Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.10.2026 20:12
  • A-
  • A
  • A+

Müasir Azərbaycan dövləti Qafqaz Albaniyasının birbaşa və yeganə varisidir

Müasir Azərbaycan dövləti Qafqaz Albaniyasının birbaşa və yeganə varisidir

 

“Xalq qəzeti” redaksiyasında erməni revanşistlərinin “alban-xristian irsi” hay-küyü ilə bağlı müzakirə

Ermənilərin alban maddi və mənəvi mədəniyyət nümunələrini dünya ictimaiyyətinə “erməni irsi” kimi təqdim etmək cəhdləri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmək istəməməsi ilə sıx bağlıdır. “Böyük Ermənistan” xülyasının bu xalqı 30 illik fəlakətə aparmasına baxmayaraq, belə bir cəfəngiyyatı siyasi dövriyyədə saxlamaq üçün saxta “alban irsi” mövzusunu yenidən gündəmə gətirməyə cəhd göstərilir. Elə buna görə də alban memarlıq abidələrinin yerləşdiyi ərazinin, yəni Qafqaz Albaniyasının tarixi coğrafiyası və siyasi tarixi haqqında yenidən bəhs etmək zərurəti yaranır.

Bu günlərdə AMEA Tarix və Etnologiya İnstitutu əməkdaşlarının iştirakı ilə redaksiyamızda keçirilən dəyirmi masada erməni millətçilərinin Qafqaz Albaniyası ilə bağlı əsassız iddiaları mövzusunda geniş müzakirə aparıldı.Tarixçi-alimlərdən tarix elmləri doktoru Ramin Ağayev, şöbə müdiri Ramin Əlizadə və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Ramin Niftəliyev redaksiyamızın erməni avantüristlərinin son hay-küyü ilə bağlı suallarını cavablandırdılar.

– Qafqazda son orta əsrlərdən məskunlaşmağa başlamış erməni toplumunun antik dövr Azərbaycan dövləti olan Albaniya və onun mədəni irsi ilə bağlı gülünc, həyasız iddialarının hansısa tarixi əsası varmı?

Ramil AĞAYEV:

– İlkin yazılı qaynaqların məlumatına görə, antik Albaniyada 26 tayfa məskunlaşmışdı. Albaniya ərazisində yaşamış tayfalardan albanlar, cilblər (silvlər), hunlar, sabirlər, xəzərlər, kəngərlər, qarqarlar, leqlər, udilər və digər tayfaların adlarını çəkmək olar. Bu tayfalardan ən geniş yayılanı albanlar idi. Mənbələrdə “alban” tayfa adına ilk dəfə e.ə. 331-ci ildə Makedoniyalı İsgəndərlə Əhəməni hökmdarı III Dara arasında baş vermiş Qavqamela döyüşü ilə əlaqədar rast gəlinir.

Alban tayfalarının yaratdığı Qafqaz Albaniyası tarixi Azərbaycan torpaqlarında mövcud olmuş qədim dövlətlərimizdən biridir. O, e.ə. IV əsrin sonlarından eramızın 705-ci ilinə qədər öz varlığını qoruyub saxlaya bilmişdir. Ərəblərə qədərki müəlliflər öz əsərlərində şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə İberiya arasında olan ərazini müxtəlif şəkildə təqdim edirdilər. Antik mənbələrdə onu “Albaniya”, pəhləvi və Suriya mənbələrində “Aran”, gürcü mənbələrində “Rani”, erməni mənbələrində isə “Ağvan” və “Aluank” adlandırırdılar. Bəzi məqamlarda isə Albaniyanın indiki Ermənistan Respublikası ərazisinin böyük bir hissəsində qərarlaşdığını bildirirdilər.

Antik dövrdə və erkən orta əsrlərdə Albaniya inzibati cəhətdən vilayətlərə bölünürdü. Bəzi məlumatlara görə, Solsahil Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan yalnız altısı (Qəbələ, Şəki, Kambisena, Həcəri, Çola, Lipina) haqqında nisbətən ətraflı məlumata rast gəlinir.

Çola indiki Dərbənd bölgəsinə uyğun gəlirdi. Əsas şəhərləri Dərbənd və Çola idi. Onun ərazisi şimalda Dərbənddən cənubda Beşbarmaq dağına qədər uzanırdı. Lipina Çolanın şimal-qərbində, Çola ilə Qəbələ arasında, Kambisena isə İberiya ilə sərhəddə yerləşirdi. Müasir anlamda Mingəçevirdən Gürcüstan sərhədinədək uzanırdı. Əcəri (Həcəri) Qəbələ vilayətinin cənubunda Qarasu və Girdiman çayları arasında qərarlaşmışdı və cənubda Kür çayınadək olan ərazini əhatə edirdi. Qəbələ əsasən elə indiki Qəbələ rayonu ərazisinə uyğun gəlirdi. O, Lipinadan cənubda, Həcəridən şimalda yerləşir, Şəki ilə Çola arasındakı ərazini əhatə edirdi. Paytaxt Qəbələ də burada yerləşirdi.

Şəki Albaniyanın şimal-qərbində, Qəbələdən şimal-qərbdə qərarlaşırdı və əsasən indiki Şəki-Zaqatala bölgəsinə uyğun gəlirdi. O, qərbdə və cənub-qərbdə Kambisena, şimal-qərbdə Lipina, cənub-şərqdə isə Qəbələ ilə həmsərhəd idi. Sağsahil Albaniyası isə 4 əyalət və yaxud vilayətdən ibarət idi. Bunlar Qarabağ (Arsax), Uti, Paytakaran və Sünik əyalətləri idi.

Paytakaran (Kaspiana, Balasakan) müasir Azərbaycan Respublikasının cənub-şərqində yerləşir, şimalda Kür və Araz çaylarının qovuşduğu yerdən, şərqdə Xəzər dənizinədək uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsi bu ərazidə yerləşirdi. Əsas şəhəri Paytakaran (Beyləqan) idi.

Uti (Utik, Otena) əyaləti də Kürün sağ sahilində yerləşirdi. Şərqdə Paytakaranla, Cənubda Qarabağla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunan əyalətin ərazisi, qərbdə zolaq halında Albaniya-İberiya sərhədlərinədək uzanırdı. Mərkəzi şəhəri Bərdə idi.

Digər şəhərlərindən Ayniana, Anariaka və Xani yaşayış sahələrini qeyd etmək olar. Məşhur Girdiman (Qardman, Cərdəman, Qardabani, Qrayazı) və Sakasena (Şahaşen vilayəti) də Utinin tərkibinə daxil idi.

Bəzi tədqiqatçılar Girdiman vilayətini Ağsu və Girdiman çayları zonasında, digərləri isə müasir Qazax rayonu ərazində yerləşdiyini iddia edirlər. Ziya Bünyadov Girdimanın Şəmkir və Gədəbəy bölgələrini əhatə etdiyini bildirirdi. Fəridə Məmmədovaya görə, Girdiman vilayəti Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, indiki Ermənistan və Gürcüstan Respublikası ilə sərhəddə yerləşirdi. Başqa sözlə, bu coğrafiya indiki Qazax rayonu ərazisinə uyğun gəlirdi. Bəzi ehtimallara görə isə Girdiman indiki İsmayıllı rayonu ərazisini, Göyçay-Girdimançay hövzələrini əhatə edirdi.

Sakasenə gəldikdə isə Zəyəmçaydan (Dzeqimçay) Kürəkçaya qədər uzanırdı. Müəyyən mənada, Gəncə bölgəsinə uyğun gəlir. Qarabağ (Orxistena, Arsax) Qarabağın dağlıq ərazisini və Mil düzünün bir hissəsini əhatə edirdi. Erməni tarixçiləri N.Adons və N.Emin Qarabağı (Artsaxı) birmənalı olaraq Albaniyaya aid etmişlər.

Sünik (Sisakan, Sünestan, Zəngəzur) şimalda Qarabağla sərhəd idi və Göyçə gölündən Arazın sahillərinə qədər uzanırdı. Bu əyalət gah Albaniyaya, gah da Atropatenaya bağlı olmuşdur. Qoxtan və Naxçıvanda isə Süniklə bağlı idi. Sünikli tədqiqatçı Stepanos Orbelyan Naxçıvanı Sünikin mərkəzi adlandırır və onun şimalda Vaspurakanla həmsərhəd olduğunu yazırdı.

Əsassız erməni iddialarına görə, guya 387-ci ilə qədər Sağsahil Kür ərazisi Albaniyaya deyil, Ermənistana aid olmuşdur. Erməni müəlliflərinin bu cür qondarma fikirləri Azərbaycan tarixçiləri və arxeoloqları tərəfindən diqqətlə araşdırılmış və təkzib edilmişdir. Tarixçi və arxeoloqlarımız uğurlu tədqiqatlar aparmış, Azərbaycanın, o cümlədən Albaniya dövlətinin real tarixi coğrafiyasını əks etdirən xəritələr hazırlamışlar. Ölkəmizin tarixi hüdudlarında, o cümlədən Albaniya ərazisində yerləşən abidələrin də Azərbaycan xalqının əcdadlarının, eləcə də albanların maddi-mədəni irsi olduğunu sübuta yetirmişlər. Ermənilərin iddia etdiyi ərazilər, əsasən, Albaniyanın qərb hüdudlarıdır. Onlar bu iddianın ardınca bölgədəki maddi-mədəni irsə də sahiblənmək istəyirlər.

Burada istər-istəməz Albaniyanın – Azərbaycanın qərb sərhədləri haqqında da bəhs etmək zərurəti yaranır. Bir sıra yazılı qaynaqlarda Sasanilər dövrü Şimali Azərbaycan ərazisinin, yəni antik mənbələrdə Albaniya, ərəb mənbələrində isə Aran və ya Arran adlanan ərazinin ayrı-ayrı vilayətləri haqqında da məlumat verilmişdir. Həmin mənbələrdə Kür-Araz çayları arasında yerləşən dörd əyalət – Arsax (Qarabağ), Uti, Paytakaran və Sünik əyalətləri barədə daha çox bəhs olunmuşdur. Elmi ədəbiyyatda həmin əyalətlər Albaniyanın Kürün sağsahili əyalətləri kimi tanınmışdır.

Albanşünaslar təsdiq edirlər ki, Sünik vilayəti etnik, siyasi və mədəni baxımdan Albaniyaya və Atropatenaya bağlı olmuşdur. X.Xubuşman və İ.Markvart kimi alimlər Süniki, ümumiyyətlə, Albaniya vilayəti hesab edirdilər.

Erməni mənbələrində Arsax, antik müəlliflərin əsərlərində isə Orxistean adlanan (Qarabağın dağlıq hissəsi və Mil düzünün bir hissəsi) ərazi Sağsahil Albaniyasının mühüm vilayətlərindən biri olmuşdur. Yazılı mənbələrə görə, erkən orta əsrlərdə əyalətin əhalisinin əsasını qarqarlar, utilər, hunlar, xəzərlər və basillər təşkil edirdilər. Hətta V əsrdə yeni alban əlifbası tərtib edilərkən qarqar ləhcəsi əsas götürülmüşdür. Qarqarların türk olması haqqında mənbələrdə tutarlı faktlar var.

Ramin ƏLİZADƏ:

– Müasir Azərbaycan xalqının formalaşması, orta əsrlərdə gedən transformasiya prosesi və bu gedişatda baş verən hadisələr ayrıca araşdırılmalıdır. Bu baxımdan, qarşıda duran dövr müəyyənləşdirilməli və ümumi suallara aydınlıq gətirilməlidir. Ona görə də fikrimcə, “Albanlar kimdir?” sualını Mxitər Qoş kimi sonrakı dövrlərə aid şəxsiyyətlərlə əlaqələndirməklə cavablandıra bilmərik. Çünki Mxitər Qoş XII əsrə aiddir. “Albanlar kimdir?” sualının əsl cavabı isə yalnız qədim mənbələrdən alına bilər.

Məsələn, alban adı ilk dəfə harada çəkilib? Alban ölkəsi, alban tayfaları və Albaniyada yaşayan digər etnoslar haqqında antik mənbələrdə – məhz Alban konfederasiyasına (siyasi birliyinə) daxil olan tayfalar barədə hansı məlumatlar var? Bu tayfalar haqqında 2600-2700 il əvvəlki mənbələrdə zəngin faktlar mövcuddur.

Təəssüf ki, sovet dövründə, ondan əvvəlki mərhələlərdə, eləcə də Avropa və Amerikada yaranan albanşünaslıq məktəblərində Qafqaz xalqları arasında etnik münaqişələri qızışdıran konsepsiyalara geniş yer verilmişdir. Regiondakı böyük türk dövlətlərini – Osmanlı və Qacar imperiyalarını zəiflətmək, Qafqaz xalqları arasında birliyin qarşısını almaq məqsədilə müxtəlif ideoloji yanaşmalar ortaya atılmışdır. Hətta sonradan gündəmə gələn “Qafqaz birliyi” məsələsini də imperialist qüvvələrin geosiyasi planları çərçivəsində araşdırmaq lazımdır.

Xüsusilə Fransanın regiondakı müxtəlif layihələrini qeyd etmək lazımdır. Məsələn, Andranikin silahlı dəstələrini təchiz edən əsas qüvvələrdən biri Aralıq dənizində – Tarsus limanında yerləşən fransız hərbi kontingenti idi. Silahlar gəmilərlə daşınır, Andranik orada silahlanaraq Qafqaza gəlir və Zəngəzurda qırğınlar törədirdi. Əlbəttə, bu geosiyasi oyunlarda tarixə və qədim irsə müraciət olunurdu. Regiondakı kilsələr, qədim abidələr, İslamdan əvvəlki inanclar və məbədlər bir sual ortaya çıxarırdı: “Bu irs kimə məxsusdur? Bu kilsələri tikən xalq kim idi və onların bu ərazidə qədimdən yaşayan əhali ilə hansı əlaqəsi var?”

Onu da deyim ki, Qafqazdakı ən qədim xristian məbədlərinin və Alban kilsələrinin bir çoxu yerli əhalinin dindən əvvəlki inanc mərkəzlərinin (pirlərin, tapınqların) üzərində ucaldılmışdır. Bu, yalnız tarixçilərin deyil, memarlıq mütəxəssislərinin də tədqiqat mövzusudur. Məsələn, Davud Axundovun tədqiqatları alban kilsələrinin planlarını təhlil edərək göstərir ki, bu abidələr qədim yerli əhalinin dini inanclarının memarlıq xüsusiyyətlərini özündə yaşadır. Bu ənənə qədim inanclardan xristianlığa, daha sonra isə İslam dövrünün abidələrinə keçmişdir.

Buna görə də “albanlar kimdir?” sualının cavabı İslamdan əvvəlki mənbələrdə, onların coğrafi və tarixi kontekstində axtarılmalıdır. Sovet dövrü albanşünaslığı, onun qolu olan Ermənistan albanşünaslıq məktəbi və sonradan formalaşan Azərbaycan albanşünaslığı bu təsirlərə məruz qalmışdır.

Bu gün albanşünaslıqda yaşadığımız problemlərin bir qismi məhz sovet dövründə formalaşdırılmış yanlış konsepsiyalardan qaynaqlanır. Bu saxtalaşdırılma prosesində dilçilər, tarixçilər, memarlar və din xadimləri iştirak etmişlər. Əlyazmaların saxtalaşdırılmasının arxasında isə dayanan əsas qüvvələrdən biri Eçmiədzin və Erməni Qriqoryan kilsəsi olmuşdur. Erməni Qriqoryan kilsəsi Qafqaz albanlarına aid tarixi-mədəni irsi, abidələri və dini məkanları mənimsəmək yolu ilə erməni xalqına Qafqazda süni qədim tarix yaratmağa çalışmışdır.

Bu yanaşma Birinci Dünya müharibəsi dövründə Anadoludakı erməni silahlı dəstələrinin fəaliyyəti və imperiyaların region siyasəti ilə sıx bağlıdır. Qafqaza gələn avropalılar və ruslar da buradakı qədim irsin fərqində idilər. Rus mənbələrində Gəncəsərdə, Qudyalbənddə və digər məkanlarda zəngin alban kitabxanalarının və əlyazma fondlarının olduğu qeyd edilirdi. Lakin zamanla bu əlyazmaların böyük hissəsi mənimsənilmiş, dəyişdirilmiş və ya məhv edilmişdir.

Sentyabrda xarici diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri çərçivəsində, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ağdərə rayonundakı Gəncəsər monastırında ermənilər tərəfindən “qədim kitablar” kimi təqdim olunan eksponatların saxta olduğunu ifşa etmişdir. Vizual olaraq qədim görünsün deyə cildi dəridən hazırlanan bu kitabların yalnız ilk səhifəsində mətn və rəsm əks olunmuş, digər bütün daxili səhifələri isə tamamilə boş və yazısız saxlanılmışdır. Bu üsulla işğal dövründə monastıra gələn xarici ziyarətçilərdə və turistlərdə süni “qədim tarix” təəssüratı yaratmağa çalışdıqları sübuta yetirilmişdir. Nəticədə, albanların yazı sistemini, mədəni mühitini və etnik əlaqələrini dəqiq müəyyənləşdirmək çətinləşdirilmişdir.

Ramin NİFTƏLİYEV:

– XIX yüzillik Azərbaycan tarixinin ən gərgin və məşəqqətli dövrü kimi xarakterizə edilə bilər. Rusiya imperiyası Qafqazı işğal etdikdən sonra bu coğrafiyaya çarizmin xeyir-duası ilə xristian əhalisinin kütləvi köçü başladı. Gələnlərin böyük əksəriyyəti isə ermənilər idi. Onların Cənubi Qafqaza könüllü köçürülməsi erməni kilsəsinin əsrlər boyu gizli həyata keçirdiyi planın tərkib hissəsi idi. Bütün ermənilərin beyinlərini Cənubi Qafqazda “ermənilər üçün dövlət yaratmaq” xülyası ilə dolduran erməni kilsəsi özünün gələcək planlarını gerçəkləşdirmək üçün düşünülmüş şəkildə müxtəlif üsullardan istifadə etdi.

Cənubi Qafqazda erməni kilsəsinin qarşılaşdığı ən böyük əngəllərdən biri alban xalqının mənəvi qürur mənbəyi olan Alban kilsəsi idi. Nəhayət, 1836-cı ildə erməni katolikosu bu kilsəni özünə birləşdirməklə, istəyinə nail oldu – Alban kilsəsinin adı üzərindən götürüldü.

Xatırladım ki, azərbaycanlıların etnogenezisində özünəməxsus yerə malik olmuş alban xalqı Qafqazın yerli əhalisi idi. Bu xalqın dilində zəngin ədəbiyyat yaradılmış, tarixi-coğrafi ədəbiyyat meydana gəlmiş, onun tarixi antik dövrün ən məşhur tarixçi və coğrafiyaşünasların diqqət mərkəzində olmuşdu. Albaniya dövləti (e.ə. IV - e. VII yüzillikləri) dövlətçilik tariximizdə dərin iz buraxmış, onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında da mühüm rolunu davam etdirmişdir.

Dünyada xristianlığı qəbul edən ilk xalqlardan biri də alban xalqı olmuşdur. Alban kilsəsi (xristianlıq 313-cü ildən dövlət dini olmuşdur) meydana gəldikdən sonra albanların və Albaniyanın həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdi. Alban kilsəsi Albaniyada dövlətin mövcudluğu şəraitində siyasi dəstək görmüş, cəmiyyət həyatında geniş nüfuz qazanmışdır.

Albaniya IV əsrdən xeyli əvvəl hələ xristianlıq dövlət dini olmayan xristian icmalarının yarandığı ölkələr sırasına daxildir. Eramızın ilk əsrlərinin əvvəllərində Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri olan həvarilər (apostollar) və onların şagirdləri ölkəmizə gəlməklə ilk xristian icmaları yaratmışlar. Həvari dövrü adlandırılan bu dövr həvarilərdən Faddeyin, Varfolemeyin və Faddeyin şagirdi Yeliseyin adı ilə bağlıdır. Araşdırmalar göstərir ki, Azərbaycan ərazisində xristianlıq apostol Yeliseyin təbliği ilə I əsrin ikinci yarısından etibarən qəbul edilməyə başlanmışdır.

IV əsrə kimi davam edən bu dövr şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci yunanpərəst adlandırılan dövr isə maarifpərvər Qriqorinin və Urnayrın adları ilə bağlanır. İlk çağlar sürətlə yayılan xristianlıq Parfiya hökmranlığı dövründə Şərqdə böyük uğurlar qazanmış, lakin sonralar hakimiyyət başına gəlmiş Sasanilər sülaləsinin düşmənçilik siyasəti iki əsrin nəticələrini heçə endirmişdi. Xristian dini ölkədə yalnız IV yüzillikdə vətəndaşlıq hüququ qazana bilmişdi. Bu xristianlığın Yaxın və Orta Şərq ölkələrində ümumi təntənəsi, onun Roma imperiyasındakı qələbəsi ilə bağlı idi.

Qarabağda Şuşa şəhərindən bir qədər şimalda yerləşən Amaras şəhərində IV yüzillikdə maarifçi Qriqoris tərəfindən tikintisinə başlanan monastırın inşası onun oğlu müqəddəs Qriqori tərəfindən başa çatdırılmışdı. Bu monastır uzun müddət alban katolikoslarının iqamətgahı olmuşdur. Albaniya çarı Urnayr Müqəddəs Qriqorisin yanına gedərək xristianlığı qəbul etdikdən sonra bu din albanların müstəqil dininə çevrilmişdi.

IV yüzilliyin sonuna yaxın Albaniyada artıq özünəməxsus müəyyən subordinasiyaya malik kilsə iyerarxiyası təşəkkül tapdı. Bu da alban ruhanilərinə kilsə başçısının təsdiqolunma mərasimini keçirməyə imkan verirdi.

Albaniya katolikosluğunun mərkəzi əvvəllər Qəbələ şəhərində, sonralar isə Çolada (Dərbənd) olmuşdur. Katolikosluğun taxtı 551-ci il iyulun 11-də (patriarxının) mərkəzi Çoladan (bu şəhər xəzərlər tərəfindən talandıqdan sonra) yeni salınan Bərdə şəhərinə köçürülmüş və dövrünün tanınmış din xadimi Abbas (551-596) “Albaniya, Lpina və Çola katolikosu” titulunu daşımaqla Alban katolikosluğunun patriarxı elan edilmişdir.

– Bu qədər mötəbər tarixi mənbə və faktları necə inkar etmək olar? Erməni saxtakarlıqları bu həqiqətlərə qarşı necə formalaşdırılır?

Ramil AĞAYEV:

– Erməni tarixçiləri bu yalanları uyduranda albanların xristian olmasına istinad edirlər. Bundan da önəmli olan coğrafiya isə onlar üçün əhəmiyyətli deyil. Yəni albanlar xristian idilər, biz də xaçpərəstik, azərbaycanlılar isə müsəlman və gəlmə xalqdır. Gəlin, tarixə dərindən nəzər salaq.

