Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.10.2026 16:48
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda “Rəhbər heyətin Mülki Müdafiə məşqi” keçirilib

Memarlıq və İncəsənət İnstitutunda “Rəhbər heyətin Mülki Müdafiə məşqi” keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əməkdaşların fövqəladə hallar zamanı təhlükəsizliyinin təmin edilməsi, Mülki Müdafiə sahəsində hazırlıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi məqsədilə “Rəhbər heyətin Mülki Müdafiə məşqi” keçirilib.

İnstitutun illik fəaliyyət planına uyğun olaraq təşkil olunan tədbirin əsas məqsədi Mülki Müdafiə qüvvələrinin idarə olunmasında iştirak edən rəhbər heyətin bilik və bacarıqlarının artırılması, fövqəladə hallar zamanı düzgün və operativ qərarların qəbul edilməsi, həmçinin əməkdaşların mühafizəsinin təşkili ilə bağlı tədbirlərin təkmilləşdirilməsindən ibarət olub.

Tədbir institutun Mülki Müdafiə Qərargahının sədri Cahid Hüseynov və institutun Fövqəladə Hallar üzrə Komissiyasının sədri, elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun rəhbərliyi ilə keçirilib. Məşq çərçivəsində manqa və dəstə rəhbərlərinin təlimatlandırılması, onların Mülki Müdafiə tədbirlərinin təşkili və icrası ilə bağlı məlumatlandırılması həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun Fövqəladə Hallar üzrə Komissiyasının sədri, elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov Mülki Müdafiə tədbirlərinin institutun fəaliyyətində mühüm istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Xəzər Zeynalov bildirib ki, fövqəladə hadisələrin nə zaman və hansı formada baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmasa da, belə hallara hazırlıqlı olmaq və mümkün risklərin nəticələrini minimuma endirmək mümkündür. Bu baxımdan əməkdaşların maarifləndirilməsi, rəhbər heyətin hazırlıq səviyyəsinin artırılması və Mülki Müdafiə tədbirlərinin mütəmadi şəkildə keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, institutun illik fəaliyyət planına əsasən həyata keçirilən bu cür məşqlər əməkdaşların fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlandırılmasına, müvafiq qüvvə və vasitələrin düzgün istiqamətləndirilməsinə, eləcə də hadisə zamanı çevik və əlaqələndirilmiş fəaliyyətin təmin edilməsinə xidmət edir.

Daha sonra institutun Mülki Müdafiə Qərargahının sədri Cahid Hüseynov çıxış edərək institutun Mülki Müdafiə planı barədə ətraflı məlumat verib. O, planın əsas istiqamətləri, fövqəladə hallar zamanı görüləcək tədbirlər və struktur bölmələri arasında qarşılıqlı fəaliyyətin təşkili barədə danışıb.

Cahid Hüseynov qeyd edib ki, fövqəladə hadisələr zamanı əsas məqsəd ilk növbədə insanların həyat və sağlamlığının qorunması, onların təhlükəsiz ərazilərə təxliyəsinin düzgün təşkili, mümkün xəsarət və itkilərin qarşısının alınmasıdır. Eyni zamanda institutun yerləşdiyi binanın, maddi-texniki bazanın və digər əmlakın mühafizəsi, fövqəladə hadisənin nəticələrinin minimuma endirilməsi də mühüm vəzifələr sırasında yer alır.

Çıxış zamanı fövqəladə hadisələr zamanı Mülki Müdafiə qüvvələrinin fəaliyyətinin düzgün əlaqələndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, belə hallarda hər bir struktur bölmənin və məsul şəxsin üzərinə düşən vəzifəni əvvəlcədən bilməsi, verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi ümumi təhlükəsizlik tədbirlərinin səmərəliliyinə birbaşa təsir göstərir.

Mülki Müdafiə Qərargahının heyətinin, eləcə də MM qüvvələrinin komandir və rəis heyətinin mütəmadi olaraq maarifləndirilməsi, onların fövqəladə hallar zamanı fəaliyyət alqoritmləri ilə bağlı biliklərinin yenilənməsi və praktiki hazırlıqlarının gücləndirilməsinin zəruri olduğu bildirilib.

Məşq zamanı fövqəladə hadisələr zamanı xəbərdarlıq və məlumatlandırma sisteminin təşkili, əməkdaşların təxliyəsi, təhlükəsizliyin təmin edilməsi, Mülki Müdafiə qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsi, ilkin tədbirlərin həyata keçirilməsi və mümkün risklərin qarşısının alınması ilə bağlı məsələlərə toxunulub.

Həmçinin fövqəladə hallar zamanı rəhbər heyətin operativ qərar qəbul etməsinin, mövcud vəziyyəti düzgün qiymətləndirməsinin və qüvvə və vasitələrdən səmərəli istifadə etməsinin vacibliyi qeyd edilib.

Tədbir çərçivəsində institutun Mülki Müdafiə planının ayrı-ayrı müddəaları müzakirə olunub, rəhbər heyətin qarşısında duran vəzifələr nəzərdən keçirilib. İştirakçılar arasında Mülki Müdafiənin təşkili, fövqəladə hallar zamanı görüləcək tədbirlər və fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda qeyd olunub ki, Mülki Müdafiə sahəsində hazırlığın davamlı şəkildə artırılması, əməkdaşların maarifləndirilməsi və müvafiq təlim-məşqlərin mütəmadi keçirilməsi institutda təhlükəsiz iş mühitinin təmin olunmasına və fövqəladə hadisələrin mümkün nəticələrinin minimuma endirilməsinə mühüm töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: