Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tubuxanım Qasımzadə: Elmi nəticələr real həyatda dəyişiklik yaratmalıdır
10.09.2026 16:38
  • A-
  • A
  • A+

Tubuxanım Qasımzadə: Elmi nəticələr real həyatda dəyişiklik yaratmalıdır

Yaşıl zəka və süni intellektin inkişafı elmi biliklərin cəmiyyətə daha aydın və əlçatan formada çatdırılmasını, elmi nəticələrin praktiki faydasının nümayiş etdirilməsini zəruri edir.

Bu fikirləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda AMEA Rəyasət Heyəti Aparatının şöbə müdiri biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə deyib.

“Yaşıl intellekt: elmin fənlərarası populyarlaşdırılmasının yeni drayveri” mövzusunda çıxış edən alim deyib: “Yaşıl süni intellekt anlayışı süni intellekt sistemlərinin ekoloji prinsiplərə uyğunlaşdırılmasını nəzərdə tutur. Bu istiqamətdə enerjiyə qənaət edən alqoritmlərin, karbon-neytral hesablama yanaşmalarının, eləcə də iqlim və bioloji sistemlər üçün proqnozlaşdırıcı analitika imkanlarının inkişafı böyük əhəmiyyət daşıyır.

Alimlərin əsas vəzifələrindən biri mürəkkəb elmi nəticələri cəmiyyətə aydın şəkildə çatdırmaq və onların praktiki faydasını göstərməkdir. Elmi bilik yalnız elmi ictimaiyyət daxilində qalmalı deyil, insanların gündəlik həyatına və qərarlarına təsir göstərməlidir.

Gənclər arasında yaşıl zəka təşəbbüslərinin inkişafında iki istiqamət xüsusi əhəmiyyət daşıyır. Bunlardan biri intellektual yarışlar və bilik müsabiqələri, digəri isə ekoloji dünyagörüşünün formalaşdırılmasıdır. Belə təşəbbüslər gənclərin ətraf mühit, iqlim dəyişmələri və davamlı inkişaf məsələlərinə münasibətinin formalaşmasına xidmət edir.

Bu gün alimin fəaliyyətinin yalnız “Scopus” və ya “Web of Science” kimi elmi indeksləşmə sistemlərində məqalə dərc etdirməklə məhdudlaşması düzgün yanaşma deyil. Əgər yaşıl enerji, biomüxtəliflik və digər istiqamətlərdə aparılan tədqiqatların nəticələri real həyatda dəyişiklik yaratmırsa, onların cəmiyyətə təsiri məhdud qalır. Elmi biliklərin populyarlaşdırılması tədqiqatçının peşəkar fəaliyyətinin və sosial məsuliyyətinin mühüm hissəsinə çevrilməlidir.

Elmi biliklərin cəmiyyətə çatdırılması üçün podkastlar, elmi “stand-up”lar, məlumatların vizuallaşdırılması, infoqrafikalar və fikir liderləri ilə əməkdaşlıq kimi müasir kommunikasiya vasitələrindən istifadə etmək mümkündür. Mürəkkəb karbon izi modellərinin və digər elmi nəticələrin sadə dildə izah edilməsi alimin kommunikasiya bacarığının göstəricilərindən biri olmalıdır.

Vətəndaş elmi – “Citizen Science” yanaşması da bu baxımdan mühüm imkanlar yaradır. İnsanların smartfonlar və rəqəmsal platformalar vasitəsilə elmi layihələrə cəlb edilməsi onların elmi proseslərdə iştirakını artırır. Su monitorinqi, flora və faunaya dair məlumatların könüllülər tərəfindən toplanması belə layihələrə nümunədir.

Yaşıl elmin populyarlaşdırılması artıq könüllü fəaliyyət kimi qiymətləndirilməməlidir. Elmin açıq olması – “Open Science”, gənc tədqiqatçıların kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi və yaşıl zəkanın davamlı inkişafın əsaslarından biri kimi qəbul edilməsi müasir elmin qarşısında duran mühüm vəzifələrdəndir. Sadə və anlaşıqlı dildə danışmağı, elmi müəssisələrin imkanlarını cəmiyyətə açmağı və elmi bilikləri gündəlik həyata inteqrasiya etməyi öyrənməliyik”, – deyə Tubuxanım Qasımzadə qeyd edib.

AzərTac

  • Paylaş: