AMEA Naxçıvan Bölməsi və Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrında ölkənin son dərəcə çətin və ağır bir dövründə Naxçıvan şəhərində yaradılıb. Həmin dövrün mürəkkəb tarixi şəraitindən, Ermənistanın torpaqlarımızı işğalından, daxildə isə dərin qarşıdurmaların və idarəolunmaz böhranın hökm sürdüyündən danışan akademik bildirib ki, cəmiyyətin qabaqcıl ziyalıları və nümayəndələri Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyini dərk edərək ona müraciət etmiş, 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider əvvəlcə atəşkəs rejiminin əldə olunmasını təmin etmiş, ardınca isə ölkənin iqtisadi müstəqilliyinin təməlini qoyan tarixi “Əsrin müqaviləsi”ni imzalamışdır.
Akademik qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi, ölkə başçısının qətiyyətli və müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibi bir dövlətə çevrilib. Ölkəmizin Mərkəzi Asiya respublikaları ilə sıx əməkdaşlıq etdiyini, Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik etdiyini, D-8 təşkilatının üzvü olduğunu diqqətə çatdıran akademik İsmayıl Hacıyev, ölkəmizin bu gün qlobal miqyasda “Orta güc” kimi qəbul olunduğunu bildirib.
Prezidentin çıxışında vurğulandığı kimi, vaxtilə “Qarabağ Ermənistandır” deyənlərin bu gün “Qarabağ Azərbaycandır” reallığı ilə barışdığını və ölkəmizin ərazi bütövlüyünün rəsmi olaraq tanındığını qeyd edən akademik, dövlət başçısının sosial-iqtisadi inkişaf, təhsil, yüksək elmi biliklərə malik kadrların hazırlanması və milli təhlükəsizliyin qorunması ilə bağlı irəli sürdüyü hədəflərin əhəmiyyətini qeyd edib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli çıxışında qurultayda ölkə başçısının Yeni Azərbaycan Partiyasının fəaliyyətinə yüksək qiymət verdiyini qeyd edərək bildirib ki, YAP yalnız ölkəmizin deyil, bütövlükdə regionun ən böyük siyasi təşkilatıdır.
Elman Cəfərli 44 günlük müharibədə əldə edilən Zəfərdən sonrakı dövrdə Ermənistanla sülh müqaviləsi istiqamətində atılan addımlarda ölkəmizin beynəlxalq arenada qazandığı əhəmiyyətli nüfuzun rolunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan XXI əsrin güclü, nüfuzlu qalib dövlətidir və inkişaf yolu məhz Ulu Öndər Heydər Əliyev yoludur.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası yalnız ölkədaxili siyasi həyatla məhdudlaşmır, son illərdə Asiya ölkələri, Çin, Vyetnam, Rusiya, Türkiyə, Macarıstan və digər dövlətlərin aparıcı partiyaları ilə qarşılıqlı faydalı əlaqələr qurur, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olaraq dövlətimizin inkişafına mühüm töhfələr verməkdə davam edir.
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, tarix elmləri doktoru, AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatının sədri Zeynəb Quliyeva bildirib ki, YAP-ın VIII qurultayının məhz yeni geosiyasi şəraitdə gerçəkləşməsi Zəfər tariximizin başlıca nəticələrinin real təhlili və qazanılan uğurların davamlılığının təmin olunmasını şərtləndirən prioritet vəzifələrin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Zeynəb Quliyeva qurultayın Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirildiyini vurğulayaraq bu yeni geosiyasi reallığın arxasında xalqın dövlət və ordu ətrafında sıx birləşməsi, milli və dövlətçilik dəyərlərinə sədaqət, həmçinin qəhrəman şəhidlərimizin və qazilərimizin timsalında nümayiş etdirilən yüksək vətənpərvərlik amillərinin dayandığını bildirib.
Qeyd edilib ki, 44 günlük şanlı Qələbə, hərbi, iqtisadi, diplomatik və mədəni quruculuq sahələrində əldə edilmiş uğurlu nəticələr ölkə daxilində və beynəlxalq müstəvidə yüksək qiymətləndirilən güclü Azərbaycanın mənzərəsini ortaya qoyur. Zeynəb Quliyeva qarşıda duran əsas vəzifələr sırasında hərbi gücün daha da artırılmasının, ideoloji təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin, Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsinin və xalqımızın sosial müdafiəsinin daha da yüksəldilməsinin Azərbaycan gələcək inkişaf perspektivləri üçün mühüm rolunu diqqətə çatdırıb.
Tədbirdə YAP fəallarının ölkənin inkişafındakı rolu yüksək qiymətləndirilib və qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.