Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2026 14:18
  • A-
  • A
  • A+

Riyaziyyat İnstitutunda gənc alimlər arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Riyaziyyat İnstitutunda gənc alimlər arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunda AMEA-nın və Riyaziyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şuraları arasında əməkdaşlığın inkişafına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Riyaziyyat İnstitutunun direktor v.m.i.e., direktor müavini, t.ü.e.d, dosent Elxan Səbziyev elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinin, xüsusilə gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması, onların müasir elmi istiqamətlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də elmi mühitdə fəallıqlarının artırılmasının mühüm vəzifələrdən olduğunu qeyd edib. Bildirib ki, gənc alimlərin birgə fəaliyyəti yeni ideyaların formalaşmasına, elmi təşəbbüslərin reallaşdırılmasına və tədqiqat nəticələrinin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Daha sonra çıxış edən AMEA Gənclər Akademiyasının sədri, k.ü.f.d., dosent Elmir Babayev fəaliyyət istiqamətləri, gənc alimlərin elmi və akademik inkişafı üçün yaradılan imkanlar, eləcə də gənclərin elmi idarəetmə və təşkilati proseslərdə iştirakının əhəmiyyəti barədə danışıb. O, gənc tədqiqatçıların elmi layihələrdə, konfrans və seminarlarda fəal iştirakının, müxtəlif elmi müəssisələr arasında əlaqələrin qurulmasının və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, gənc alimlər arasında davamlı əməkdaşlığın qurulması onların peşəkar inkişafına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və elmi fəaliyyətin səmərəliliyinin artırılmasına müsbət təsir göstərir.

Riyaziyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova şuranın qarşıya qoyduğu məqsədlər, fəaliyyət istiqamətləri və gənc tədqiqatçıların institutun elmi həyatında iştirakının genişləndirilməsi məsələlərindən bəhs edib. O, gənclərin elmi təşəbbüslərinin dəstəklənməsi, onların aktual problemlərə həsr olunmuş müzakirələrdə iştirakının təmin edilməsi, birgə layihələrin hazırlanması və elmi tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Həmçinin AMEA-nın Gənclər Akademiyası ilə əməkdaşlığın yeni imkanlar yaradacağını, gənc alimlərin bilik və təcrübə mübadiləsinə, elmi əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.

Tədbir çərçivəsində iki qurumun Gənc Alim və Mütəxəssislər Şuraları arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə elmi tədbirlərin təşkili, gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, seminar və konfranslarda iştirakının genişləndirilməsi, eləcə də gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Görüş gənc alim və mütəxəssislər arasında elmi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: