Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

09.10.2026 11:45
  • A-
  • A
  • A+

Dahi şəxsiyyət Aida xanım İmanquliyevanın elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir

Dahi şəxsiyyət Aida xanım İmanquliyevanın elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir

Ölümsüzlüyü dünyasını dəyişəndən sonra həyatda silinməz izlər qoyanlar qazanırlar. Belə dəyərli, unudulmaz soydaşlarımızın sırasında unudulmaz şərqşünas alim Aida xanım İmanquliyevanın özünəməxsus yeri var. Aida xanım istedadı, xeyirxahlığı, nəcibliyi, mərdliyi, sadəliyi, Vətənə sədaqəti, insanlara sevgisi ilə hər zaman seçilmiş, ucada dayanmışdır. Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər Aida xanımda ən yüksək təcəssümünü tapmışdı.

Professor Nərgiz Paşayevanın çıxışında qeyd edildiyi kimi: “O, doğrudan da, parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. Onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Bu insan, doğrudan da, mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O, göründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub”.

Professor Aida İmanquliyeva Azərbaycan ərəbşünaslıq elminin banilərindən biri, Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru və böyük elmi irs qoyub getmiş dahi şəxsiyyətdir. Onu dahi elm xadimi kimi səciyyələndirən əsas mənəvi xüsusiyyətlər bunlardır:

Aida xanımı yaxından tanıyanların xatirələrində o, xüsusi mənəvi səxavəti və həssaslığı ilə seçilir. Tələbələrinə yalnız müəllim kimi deyil, bir ana kimi qayğı göstərərdi. Ehtiyacı olan tələbələrə gizlicə maddi köməklik edər, diplom işlərinin çapına, kağız tapılmasına kömək edərdi. Onun tələbələri və həmkarları öz xatirələrində hər zaman qeyd edirlər ki, Aida xanım tələbələrinə qarşı yalnız tələbkar bir müəllim deyil, həm də həssas, qayğıkeş və ana kimi doğma bir insan olub. Çətin tapılan dərmanları əldə edərək xəstə insanlara çatdırması onun daxili fədakarlığının və humanist psixologiyasının bariz göstəricisidir. Aida xanım görkəmli ziyalı ailəsində doğulmasına və nüfuzlu mühitdə böyüməsinə baxmayaraq, xarakterində təkəbbürdən əsər-əlamət yox idi. Alim qadın hər kəsə ehtiramla yanaşan daxili mədəniyyətə sahib idi.

Aida xanım İmanquliyevanın zahiri kübarlığı və gözəlliyi onun zəngin iç dünyası, həm nümunəvi ana, həm də xeyirxah insan kimi hafizələrdə iz qoymuşdur. Aida İmanquliyevanın psixoloji portreti onun elmi irsi, idarəçilik fəaliyyəti və onu yaxından tanıyanların xatirələri əsasında formalaşır. Onun daxili dünyası yüksək intellektualizm, humanizm, mənəvi zəriflik və dəmir iradənin harmonik vəhdətindən ibarətdir.

Aida İmanquliyevanın şəxsiyyətini xarakterizə edən əsas psixoloji xüsusiyyətlər bunlardır:

Aida xanım hələ məktəb illərindən qızıl medalla, universiteti isə fərqlənmə ilə bitirmişdi. O, işinə son dərəcə intizamlı, sistemli və ciddi yanaşan bir şəxsiyyət idi. Bu xüsusiyyət onun Azərbaycanda ilk qadın şərqşünas elmlər doktoru və institut direktoru zirvəsinə ucalmasında mühüm psixoloji təkan olmuşdur.

Onun psixoloji portretində ən parlaq cizgilərdən biri insanpərvərlik və dərin empatiya hissi idi. Müasirlərinin xatirələrinə görə, o, ətrafındakı insanların, xüsusilə ehtiyacı olan tələbələrin və gənc alimlərin problemlərinə qarşı son dərəcə həssaslıq göstərir.

Bir tərəfdən Şərq-Qərb ədəbi əlaqələrini dərindən araşdıran, fəlsəfi ümumiləşdirmələr aparan güclü analitik zəka, digər tərəfdən isə tərcümə etdiyi və araşdırdığı bədii əsərlərin (məsələn, Cübran Xəlil Cübran, Mixail Nüeymə) poetik ruhunu hiss edə bilən zərif, bədii-emosional ruh onun daxili dünyasında sintez təşkil edirdi. O, yalnız elmi düsturlarla deyil, qəlbinin səsi ilə də düşünürdü.

Aida İmanquliyeva ərəb məhcər (mühacirət) ədəbiyyatını, xüsusilə Cübran Xəlil Cübran, Mixail Nüeymə və Əmin ər-Reyhaninin yaradıcılığını araşdırarkən sadəcə filoloji təhlillərlə kifayətlənməmiş, əsərlərin psixoloji və fəlsəfi qatlarına enmişdir. Görkemli şərqşünas alim, professor Aida İmanquliyevanın elmi və ictimai fəaliyyətində psixoloji cəhətlər həm onun tədqiq etdiyi ədəbi qəhrəmanların daxili dünyasına yanaşmasında, həm də bir alim, rəhbər və pedaqoq kimi nümayiş etdirdiyi şəxsi keyfiyyətlərdə özünü büruzə verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva isə Aida xanım haqqında belə yazır: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan elminin, düşüncələrinin, fəlsəfəsinin, İslam aləmində yayılmasına nail olmuşdur. Bütün bu sahələrdə Aida xanımın elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir”. 

Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

  • Paylaş: