AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövləti: dövlətçilik tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev çıxış edərək Azərbaycan dövlətçilik tarixinin dərindən öyrənilməsinin əhəmiyyətinə toxunub, Səfəvilər dövlətinin tariximizdəki yeri və rolunun araşdırılmasının vacibliyini vurğulayıb. Direktor müavini İlqar Niftəliyev bu istiqamətdə aparılan elmi tədqiqatların Azərbaycan dövlətçilik ənənələrinin xüsusiyyətlərinin, tarixi irsimizin dərki baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Dəyirmi masa çərçivəsində Azərbaycanın XV–XVIII əsrlər tarixinə, Səfəvilər dövlətinin siyasi və dini həyatına, eləcə də Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan tarixi şəxsiyyətlərə həsr olunmuş məruzələr dinlənilib.
Azərbaycanın XV–XVIII əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli “Şah İsmayılın Azərbaycan dövlətçilik tarixində yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib, Şah İsmayılın Azərbaycan dövlətçilik tarixindəki mövqeyi və dövlətçilik ənənələrinin formalaşmasındakı rolunu diqqətə çatdırıb.
Azərbaycanın XV–XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn “Səfəvi dövlətinin tarixində Mərv Qacarlarının yeri” mövzusunda çıxış edib. Məruzədə Mərv Qacarlarının Səfəvi dövlətinin tarixindəki yeri və əhəmiyyəti məsələlərinə toxunulub.
Şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Lamiya Qafar-zadə səfəvilərin etno-linqvistik mənşəyini ingilis agentlərinin məlumatları əsasında araşdıraraq “O məndən soruşdu ki, mən gavuram, yoxsa müsəlman: İngilis Moskva Şirkətinin agentlərinin hesabatlarında Səfəvi imperiyasının dini həyatı” adlı məruzə ilə çıxış edib. Məruzədə İngiltərə Moskva Şirkətinin agentlərinin hesabatları əsasında Səfəvi imperiyasının dini həyatının araşdırılması məsələlərinə diqqət yetirilib.
Dəyirmi masa Azərbaycan Səfəvilər dövlətinin tarixinin, dövlətçilik ənənələrinin və həmin dövrün siyasi və dini həyatının elmi baxımdan müzakirəsi ilə yadda qalıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.