Qafqaz Albaniyasının paytaxtı əvvəl Qəbələ, eramızın V əsrindən etibarən isə Bərdə şəhəri olmuşdur. Biz Albaniyanın ilk hökmdarının adını bilmirik. Bizə məlum olan ilk hökmdarlardan biri e.ə.66-cı ildə Roma sərkərdəsi Pompeylə döyüşmüş Oroysdur. Albaniya hökmdarlarından digərinin adı Aran olmuşdur. Hətta onunla bağlı Aranilər sülaləsinin də mövcud olduğu ehtimal edilir. Onun adına Musa Kalankatlının “Albaniya tarixi” əsərində də rast gəlinir.

Eramızın əvvəllərindən 510-cu ilədək isə Albaniyada hakimiyyəti Arşakilər sülaləsi təmsil etmişdir. Onların birinci nümayəndəsi I Cəsur Vaçaqan, sonuncu nümayəndəsi isə III Mömin Vaçaqan olmuşdur. Arşakilər dövründə Albaniya ərazisinə şimalda hun, sabir və xəzər kimi yeni türk tayfaları daxil olmuş və yerli əhali ilə qaynayıb-qarışmışdır. Hətta Albaniyanın ilk paytaxtı Qəbələ ərəb mənbələrində Xəzər adlandırılmışdır.

Arşakilər dövründə əvvəlki dini inamlarla yanaşı, tədricən yeni din – xristianlıq da yayılmağa başladı. Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Bu, ermənilərin xristian irsinə sahib çıxmaq istəkləri ilə bağlıdır. “Albaniya tarixi”nin II kitabının VI fəslində deyilir: “Albaniya xristianlığı ermənilərdən 270 il qabaq qəbul edib. Albaniyada xaçpərəstliyi I əsrdə havari (apostol) Faddey və Yelisey yayıb. Qafqazda ilk kilsənin əsası da Yelisey tərəfindən qoyulub. Bu, Şəkidəki Kiş kilsəsidir.

Alban apostol kilsəsinin əsası İsa Məsihin şagirdləri və onun təlimini yayan ilk elçiləri tərəfindən yaradılmışdır. Halbuki ermənilər xaçpərəstliyi IV əsrdə Qriqorinin dövründə qəbul ediblər. Ona görə də erməni dini Qriqoriyan dinidir və havariliyə (apostola) heç bir bağlılığı yoxdur. IV əsrin əvvəllərində isə xristianlıq Albaniya hökmdarı Urnayr tərəfindən rəsmi olaraq dövlət dini elan edilmişdir.

Musa Kalankatlının yazdığına görə, Albaniyanın (katolikos) taxtı ermənilərdən qabaq təsis olunmuşdur. Erməni katalikosu Abrahamın risaləsində də katalikosluq rütbəsinin əvvəlcə Albaniyada təsis edildiyi bildirilmişdir. Albaniyada xristianlığın daha da möhkəmlənməsində III Vaçaqanın dövründə, 488-ci ildə çağırılmış Aquen kilsə məclisi böyük rol oynamışdır.

Alban Apostol Kilsəsi IV əsrdən 1836-cı ilə qədər avtokefal, yəni müstəqil idi. Alban katalikosluğunun mərkəzi Cola idi, VI əsrdən – Bərdə, VIII-IX əsrlərdə Tərtər çayı sahilindəki Bərdəkur, sonra Çarek – Xami (Gədəbəy yaxınlığında), qısa müddət ərzində isə apostol Faddeyin şagirdi Dadinin şərəfinə tikilmiş Kəlbəcərdəki Xudavəng (Dadivəng) kilsəsi olmuşdur. Nəhayət, 1240-cı ildən 1836-cı ilə qədər Gəncəsər (Qandzasar) katolikosluq mərkəzi rolunu oynamışdır.

III Vaçaqanın vəfatından sonra da Albaniyada hökmdar taxtı qalırdı. Lakin ona Sasani mərzbanları, yəni canişinləri nəzarət edirdi. Ona görə də bu dövr Albaniya tarixində Sasani Mərzbanlığı dövrü adlanır. Mərzbanlıq dövrü 510-cu ildən 629-cu ilədək davam etmişdir.

629-cu ildən 705-ci ilədək isə Albaniyanı Mehranilər sülaləsi idarə etmişdir. Sülalənin banisi Mehran, ilk hökmdarı Varaz Qriqor, ən məşhur nümayəndəsi isə 642-681-ci illərdə hakimiyyətdə olmuş Cavanşirdir.

Cavanşirin hakimiyyəti mürəkkəb bir tarixi dövrə təsadüf etmişdir. Belə ki, 651-ci ildə ərəblər tərəfindən Sasanilər dövlətinə son qoyulmuşdu və region uğrunda əsas mübarizə Ərəb xilafəti ilə Bizans arasında gedirdi. Digər tərəfdən şimalda güclü Xəzər xaqanlığı mövcud idi. Belə bir şəraitdə Cavanşir onların hər biri ilə danışıqlar aparmağa məcbur olmuş, nəticədə 2 dəfə xəlifə Müaviyyə ilə görüşərək ərəblərin müttəfiqinə çevrilmişdir.

Bunu qəbul etməyən Bizanspərəst feodallar 681-ci ildə sui-qəsd təşkil edərək onu öldürdülər. Hakimiyyətə onun qardaşı oğlu Varaz Tridat gəldi. Bu zaman mərkəzi hakimiyyət zəiflədi. Digər tərəfdən monofizit erməni katolikosu ərəbləri diofizit olan alban kilsəsinə qarşı yönəltməyi bacardı. Az sonra, 705-ci ildə Ərəb xilafəti tərəfindən Albaniyada Mehranilərin hakimiyyətinə son qoyuldu və ərazi Arran adı altında Xilafətin tərkibinə daxil edildi.

Ramin ƏLİZADƏ:

– Nikolay Adonsun XX əsrin əvvəllərində etiraf etdiyi kimi, ermənilər albanlar haqqında çox az şey bilirdilər və bu irsin öyrənilməsinə ehtiyac var idi. Albaniya adının tarixi çox qədimdir. İlk məlumatlara e.ə. VIII əsrə aid Urartu hökmdarı II Sardurinin Van gölü ətrafındakı Tuşpa qalasının kitabələrində rast gəlinir. Həmin kitabələrdə adıçəkilən Alban ölkəsi (mixiyazılı mətndə “KUR.Kuh-Alban”) Zəngəzur və Dərələyəz bölgələri ilə əlaqələndirilir ki, bu da 2700 il əvvəl həmin ərazilərdə yerli əhalinin varlığını göstərir.

Arxeoloji tədqiqatlar – Xocalı-Gədəbəy mədəniyyəti, onun davamı olan Yaloylutəpə mədəniyyəti və Qəbələdəki qazıntılar bunu tam təsdiqləyir. Qəbələ, Xocalı-Gədəbəy, Qarabağ, Qərbi Azərbaycan və Göyçə vahid etnomədəni mühitin tərkib hissəsi olmuş, bu coğrafiya Orta Asiya, Altay, Sibir və Qıpçaq çölü (Böyük Çöl – Bozqır) ilə sıx bağlanmışdır. Musa Kalankatlı yazır ki, I əsrin əvvəllərində Albaniyada hökmdar Sesak (qrabarcadan tərcümədə “Qara Sak” və ya “Böyük Sak”) soyuna mənsub olan Aran idi və onun hakimiyyəti Qafqaz dağlarından Araz sahillərinə, Borçalıdakı Hunan qalasından Xəzər sahillərinə qədər uzanırdı.

Mənbələrdə yerli rəhbər kimi xatırlanan Aran adı, eləcə də regionda mövcud olan İskit-Sak tayfaları bu tarixdə mühüm rol oynamışdır. Antik müəlliflər iskitlərin saklar olduğunu yazırlar. E.ə. V əsrdə Herodot “Tarix” əsərində, I əsrdə isə Böyük Plini “Təbii tarix” əsərində qeyd edirlər ki, farslar iskitləri “sak” adlandırırdılar. E.ə. VII əsrdə regionda böyük hərbi-siyasi dəyişiklik baş verdi. Dəmir silahlı güclü Assuriya imperiyası və onun rəqibi Urartu ilə yanaşı, regionda İskit hərbi gücü ortaya çıxdı.

Süvari qoşunların, oxçuların və nizamlı hərbi sistemin inkişafında İskitlərin müstəsna rolu olmuşdur. Onların hökmdarlarının adları e.ə. VII əsrə aid Assuriya mixi yazılı kitabələrində çəkilir. İskitlərin Urartunu Qafqazdan sıxışdırıb çıxarması arxeoloji faktlarla sübut olunur. Boris Piotrovskinin tədqiqatlarında qeyd edildiyi kimi, Urartu qalası olan İrbuni (Erebuni) ətrafında tapılan yanğın izləri və İskit ox ucluqları bu hərbi toqquşmaların əyani sübutudur. İrbuni qalasının dağıntıları hazırda müasir İrəvan şəhərinin yaxınlığında yerləşir.

İskitlər Qafqazda dövlətçiliyin və Albaniyanın yaranmasına böyük təsir göstərmişlər. Musa Kalankatlı da Albaniya dövlətinin yaranmasında mühüm rol oynamış hökmdar sülaləsinin və əhalinin böyük bir hissəsinin Sak soyundan olduğunu vurğulayır. Sovet albanşünaslığının “İskitlər və Saklar bura sonradan gəlib, Albaniyanın onlara aidiyyəti yoxdur” konsepsiyası tamamilə əsassızdır.

Şörəyel (Sirak/Şirak) bölgəsindən olan VII əsr yunan coğrafiyaşünası Ananiya Şiraklının əsərinin adı “Armeniya” deyil, sadəcə “Coğrafiya”dır. O, antik yunan və ərəb coğrafiya ənənəsinə uyğun olaraq regionun koordinatlarını və etnik mənzərəsini vermişdir. Ananiya 1300 il əvvəl Qarabağ ərazisində yaşayan əhalinin Hunlar, Peçeneqlər, Sabirlər və Saklar olduğunu açıq qeyd edir.

Qafqazda min il boyunca müxtəlif tayfalar birgə yaşamış, kütləvi etnik-siyasi münaqişələr yalnız XIX əsrdən etibarən çar Rusiyasının köçürmə siyasəti və imperiya maraqları nəticəsində alovlandırılmışdır. Bu gün hərbi münaqişə başa çatsa da, ideoloji mübarizə davam edir. Azərbaycan alimlərinin əlində kifayət qədər təkzibedilməz faktlar və elmi materiallar var. Biz artıq yalnız özünü müdafiə edən tərəf deyilik, bu materialları sistemli şəkildə, vahid layihələr və elmi nəşrlər halında dünyaya təqdim etməliyik.

Alban irsinə dair Ankaradakı Mədəniyyətlər Muzeyindən, Yunanıstan, Roma və Rusiya arxivlərindən materiallar toplanmalı, vahid mənbə bazası nəşr olunmalıdır. Bunun üçün alimlərə azad düşüncə mühiti yaradılmalı, ideoloji və bürokratik maneələr aradan qaldırılmalıdır. Elm Fondu və QHT-lər çərçivəsində peşəkar, elmi əsaslara dayanan layihələrə diqqət artırılmalıdır.

Eyni zamanda, Urartu məsələsi Qafqaz, Manna və Albaniya tarixi ilə kompleks şəkildə araşdırılmalıdır. Məsələn, Qarakilsə rayonundakı Qızılkilsə abidəsində 1975-ci ildə Urartu hökmdarı II Sardurinin 2700 illik kitabəsi tapılmışdı. Yerli azərbaycanlı əhali musulman olmasına baxmayaraq, xristianlıqdan əvvəlki dövrlərə gedib çıxan müqəddəs inanc vərdişlərinə görə bu kilsəni pir və ziyarətgah kimi qorumuşdu. Ermənistan hakimiyyəti bu kilsənin adını dəyişdirərək Tanahat qoymuşdur.

Qarabağdakı Alban irsi ilə tarixi nəsillərimiz (Məlik-Yeqanovlar, Məlik-Aslanovlar) və Həsən-Cəlal nəslinin genealogiyası elmi sənədlərlə ortaya qoyulmalıdır. 1836-cı ildə çar Rusiyası tərəfindən Alban katolikosluğunun ləğvindən sonra baş verən dəyişikliklər, eləcə də Ermənistandakı türk-Azərbaycan mənşəli soyadların etimologiyası dərin elmi tədqiqat mövzusu kimi işlənilməlidir.

Ramin NİFTƏLİYEV:

– Albaniya ərazisinin Ərəb Xilafətinin tərkibinə daxil edilməsi (VII-IX yüzilliklər), İslamın tədricən yayılması və Albaniya dövlətinin ləğvi erməni və gürcü kilsələrindən fərqli olaraq, Alban kilsəsi üçün mürəkkəb vəziyyət yaratdı. Bu şəraitdə Alban kilsəsinin konfessional fəaliyyət dairəsi ərazi baxımından məhdudlaşmışdı. Bu vəziyyətdən istifadə edən erməni-qriqorian kilsəsi qılığına girdiyi Ərəb Xilafətinin siyasi hakimiyyətindən istifadə edərək Alban kilsəsinə qarşı təzyiqlərə başladı. Bütün bunlara baxmayaraq, alban etnosu və onun kilsəsi yeni tarixi şəraitə uyğunlaşaraq, bu çətinlikləri aradan qaldırmağa çalışmışdı.

Albaniya hökmdarı Cavanşir dünyasını dəyişdikdən sonra qardaşı oğlu Varaz Trdat (Varaz Peroz) Albaniyanın taxt-tacına sahib olan böyük knyaz vəzifəsinə seçildi. O, Bizans imperatorundan “Patrisi” titulu aldı. Xəlifə I Yəzid (680–683) Varaz Trdatı Şərq vilayətlərinin, Albaniya məmləkətinin və Uti vilayətinin canişini kimi tanıdı. Onun hakimiyyəti illərində Albaniyanın ərazisində heç bir dəyişiklik baş vermədi.

Cavanşirin ölümündən sonra onun qisasını almaq üçün hunların böyük knyazı sərkərdə Alp İltiverin başçılığı ilə böyük bir qoşun Albaniyaya daxil oldu və Qafqaz ətəklərindəki vilayətləri, eləcə də Qəbələni viran qoyaraq Lpində məskən saldı. Cavanşirin siyasətini davam etdirən Varaz Trdat katolikos Yelizarı xaqanın yanına göndərib sədaqətini bildirdi. Yelizarın səyləri nəticəsində barışıq əldə olundu və hunlar qoşunu ilə geri qayıtdı.

Varaz Trdat katalikos Yelizar və bütün əyanları başına yığaraq Ərəb xilafəti tərəfindən qoyulan vergilər (ümumilikdə Albaniya üç ölkəyə – Ərəb Xilafətinə, Bizans dövlətinə və Hun xaqanlığına vergi verirdi. Ən ağır vergini isə Bizans imperatoru tələb edirdi) və hunların etdiyi basqınlar nəticəsində ölkənin fəlakətə çevrildiyini nəzərə alaraq hər iki ölkəni dostluğa və sülhə dəvət etmək məqsədilə yepiskop müdik İsrail Hunların ölkəsinə yola salındı.

