Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.10.2026 11:19
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda “Tədqiqatdan istehsalata” mövzusunda dəyirmi masa keçirilib

Polimer Materialları İnstitutunda “Tədqiqatdan istehsalata” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti (SDU) PHŞ tabeliyində Polimer Materialları İnstitutunda (PMİ) “Tədqiqatdan istehsalata” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin guşəsi ziyarət olunub.

Sonra tədbir dəyirmi masa ətrafında davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra institutun direktoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Fariz Əmirli tədbiri açıq elan edərək sözü SDU-nun rektoru texnika elmləri doktoru, professor Nurəli Yusifbəyliyə verib. Rektor iştirakçıları salamlayaraq elm, təhsil və sənaye əməkdaşlığının inkişafı və elmi-tədqiqat nəticələrinin istehsalata tətbiqinin vacibliyini vurğulayıb. Bildirilib ki, elm və sənaye əməkdaşlığının inkişaf etdirilməsi, texnologiyaların transferi və tətbiqi tədqiqatların genişləndirilməsi, əməkdaşlığın yeni keyfiyyət mərhələsinə yüksəlməsinə şərait yaradacaq.

Sonra PMİ-nin fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və elmi potensialını əks etdirən video-çarx nümayiş olunub.

Dəyirmi masada “Azərkimya” İB, Etilen-Polietilen Zavodu, SOCAR Karbamid Zavodu, “SOCAR Polymer” MMC, “Fin-Plast International” MMC, “METAK” MMC, Tekoplast, “El-Plastik” MMC, “STP Polymer” MMC, “Polymart” MMC, “Nur Kauçuk” MMC, “FAB Boya və Kimya Sənayesi”, SOBSAN BOYA, “CMT” Group MMC, Sumqayıt Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci və Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələri iştirak ediblər. Daha sonra çıxışlar dinlənilib.

PMİ-nin laboratoriya müdirləri – kimya elmləri doktoru,  professor Nəcəf Qəhrəmanov, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru,  professor Valeh Cəfərov, şöbə müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qasımova, SOCAR Karbamid zavodunun istehsalat üzrə direktoru Şöhrət Mirzəyev, “METAK” MMC-nin baş texnoloqu  Xəqani Nəsibov, “CMT” Group MMC-nin sədr və baş icraçı direktoru  Vüqar Hacı, Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov, “SOCAR Polymer” MMC-nin məhsulun keyfiyyətinə nəzarət üzrə direktoru Elvira Babayeva, “FAB Boya və Kimya Sənayesi” MMC-nin baş icraçı direktoru Levent Sencan, “El Plastik” MMC-nin direktor müavini Mahmud Şirinov çıxış ediblər.

Elm-sənaye əməkdaşlığının perspektivlərinin müzakirə olunduğu dəyirmi masada sənaye müəssisələrinin aktual texnoloji və material problemləri, yaşıl kimya və bərpa olunan enerji texnologiyalarının sənayedə tətbiqi, institutun elmi potensialının bu problemlərin həllində rolu, sənaye müəssisələri ilə davamlı əməkdaşlıq mexanizmi, elmi-tədqiqat nəticələrinin laboratoriyadan istehsalata keçirilməsində əsas maneələr, birgə layihələrin həyata keçirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.

Sonda dəyirmi masanın nəticələri ümumiləşdirilərək “Tədqiqatdan istehsalata” keçidi sürətləndirmək üçün konkret birgə addımlar atılması planlaşdırılıb. Dəyirmi masa iştirakçılarının fikir mübadiləsi çay süfrəsi ətrafında davam edib və ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsi ilə tədbir yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: