İsveçin Gotenburq Botanika Bağının və Kənd Təsərrüfatı Elmləri Universitetinin nümayəndələri Dr. Henrik Sjöman və Dr. Patrick Bellan AR ETN Botanika İnstitutunda qonaq olublar.
Görüş zamanı Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva qonaqlara institutun elmi fəaliyyəti, prioritet tədqiqat istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Tərəflər elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması və təcrübə mübadiləsinin imkanlarını müzakirə ediblər.
Görüş çərçivəsində Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında gələcək Əməkdaşlıq Memorandumunun təməli qoyulub. Məqsəd qlobal iqlim dəyişikliyi və istiləşmə nəticəsində landşaftların dəyişməsinə, istiliyə, susuzluğa və digər ekoloji amillərə dözümlü ağac növləri üzrə yeni birgə layihələrin hazırlanmasıdır. Bununla yanaşı, layihə çərçivəsində Azərbaycanın relikt ağac bitkilərinin (dəmirağac, palıd və s.) dünyanın müxtəlif bölgələrində becərilməsi və onların əlverişsiz iqlim şəraitinə dözümlülüyünün öyrənilməsi istiqamətində tədqiqatların aparılması nəzərdə tutulur.
Səfər müddətində isveçli alimlər institutun Herbari Fondunda və laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olublar. Həmçinin Lənkəran bölgəsində zəngin bitki müxtəlifliyinin öyrənilməsi və relikt növlərin tədqiqi məqsədilə birgə elmi ekspedisiya həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.