İsrail öz təbliğatı ilə xristianlığı onların ölkəsində yaya bildi və vətəninə qayıtdı. Bizans imperatoru II Yustiniana ödənilən vergiləri azaltmaq məqsədilə Varaz-Trdat özü oğulları ilə Konstantinopola getdi və orada xəstələndiyindən vətəninə gec qayıtdı. Varaz Trdat oğulları ilə Konstantinopola yola düşdükdən sonra Albaniya dövlətini idarə etməyə başlayan həyat yoldaşı çariça Sparama ərinin və oğullarının təhlükəsizliyi üçün xalkedonçu Bakur Nersesi Albaniya katalikosu təyin etdi.

Çariça Sparama Albaniya yepiskopları və əyanlarını dilə tutaraq onun xahişində heç bir xəyanət görməyəcəklərinə inandırmaqla razı sala bildi. Bəzi yepiskoplar ona qarşı çıxdılar. Ölkədə baş verən belə qarşıdurmadan erməni katolikosluğunun başçısı İlya çox məharətlə yararlanmağı bacardı. İlya Şərqin ən güclü kilsələrindən biri olan Alban kilsəsini öz təsir dairəsinə almaq məqsədilə 705-ci ildə Albaniya katolikosunun Bizans imperatoru ilə sazişə girərək ibadətlərində imperatorun adının çəkildiyi və ruhaniləri onun etiqadına qoşulmasına məcbur edildiyi haqqında “dünya fatehi əmirəlmöminin Abdulla Əbdülməlikə” məktub yazmaqla, ondan “albanlar arasında dinin erməni dininə uyğun şəkildə dəyişikliyin edilməsi” ilə bağlı əmrini ala bildi.

İlya ona verilən bu səlahiyyətdən istifadə edərək Alban katolikosu I Nersesi xalqın gözü qarşısında alçaltdı. Zəncirlənən və işgəncələr verilən Nerses tezliklə öldü. Çariça Sparama isə həbs olundu. Bundan sonra İlya Bərdə şəhərində Albaniya kilsə qurultayını çağıraraq Albaniya kilsəsinin erməni kilsə qanunlarını icra etməsini tələb etdi.

Həm də erməni kilsəsinin fitnəsi ilə Alban knyazı mömin Şero, Albaniyanın baş sipəhsaları Cavanko, çar nəslindən olan Vardan və onun qardaşı Qavik, Vahtanqe və digərləri Bərdəyə gəlmiş Məhəmməd ibn Mərvan Xəlifə Əbdü-l-Məliyin göstərişi ilə Xilafətin paytaxtı Şam şəhərinə aparılaraq orada 705-ci ildə edam edildilər.

– Dediklərinizdən məlum olur ki, Azərbaycanda İslam dininin yayılması ilə alban-xristian irsinin tədricən unudulması tarixi yaddaşda ciddi bir boşluq yaradıb.

Ramil AĞAYEV:

– Ermənistanın iddialarına görə, guya, Azərbaycan “etnik erməni” mədəni irsini və ibadət yerlərini Qafqaz Albaniyasına aid irs kimi təqdim edir. Bu iddialarda əsas yeri Qarabağ bölgəsindəki abidələr tutur.

Onlar bəzi abidələr üzərindəki erməni yazılarına istinad edirlər. Abidələrin üzərindəki müəyyən erməni yazılarına gəldikdə isə bu, sırf dini məsələlərlə bağlıdır. Belə ki, islamlaşma prosesində Albaniyanın müsəlman əhalisi keçmiş əlifbanı unudaraq ərəb əlifbasına keçdi. Bu, tezliklə azlıqda qalan xristian əhaliyə də sirayət etdi. Belə ki, ölkəmizin xristian əhalisi “dini birlik” məqsədilə xristian təəssübkeşliyi əsasında erməni kilsəsi və erməni din adamları ilə bu və ya digər şəkildə əlaqəni gücləndirdilər. Bu isə unudulmuş alban yazısı yerinə müsəlman yazı sistemindən deyil, xristianalara məxsus yazı sistemindən istifadə meylini gücləndirdi.

Odur ki, bəzi xristian alban abidələri üzərindəki yazılara əsasən etnik və mədəni kimliyi müəyyən etmək olmaz. Məsələn, Azərbaycan əhalisi uzun müddət qəbirlərin başdaşlarında və dini abidələr üzərindəki yazılarda ərəb əlifbası və dilindən istifadə etmişdir. Bu Azərbaycan türklərinin ərəb olması deməkdirmi? Əlbəttə, yox. Deməli, orta əsrlərin əsas meyarı olan “xristian” və “müsəlman” meyarı əhalinin etnik kimliyini müəyyən etmək üçün göstərici ola bilməzdi.

Hər hansı bir tarixi-memarlıq abidəsinin etnik-mədəni kimliyini müəyyənləşdirmək o qədər də asan deyildir və bununla bağlı hamı tərəfindən qəbul ediləcək meyarlar yoxdur. Bununla belə, bu və ya digər xalqa məxsus abidələri digərlərindən fərqləndirməyə imkan verən bəzi özünəməxsus xüsusiyyətlər də yox deyildir. Zənnimizcə, bu zaman aşağıdakı amillər diqqətdə saxlanılmalıdır:

1. Abidənin yerləşdiyi coğrafi hüdudlar nəzərə alınmalıdır. Yəni ermənilərin iddia etdiyi abidələr tarixi Azərbaycan torpaqlarında yerləşir.

2. Bu və ya digər abidənin təyinatı, onun tikilməsinə qərar verənlərin kimliyi diqqətə alınmalı, nəzərdən qaçırılmamalıdır. Tarixi faktlar və arxeoloji tədqiqatlar göstərir ki, hazırda Azərbaycan Respublikası hüdudlarında yerləşən tarixi abidələrin erməni kimliyinə heç bir aidiyyəti yoxdur. Həmin abidələrin sifarişçiləri arasında erməni mənşəli hökmdar, hakim və katolikos yoxdur. Onların üzərindəki erməni yazılarında belə hər hansı erməni hökmdarı və din adamının adına rast gəlinmir. Əksinə, həmin abidələrin üzərində alban mənşəli hökmdar və katolikoslarının adları diqqət çəkir.

3. Abidənin özünəməxsus memarlıq üslubu nəzərdən qaçırılmamalıdır. Alban memarlığının arxitektura-plan üslubu erməni abidələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Digər tərəfdən, dörd və altı sütunlu, üç keçidli bazilikaların tipik alban kilsə planına erməni memarlıq abidələrində nadir hallarda rast gəlinir. Alban və erməni xaçları bir-birindən fərqlənir. Odur ki, hələ sovetlər dönəmində ermənilər tərəfindən Qarabağdakı abidələr üzərində onların alban mədəni irsi olduğunu göstərən dini məzmunlu elementlərin ləğv edilməsinə başlanılmışdı. 30 illik işğal dövründə isə bu “təmizləmə” əməliyyatı bütün gücü ilə davam etdirilmişdir.

4. Üzərində xaç təsviri olan mərhumun xatirəsinə qoyulmuş qəbir daşları, yəni xaçdaşları (xaçkarlar) da unudulmamalıdır. Xaçkarların üzərindəki bir çox yazılardan dəfn edilənlərin “Aluanak ölkəsindən” olduğu məlumdur.

5. İlkin yazılı qaynaqların məlumatları və bu qaynaqlara istinad edən bəzi ermənimənşəli tədqiqatçıların etirafları da erməni iddialarının əsassız olduğunu göstərir. Ermənilərin etirafına gəlincə, Qarabağ üzrə onların ən böyük tədqiqatçısı Ş.Mkrtıçyanın kitabındakı “Arsax” (Qarabağ) hakimi Yeqanın qəbri üzərindəki bir cümləni xatırlatmaq kifayətdir. Orada yazılmışdır: “Bu böyük məlik Yeqanın məzarıdır. O, hamının, o cümlədən Nadir şahın sevimlisi idi. Alban ölkəsinin Arsax (Qarabağ) vilayətinin hakimi idi”.

Başqa bir nümunə: Tarixçi Tovma Artsruni Qarabağdakı Ktiş qalası və onun sahibindən (Yesai Əbu Musadan) heyranlıqla bəhs etmiş və onu “Aluank knyazı” adlandırmışdır. O, qalanın yerləşdiyi dağı da Ktiş adlandırır və onun Aluankda (Albaniyada) yerləşiyini göstərir. Beləliklə, ermənilərin Qarabağdakı xristian irsini “erməni mədəni irsi” kimi təqdim etməsi əbəsdir, tarixi faktlara söykənmir.

Ramin ƏLİZADƏ:

– Azərbaycan türklərinin əzəli yurd yeri olan Qarabağ bölgəsi Cənubi Qafqazda ən qədim insan məskənlərinin yerləşdiyi coğrafiyaya daxildir. Qarabağın Tunc dövrünə aid Xocalı, Xankəndi, Borsunlu, Sarıçoban, Xaçınçay, Üçtəpə kurqanlarından yerli türk boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələri – qədim türk boylarına aid dolixokran kəllə sümükləri, yaylaq-qışlaq həyat tərzi ilə əlaqədar olaraq taxıl və süd məhsullarının saxlanıldığı saxsı qablar, həmçinin dini dünyagörüşü əks etdirən müxtəlif artefaktlar aşkar edilib.

Göyçə gölünün cənub-şərq sahilində Aşağı Zağalı kəndi yaxınlığında aşkar edilmiş Urartu mixi yazılı kitabəsində Qarabağın dağlıq hissəsinin adı qədim türkcədə “Yurd” sözünün qarşılığı olaraq “Urte” kimi çəkilir. Erməni tarixçiləri Q.A.Kapansyan və N.V.Arutyunyan əsassız olaraq Arsak toponiminin “Urtexi” adından yarandığını iddia etmişlər. Tanınmış arxeoloq B.Piotrovski Urartunun şimal-şərqə doğru genişlənmə siyasətinin Qarabağ yaylaqlarında yaşayan tayfaların ciddi müqaviməti üzündən baş tutmadığını qeyd edib. Əslində Arsak adı Saketnonimindən yaranıb, doğru tələffüzü Ərsak olmuş, mənası isə “Sak əri, ərəni” deməkdir.

Azərbaycanın qədim türk boylarının adı Urartu mənbələrində İşqigulu, Aşşur mənbələrində Aşquz və ya İşquz, qədim yəhudi dini mətnlərində Aşkenaz, irandilli mənbələrdə Sak, yunan və latın mənbələrində isə İskit (Skutai) və Skolati kimi çəkilir.

Qafqaz regionunda, eləcə də Xəzər dənizi hövzələrində yaşayan Sak boylarının antik mənbələrdə rast gəlinən Skolati adı əslində qədim türkcədə “Sak Elatı” sözündən qaynaqlanır.

Orta əsrlər dövründə Alban apostol kilsəsinin mərkəzi olan Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir.

Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Akademik Yaqub Mahmudov araşdırmalarında qeyd edir ki, bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” – “müsəlman albanlar”, “Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.

Qeyd edək ki, Arsak adı bir çox mənbələrdə Arşaki kimi də xatırlanır. Sak etnonimi Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan ərazisində əsasən yaylaq-qışlaq maldarlığı, dəmyə əkinçiliyi və atçılıqla məşğul olan türk boylarına verilmiş ümumi addır. Qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimlərinin, hazırda isə Şəki şəhərinin, Zaqatala rayonunun, Zəngəzurda Sisakan (Sisian) rayonu və Şəki kəndinin adları məhz Sak türklərinin adı ilə bağlı olaraq meydana gəlib. Loru-Pəmbək ərazisində Gözəldərə kəndinin türksoylu boylarından biri Ərsaklılar adı ilə tanınırdı.

Eradan əvvəl I minilliyin birinci yarısında Qarabağ ərazisi İskit-Sak (İç Oğuz) dövlətinin tərkibində olub. Qədim dövr üzrə tanınmış tarixçi alim İ.M.Dyakonov Midiya imperiyasının şimal sərhədinin Araz çayının şimalında “keçmiş İskit dövlətinin ərazisi”ndən keçdiyini göstərir. Şimali Azərbaycan torpaqlarında (Göyçə, Qarabağ, Borçalı, Şəki, Mingəçevir, Gəncə-Qazax) İskit-Sak boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi regionda onların hərbi-siyasi cəhətdən nüfuzunun güclü olduğunu sübut edir.

Antik mənbələrdə Kür və Araz çayları arasındakı ərazi Sakasena adı ilə tanınırdı. Eradan əvvəl I əsrin sonu, bizim eranın I əsrinin əvvəllərində qədim yunan coğrafiyaşünası Strabon Sakasenanın Sak boyunun adı ilə əlaqədar olaraq meydana gəldiyini qeyd edir. I əsrdə yaşamış qədim Roma tarixçisi Böyük Plini “Təbiət tarixi” əsərində Sakasenanın Kürdən cənubda geniş coğrafiyanı əhatə etdiyini qeyd edir. Qədim yunan tarixçisi Arrian isə I-II əsrlərdə Sak ölkəsinin Azərbaycanın Kür və Araz çayları arasındakı geniş ərazisini əhatə etdiyini göstərir.

İ.Dyakonova görə, Sakasena toponimi “Sakların yaşayış məskəni” (İran dillərində “Saka-sayana”) mənasında rəsmi olaraq Midiya dönəmindən başlayaraq İskit dövlətinin mərkəzi arealına verilən ad olub. III əsrin ikinci yarısına aid Sasani pəhləvi mətnlərində Cənubi Qafqazda Alban, Adurbadaqan (Atropatena), İberiya kimi dövlətlərlə yanaşı, Sakan və Balasakan ölkələrindən də bəhs edilir.

Antik mənbələrdə Qarabağın dağlıq hissəsi Orxistena adı ilə tanınırdı. Orxistena adının Şərqi Anadoluda yaşayan Hurri boylarının dilində “urxi” (“sadiq insan”) sözündən yarandığını güman etmək olar. Hurri boylarının türksoylu Saklarla qonşuluqda yaşadığını nəzərə alsaq, Orxistena toponiminin Sak ölkəsinin daxilində türk boylarının oymaqlarından birinə kənardan verilən yer adı olması aydın olar.

Alban tarixçisi Musa Kalankatlı eramızın I əsrində Alban dövlətinin ərazisinin cənubda Araz çayından şimalda Borçalı ərazisindəki Hunan qalasınadək uzanan geniş dağlıq və düzən torpaqları əhatə etdiyini yazır. Onun verdiyi məlumata əsasən, Alban dövlətini Sisakan (Sak) soyundan olan Aran (Ərən) və onun varisləri idarə edib. Eradan əvvəl II əsr, bizim eranın I əsrində Azərbaycanın cənubunda Atropatena dövlətində Ərsak (Parfiya) hökmdarlarının “A” monoqramı ilə gümüş pulları zərb edilmiş və regionda “Ərsak pulları” adı ilə tanınmışdır.

Parfiya dövlətinin banisi I Arsak parfiyalıların özləri tərəfindən Arşak, farslar tərəfindən Arşaka, romalılar tərəfindən Arsaces, yunanlar tərəfindən isə Arsake sadı ilə tanınıb. I Arsakın (Arşak) əsasını qoyduğu Arşaki sülaləsinin eramızın ilk əsrlərində Şərqi Anadoluda və Cənubi Qafqazda bir neçə qolu hakimiyyətdə olmuşdur. Bu sülalənin qollarından biri olan Alban Arşaki sülaləsi Şimali Azərbaycanda hakimiyyətdə olub. Qarabağ ərazisində ilk Alban xristian məbədi də məhz bu sülalənin hakimiyyəti dövründə inşa edilib.

