AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi şurasının iclası keçirilib.
İclasda institutun elmi və təşkilati fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı mühüm məsələlər müzakirə olunub.
İclasın gündəliyində ilk olaraq Elmi şuranın tərkibində dəyişiklik məsələsinə baxılıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlləz Əhmədovun Şura üzvlüyündən çıxması, institutun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilən Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Rüxsarə Əlizadənin isə Elmi şuranın üzvlüyünə qəbul edilərək təsdiqlənməsi müzakirə olunub. Təklif Şura üzvləri tərəfindən dəstəklənib.
Daha sonra institutun əyani doktoranturasına qəbul olunmuş iddiaçıların dissertasiya mövzuları nəzərdən keçirilib. Mövzuların aktuallığı, elmi istiqamətlərə uyğunluğu və gələcək tədqiqatlar üçün əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda təqdim olunan mövzular təsdiq edilib.
İclasda, həmçinin “İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Böyükağa qızı Hüseynovanın doktorluq dissertasiyasını tamamlamaq üçün bir ay müddətinə akademik məzuniyyət verilməsi məsələsinə baxılıb. Elmi Şura üzvləri müraciəti müsbət qarşılayaraq akademik məzuniyyətin verilməsini məqsədəuyğun hesab ediblər.
İclasın sonuncu hissəsində nəşr məsələləri geniş müzakirə olunub. İlk olaraq Arxeologiya və Antropologiya İnstitutunun “İslam arxeologiyası” şöbəsinin baş elmi işçisi, sənətşünaslıq doktoru, professor Kübra Muxtar qızı Əliyevanın görkəmli xalçaçı-rəssam və xalçaşünas Lətif Kərimovun 120 illiyinə həsr etdiyi “Lətif Kərimov – 120” kitabı təqdim olunub. Əsərin Azərbaycan xalça sənətinin öyrənilməsi və Lətif Kərimovun zəngin elmi-yaradıcılıq irsinin təbliği baxımından əhəmiyyəti vurğulanıb.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə, rəyçiləri isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aidə Sadıqova təklif olunub.
Daha sonra İnstitutun “Təhsil” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əli qızı Əliyevanın “Роль Мурсала Наджафова в развитии азербайджанского искусствоведения” adlı monoqrafiyası müzakirəyə çıxarılıb. Azərbaycan sənətşünaslığının inkişafında Mürsəl Nəcəfovun roluna həsr olunan əsərin elmi əhəmiyyəti qeyd olunub. Monoqrafiyanın elmi redaktoru sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva, rəyçiləri isə kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov təklif olunub.
İclasda, həmçinin İnstitutun “Memarlıq tarixi və nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Mirlətif qızı Məmmədkərimovanın “Miniatür sənətində memarlığın təsviri” adlı monoqrafiyası təqdim edilib. Əsərdə miniatür sənətində memarlıq təsvirlərinin xüsusiyyətləri, memarlıq elementlərinin bədii ifadəsi və onların sənətşünaslıq baxımından əhəmiyyəti araşdırılır.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə, rəyçiləri isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Firdovsi oğlu Əliyev və BMA-nın müxbir üzvü Zərnaz Abdülbər qızı İmanzadə təklif olunub.
Beləliklə, Elmi şuranın iclasında institutun elmi fəaliyyətinin mühüm istiqamətlərini əhatə edən məsələlərə baxılıb, doktorantura, elmi kadrların fəaliyyəti və nəşr işləri ilə bağlı müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.