin proqnozlaşdırılması üçün uzunmüddətli monitorinqlərin aparılması böyük əhəmiyyət daşıyır.
Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri biologiya elmləri doktoru, professor Elşad Qurbanov deyib. Professor diqqətə çatdırıb ki, qlobal istiləşmənin əsas səbəblərindən biri antropogen təsirlərdir. Meşələrin qırılması, otlaq və kənd təsərrüfatı sahələrinin genişləndirilməsi, karxanaların artması və digər insan fəaliyyəti nəticəsində ekoloji tarazlıq pozulur.
“Qlobal istiləşmənin qarşısının alınmasında bitkilərin mühüm rolu var. Fotosintez prosesi atmosferdə oksigen balansının qorunmasına və karbon emissiyalarının azalmasına xidmət edir. Bitkilər fotosintez zamanı karbon qazını mənimsəyərək atmosferdə karbonun miqdarının tənzimlənməsində mühüm rol oynayırlar.
İqlim dəyişmələrinin bitkilərə təsirini öyrənmək üçün ilk növbədə nadir və endemik növlərin müasir yayılma areallarının xəritələndirilməsi, iqlim dəyişmələrinə həssas növlərin müəyyənləşdirilməsi və uzunmüddətli fitosenoloji monitorinq sahələrinin yaradılması vacibdir.
Temperatur və yağıntı göstəricilərinin fitosenoloji məlumatlarla əlaqələndirilməsi iqlim dəyişmələrinin proqnozlaşdırılmasına imkan verə bilər. Müşahidələr göstərir ki, yağıntının miqdarı bitkilərin yerüstü məhsuldarlığına birbaşa təsir edir. Buna görə də uzunmüddətli müşahidələrin aparılması böyük əhəmiyyət daşıyır.
Məsafədən zondlama texnologiyalarından istifadə etməklə bitki örtüyündə baş verən dəyişiklikləri, o cümlədən növ tərkibini, bitkilərin boy artımını və gövdələrinin inkişafını izləmək mümkündür. Eyni zamanda, yaylaq və qışlaq otlaqlarının xəritələndirilməsi mühüm istiqamətlərdəndir.
Azərbaycan zəngin flora və müxtəlif iqlim şəraitinə malik ölkədir. Bu təbii potensialın qorunması üçün iqlim dəyişmələrinin bitkilərə təsirinin sistemli şəkildə öyrənilməsi, monitorinqlərin aparılması və əldə olunan məlumatlar əsasında elmi proqnozların hazırlanması vacibdir”, – deyə professor Elşad Qurbanov bildirib.