IV-V əsrlərdə Azərbaycan türk boyları Sasani fars imperiyasının zərdüştlüyü zorla yaymaq siyasətinə qarşı mübarizə aparırdılar. V əsr müəllifi Yegişe Ərən adlı hun sərkərdəsinin Balasakanı özünə iqamətgah edən Sak hökmdarı ilə saziş bağlayaraq Sasani ordusuna qalib gəldiyini, hətta qarətçi basqınlar edən erməni nahararlarını Şərqi Anadoluya qədər qovmasından bəhs edir.

Ramin NİFTƏLİYEV:

– Erməni əsilli tədqiqatçı N.Vartapetovun qeyd etdiyi kimi, həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşmağı bacaran, siyasi vəziyyətdən asılı olaraq, Səfəvilərə, sonra da rus çarına qulluq göstərən, necə ki, vaxtilə eynilə həmin qaydada hərəkət edib Bizans imperatorları, İranın Sasani şahları, ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymiş erməni kilsə mərkəzi 1441-ci ildə Üçkilsəyə (Vaqarşapat) köçməsi, yeni şəraitdə Azərbaycan Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501) və Səfəvi (1501-1736) dövlətlərinin yaratdığı imkanlardan istifadə edərək iqtisadi və dini mövqelərinin gücləndirdikcə, alban kilsəsinə təsir göstərmək üçün əlverişli şərait yaratdı.

XVII yüzilliyin sonu – XVIII yüzilliyin əvvəllərində Gəncəsər katalikosluğu müstəqil olaraq qalırdı. Cənubi Qafqazda yaranmış qeyri-sabitlik albanları özlərinə “havadar” axtarmağa vadar edirdi. Səfəvilərin len sahibi (aldığı mülkə görə mülkədar-feodaldan asılı olan vassal) olan məliklər səfəvi ağalığından tamamilə qurtulmaq və özlərinin müstəqil dövlətini bərpa etmək üçün gizli şəkildə Yesainin katolikosu olduğu Gəncəsər monastırına toplanaraq müzakirələr aparmağa başladılar. Avropdan kömək istəyən Qarabağ albanlarının Venetsiya, Paris, Vyana və Düsseldorfa göndərdikləri İsrael Ori əliboş qayıtdı.

Alban əhalisi arasında azadlıq ideyalarına rəhbərlik edən Gəncəsər monastrının katolikosu Yesai, habelə Qarabağ məlikləri öz nəzərlərini Rusiyaya çevirdilər. Sənədlərin birində göstərilirdi ki, Gəncə yaxınlığında tikilmiş Gəncəsər monastrının patriarxı Yesai ilk olaraq Rusiya ilə münasibətlər qurmaqla elçilərini oraya göndərmək təklifini ortaya atdı.

Alban katolikosu və məliklər Rusiyaya elçilərinin göndərilməsində əvvəlcə tərəddüd etsələr də, sonralar onların “azadlıq proqramı”nın Rusiyanın köməyi ilə reallaşdırılmasına əmin olan Gəncəsər monastırının katolikosu Yesai bu işə bilavasitə özü başçılıq etməyə başladı. Bununla da Gəncəsər monastırı I Pyotra məktublarını tərtib edən və elçilərini Rusiyaya göndərən qərargah məntəqəsinə çevrilmiş oldu. Gəncəsər monastırının katolikosu başda olmaqla Qarabağ məliklərinin ilk dəfə Rusiyaya göndərdiyi elçilərinə də İsrael Ori başçılıq etmişdi.

Qarabağ xanları dövründə də alban katolikoslarının hüquqlarına toxunulmadı, onları Üçkilsə katolikosluğundan qorumağa çalışırdı. Qarabağ xanları alban katolikoslarına qarşı bir növ Səfəvi şahlarının siyasətindən çıxış edirdi. XVIII yüzilliyin ikinci yarısında Gəncəsər taxtı o dərəcədə güclənmişdi ki, hətta Həştərxan yeparxiyası Üçkilsə yurisdiksiyasından çıxaraq, Gəncəsər katolikosunun tabeliyini qəbul etmişdi. Bundan təşviş keçirən katolikos Simeon (1763-1780-cu illərdə taxtda olmuşdur) yepiskopların iclasını çağırmaqla bunu müzakirə etmiş və arximandrit Davidi Peterburq sarayına göndərməyi qərara aldı. İclasda 1766-cı il 1 avqust tarixli xüsusi etimadnamə məktubu hazırlanmışdı.

Alban kilsəsinin ləğv edilməsi ilə bağlı 1836-cı il martın 11-də çar tərəfindən 10 fəsil və 141 maddədən ibarət “Rusiyada erməni-qriqoryan kilsəsinin işinin idarə olunması haqqında əsasnamə” verildikdən sonra onun icrasına başlanıldı. Qanunun 1830-cu ilin martında tərtib edilmiş əsasnamə layihəsi dəfələrlə müzakirə olunduqdan sonra, nəhayət, Üçkilsə patriarxının bəzi qeydləri nəzərə alınmaqla çar tərəfindən təsdiq edilmişdi.

Alban kilsəsinin ləğvi və onun əsasında həyata keçirilən dəyişiklik əsasnamənin IV fəslində əksini tapmışdır. “Erməni-qriqorian kilsəsinin yeparxiya rəisləri haqqında” adlandırılan bu fəsildə erməni-qriqorian kilsəsi həmin etiqadın arxiyepiskopları tərəfindən idarə olunan yeparxiyalara bölündüyü, Rusiya hüdudlarında erməni-qriqorian kilsəsinin altı yeparxiyasının yerləşdiyi bildirilirdi. Bunun dördü İrəvan, Qarabağ, Şirvan və Gürcüstan olmaqla Cənubi Qafqazın payına düşürdü.

Əsasnaməyə görə, Qarabağ yeparxiyası Qarabağın özündəki, Şəki və Talış əyalətlərindəki erməni-qriqorian kilsələrini əhatə edirdi. Tatev mitropoliyası Qarabağdan ayıraraq patrarxın özünün rəisi olduğu İrəvan yeparxiyasına verilmişdi. Beləliklə, erməni-qriqorian kilsəsi elan olunan Azərbaycan ərazisindəki bütün Alban kilsələri onun yeparxiyalarına daxil edildi. Tarixi Gəncəsərin Alban kilsəsinə qarşı çıxması isə, faktiki olaraq, Alban kilsəsinin hüquqi baxımdan ləğv edilməsi demək idi.

Beləliklə, erməni kilsəsi tarixən bir rəqib kimi baxmış Alban kilsəsinin, nəhayət, Rusiyanın əli ilə ləğvinə nail oldu. Alban kilsəsinin ləğvindən sonra onun mülklərini və tarixi irsini özünküləşdirən erməni kilsəsi üzərində olan hüququnu təsdiq etmək üçün dini-ideoloji və siyasi mübarizəsini genişləndirdi, yeni dövrün əsas istiqaməti İslama və Azərbaycan xalqına qarşı ərazi iddialarına və etnik təmizləmənməsinə yönəldi.

– Zəngin tarixi materiallara əsaslanan ətraflı cavablara və mötəbər açıqlamalara görə təşəkkür edirik.

Dəyirmi masa söhbətini hazırladılar:

Tahir AYDINOĞLU,

Vaqif BİNYATOĞLU,

Rauf İBRAHIMOV (foto)

 “Xalq qəzeti”

 

  • Paylaş: