Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.10.2026 17:30
  • A-
  • A
  • A+

AMEA-da Azərbaycanın zəngin tarixi-mədəni irsinə həsr olunmuş kitabların təqdimat mərasimi keçirilib

AMEA-da Azərbaycanın zəngin tarixi-mədəni irsinə həsr olunmuş kitabların təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə AMEA ilə əməkdaşlıq çərçivəsində nəşr olunmuş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun müəllifi olduğu, Azərbaycanın zəngin tarixi-mədəni irsinə həsr olunmuş “Azərbaycan irsi UNESCO siyahılarında” və “Gəncə xanlığı: sikkə zərbi və pul dövriyyəsi” adlı kitabların təqdimat mərasimi keçirilib.

Mərkəzi Elmi Kitabxanada keçirilən tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-UNESCO əlaqələrinin tarixinə toxunaraq qeyd edib ki, bu münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna fəaliyyəti sayəsində milli dəyərlərimizin beynəlxalq səviyyədə tanıdıldığını vurğulayan  akademik İsa Həbibbəyli AMEA ilə UNESCO arasındakı tərəfdaşlıq nəticəsində mühüm əlyazmaların beynəlxalq qurumun Qeyri-maddi İrs siyahısına daxil edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan artıq UNESCO-da digər ölkələrlə rəqabətdə geniş nüfuz sahibi kimi öz gücünü nümayiş etdirir və təşkilatda yüksək səviyyədə təmsil olunur.

Təqdim olunan nəşrlərin elmi, siyasi və tarixi əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, “Azərbaycan irsi UNESCO siyahılarında” adlı kitabda Azərbaycanın irs nümunələri haqqında məlumat, UNESCO tərəfindən tanınma prosesi, təqdim olunan rəsmi sertifikatlar və bu nümunələri əks etdirən fotoşəkillər yer alıb. Bu kitab Azərbaycanın UNESCO tərəfindən tanınan irsi ilə maraqlanan tədqiqatçılar, mədəniyyət və irs sahəsində çalışan mütəxəssislər, diplomatlar, tələbələr, eləcə də ölkəmizin dünya miqyasında mədəni irsinin tanıdılması ilə maraqlananlar üçün dəyərli vəsaitdir.

AMEA rəhbəri xüsusilə Gəncə xanlığı dövrünə, sikkə zərbi və pul dövriyyəsinə həsr olunmuş tədqiqatın elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Mustafa Şabanovun təqdim etdiyi bu araşdırmalar həm Gəncə xanlığının numizmatik tarixi, həm də Azərbaycanın zəngin mədəni irsinin UNESCO müstəvisində təbliği istiqamətində atılan dəyərli addımlardır. Onun sözlərinə görə, Cavad xan dövrünün xüsusiyyətləri, o cümlədən regionun iqtisadi və mədəni mənzərəsi “Gəncə xanlığı: sikkə zərbi və pul dövriyyəsi” kitabında elmi əsaslarla əksini tapıb.

AMEA rəhbəri bu kimi fundamental nəşrlərin davamlı olmasını arzulayıb.

Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elman Abdullayev çıxış edərək Xarici İşlər Nazirliyinin müvafiq strukturları ilə AMEA və UNESCO üzrə Milli Komissiya arasındakı sıx əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Elman Abdullayev ölkəmizin UNESCO ilə əməkdaşlıq çərçivəsində əldə etdiyi mühüm nəticələri diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın zəngin mədəni irsi UNESCO-nun müxtəlif qeyri-maddi, maddi, təbii və sənədli irs siyahılarında uğurla təmsil olunur. Hazırda ölkəmizin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən də təsdiqlənmiş 24 qeyri-maddi mədəni irs nümunəsi, 4 maddi mədəni irs obyekti və 2 təbii irs obyekti Ümumdünya İrs Siyahılarında yer alır. Baş katib xüsusilə Xurşidbanu Natəvanın 1886-cı ilə aid “Gül dəftəri” illüstrasiyalı şeirlər albomunun UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilməsini Qarabağ xanlığının irsinin dünyada tanıdılması baxımından qürurverici tarixi nailiyyət kimi qiymətləndirib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin və tarixinin UNESCO platformasında təbliğ olunmasındakı müstəsna və tarixi rolunu xüsusi vurğulayan Elman Abdullayev ölkəmizin zəngin irsinin beynəlxalq miqyasda tanıdılmasının strateji əhəmiyyətini qeyd edib.

O, bu gün ictimaiyyətə təqdim olunan kitabların həm Azərbaycan, həm də ingilis dillərində təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan irsinin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda daha geniş oxucu kütləsinin tanış olması baxımından bu kitabların gələcəkdə ərəb, rus və digər dillərə də tərcümə olunaraq nəşr edilməsi məqsədəuyğundur.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri, nəşrin layihə rəhbəri Seymur Fətəliyev nəşrlərin beynəlxalq miqyasda təbliği istiqamətində atılan ilk addımları diqqətə çatdıraraq qeyd edib ki, sözügedən kitablar artıq Meksika və Perunun Milli Kitabxanalarına, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin rəsmi arxivlərinə təqdim olunub. Səfir nəşrlərin dünyada dördüncü ən çox danışılan dil olan ispan dilində çap olunmasının önəminə toxunub.  Bildirib ki, kitabların ispan dilində nəşri Azərbaycan həqiqətlərinin və zəngin mədəni irsinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm strateji əhəmiyyət kəsb edir.

O, “Azərbaycan irsi UNESCO siyahılarında” kitabının unikal bir əsər olduğunu, indiyədək bu formatda və tam əhatəli belə bir nəşrin işıq üzü görmədiyini söyləyib. Hər bir abidənin UNESCO siyahısına salınmasının mürəkkəb və fədakar bir proses olduğunu vurğulayan səfir aidiyyəti qurumların bu sahədəki gərgin fəaliyyətini yüksək qiymətləndirib.

Seymur Fətəliyev yaxın gələcəkdə kitabın ikinci cildinin də hazırlanıb genişləndirilmiş şəkildə oxuculara təqdim olunacağına ümidvar olduğunu deyib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova “Azərbaycan irsi UNESCO siyahılarında” və “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitablarının Azərbaycan tarixinin, dövlətçilik ənənələrinin və mədəni irsinin sənədləşdirilərək beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm istinad mənbəyi olduğunu bildirib.

O, əlavə edib ki, uzunmüddətli araşdırmalar və nominasiya dosyelərinin hazırlanması sayəsində Mədəniyyət Nazirliyində peşəkar ekspert komandası və institusional yaddaş formalaşıb. Bu təcrübədən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) çərçivəsində də istifadə olunduğunu bildirən Səadət Yusifova Şuşa Tarix-Mədəniyyət Qoruğu və Ağdam İmarət Kompleksinin İslam dünyası irs siyahısına daxil edilməsini böyük nailiyyət kimi qiymətləndirib və bütün bu uğurların arxasında mütəxəssislərin gərgin əməyinin dayandığını vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına minnətdarlığını bildirib.

Milli Komissiya ilə uzun illərə söykənən səmərəli əməkdaşlıq təcrübəsindən bəhs edən akademik Şahin Mustafayev 2024-cü ildə Türk dünyası abidələrinin UNESCO siyahısına müştərək təqdim edilməsi istiqamətində keçirilən beynəlxalq konfransın önəmini xatırladıb. Akademiya prezidenti Milli Komissiyanın və Türk dövlətlərinin müvafiq qurumlarının birgə platformalar çərçivəsində fəaliyyətinin gələcəkdə daha böyük uğurlara yol açacağını diqqətə çatdırıb.

Akademik Şahin Mustafayev “Azərbaycan irsi UNESCO siyahılarında” kitabının ölkəmizin zəngin tarixi, mədəni, təbii və qeyri-maddi irsini ilk dəfə vahid mənbədə toplamaqla yanaşı, Azərbaycanın beynəlxalq müstəvidə nə dərəcədə geniş təmsil olunduğunu nümayiş etdirdiyini bildirib. “Gəncə xanlıq dönəmi: sikkə zərbi və pul dövriyyəsi” əsərinin əhəmiyyətinə də toxunan alim vurğulayıb ki, bu tədqiqat son illər numizmatika sahəsində yaranmış boşluqların aradan qaldırılması, xanlıqlar dövrü tarixinin saxtalaşdırılmasının qarşısının alınması və Azərbaycanın dövlətçilik ənənələrinin elmi əsaslarla sübut olunması baxımından xüsusi çəkiyə malikdir.

Tədbirdə, həmçinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dos. Fərhad Quliyev, həmin institutun Numizmatika və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d., dos. Taleh Əliyev, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və digərləri təqdim olunan nəşrlərin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər bu fundamental əsərlərin Azərbaycanın zəngin mədəni və sənədli irsinin, eyni zamanda Gəncə xanlığının dövlətçilik və numizmatika tarixinin beynəlxalq miqyasda təbliğində mühüm rola malik olduğunu qeyd ediblər.

Sonda nəşrlərin müəllifi – Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanov çıxış edərək tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: