ADA Universitetinin Qazax Mərkəzinin magistrantları “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi çərçivəsində arxeoloji tədqiqatlarla tanış olublar.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, Keşikçidağ Kurqanlar Vadisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində elmi-tədqiqat və maarifləndirmə fəaliyyətləri davam etdirilir.
Layihənin əsas məqsədlərindən biri bölgənin zəngin arxeoloji irsinin öyrənilməsi, qədim tariximizin maddi sübutlarının elmi əsaslarla tədqiqi, eləcə də gənc nəslin milli-mədəni irsə marağının artırılması və arxeoloji biliklərin geniş auditoriyaya çatdırılmasıdır.
Bu məqsədlə ADA Universitetinin Qazax Mərkəzinin magistrantları arxeoloji qazıntı prosesi ilə yaxından tanış olmaq, aparılan elmi-tədqiqat işlərinin mahiyyətini öyrənmək və ərazinin tarixi əhəmiyyətini yerində müşahidə etmək məqsədilə səfərdə iştirak ediblər.
Qonaqlar arasında ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru və müəllimi, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun rəhbəri Şəfəq Mehrəliyeva və ADA Universitetinin Qazax Mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşova da olub.
Səfər zamanı magistrantlara Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji tədqiqatların istiqamətləri, qazıntı prosesinin elmi-metodoloji əsasları, aşkar olunan maddi-mədəniyyət nümunələrinin tarixi əhəmiyyəti, eləcə də onların qədim cəmiyyətlərin həyat tərzinin, sosial münasibətlərinin və mədəni inkişaf xüsusiyyətlərinin öyrənilməsində rolu barədə ətraflı məlumat verilib.
Qonaqlar ekspedisiya rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədov və institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfovla birlikdə arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələrinə baxış keçirib, sahə tədqiqatlarının gedişi ilə tanış olublar. Eyni zamanda, arxeoloji tapıntıların üzə çıxarılması, ilkin sənədləşdirilməsi, elmi təhlili və tarixi kontekstinin müəyyənləşdirilməsi prosesinin əhəmiyyəti diqqətə çatdırılıb.
Belə səfərlər ali təhsil müəssisələri ilə elmi-tədqiqat və mədəni irs qurumları arasında əməkdaşlığın inkişafına, nəzəri biliklərin praktiki müşahidələrlə zənginləşdirilməsinə, gənclərin elmi araşdırmalara marağının artırılmasına və arxeoloji irsin qorunması sahəsində ictimai məlumatlılığın yüksəldilməsinə mühüm töhfə verir.
“Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi çərçivəsində həyata keçirilən bu kimi fəaliyyətlər bölgənin qədim tarixinin və arxeoloji potensialının öyrənilməsinə, elmi biliklərin paylaşılmasına və milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.