Hüquqi dövlətin təməl vəzifələrindən biri həm fərdin fundamental azadlıqlarını təmin etmək, həm də dövlətin konstitusion quruluşunu xarici və daxili təhdidlərdən qorumaqdır. Müasir Azərbaycan dövlətçiliyində dünyəvilik prinsipi ilə vicdan azadlığı arasındakı münasibət ilk baxışda ziddiyyətli kimi görünsə də, əslində bir-birini tamamlayan iki hüquqi sütundur.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətin demokratik, hüquqi və dünyəvi xarakterini təsbit edir. Dünyəvilik prinsipi dövlətin dinə qarşı olması deyil, dövlətin bütün dini konfessiyalara bərabər məsafədə durması, dövlət idarəçiliyinin və ictimai institutların dini ehkamlar əsasında qurulmamasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığı hüququnu qoruyur. Bu hüquq fərdin istədiyi dinə etiqad etmək və ya heç bir dinə inanmamaq; dini ayin və mərasimlərdə sərbəst iştirak etmək; öz dini inancını dinc yolla ifadə etmək hüququnu ehtiva edir.
Hüquqi baxımdan fərdin geyimi, zahiri görünüşü və ya hicab taxması vicdan azadlığının fərdi ifadə forması kimi təfsir olunur. Lakin bu azadlıq mütləq və məhdudiyyətsiz deyildir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 9-cu maddəsi (Fikir, vicdan və din azadlığı) vicdan azadlığının toxunulmazlığını bəyan etməklə yanaşı, onun məhdudlaşdırılma şərtlərini də dəqiq müəyyən edir. Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndinə görə, dinə və ya əqidəyə etiqad etmək azadlığı yalnız, ictimai təhlükəsizlik, ictimai qaydanın, sağlamlığın və ya mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi naminə qanunla məhdudlaşdırıla bilər.
Bu hüquqi çərçivə göstərir ki, dövlətin ictimai sahədə müəyyən hüquqi qadağalar tətbiq etməsi özlüyündə hüquq pozuntusu deyil, legitim təhlükəsizlik və idarəetmə səlahiyyətidir.
Məsələnin ən həssas hüquqi düyünü dövlət təhlükəsizliyi qayğısının bitdiyi və fərdi hüquqların məhdudlaşdırılmasının başladığı incə sərhəddə yaranır.
Müasir hüquq nəzəriyyəsində bu balansı qoruyan başlıca meyar mütənasiblik prinsipidir. Həmin prinsipə görə, dövlətin tətbiq etdiyi hər bir təhlükəsizlik tədbiri qarşıya qoyulan real ictimai təhlükənin miqyası ilə ölçülməli, hüquqi məsuliyyət və inzibati məhdudiyyətlər isə sırf fərdiləşdirilmiş hüquq normalarına söykənməlidir.
Məlumdur ki, xarici dairələrin dindən siyasi təzyiq və təxribat vasitəsi kimi istifadə etməsi dövlətçiliyimiz üçün real təhlükəsizlik təhdididir. Dövlətin öz suverenliyini və dünyəvi quruluşunu qorumaq üçün bu cür şəbəkələrə qarşı sərt tədbirlər görməsi tamamilə qanuni və təbiidir. Lakin burada hüquqi və siyasi tədbirlər elə aparılmalıdır ki, heç bir cinayəti, xəyanəti və ya radikallığı olmayan, dövlətinə sadiq inanclı vətəndaşların haqq və hüquqları qorunsun. Azərbaycan dövləti də məhz bu xətti əsas tutur.
Nəticə etibarilə ortaq məxrəc çox aydındır: dövlətin kənar təsirlərdən və təxribatlardan qorunmaq hüququ nə qədər təbiidirsə, bu prosesdə hər kəsin inancına ehtiramla yanaşılması da bir o qədər vacibdir.
Azərbaycanda dövlət-din münasibətlərini və son illərdə müşahidə olunan həssas prosesləri yalnız daxili hüquq normaları çərçivəsində təhlil etmək məsələnin mahiyyətini tam açmır. Mövzunun kökündə Cənubi Qafqazın mürəkkəb geosiyasi arxitekturası, regional güc mərkəzlərinin toqquşan maraqları və dini hisslərin transmilli səviyyədə bir hibrid müharibə alətinə çevrilməsi reallığı dayanır. Müasir beynəlxalq münasibətlərdə kəşfiyyat-təxribat fəaliyyətləri artıq təkcə hərbi və ya diplomatik cəbhələrdə deyil, birbaşa ideoloji və mənəvi sahələrdə, xüsusilə də məzhəb və inanc platformaları üzərindən həyata keçirilir.
Xüsusilə II Qarabağ Müharibəsindən sonra yaranan yeni reallıq bu ideoloji toqquşmanı daha kəskin mərhələyə daşıdı. Azərbaycanın tarixi zəfəri və regionda müstəqil güc mərkəzinə çevrilməsi bəzi qonşu teokratik mərkəzləri ciddi narahat etdi və onlar rəsmi sərhədləri aşaraq ölkə daxilində öz ənənəvi “mədəni və mənəvi sərhədlərini” genişləndirmək təşəbbüslərini nəzərəçarpacaq dərəcədə intensivləşdirdilər. Kənar güclərin bu ekspansiya siyasətinin təməlində vətəndaşın milli dövlətçiliyə və konstitusion nizama olan hüquqi sədaqətini dini-məzhəbi bağlılıqla əvəzləmək cəhdi durur. Belə yanaşma nəticəsində dini kimliyin milli və dünyəvi kimlikdən üstün tutulması təşviq edilir, ənənəvi inanclar və fərdi dini rəmzlər isə mərhələli şəkildə kənar siyasi doktrinaların təmsilçisinə çevrilməyə çalışılır. Bu yolla yerli dindar kəsimi mərhələ-mərhələ dövlət təsisatlarına yadlaşdırmaq və zərurət yarandıqda daxili təzyiq rıçaqı kimi istifadə etmək planlaşdırılır.
Xarici ideoloji təsir şəbəkələrinin tətbiq etdiyi ən dağıdıcı taktika isə cəmiyyət daxilində süni qütbləşmə yaratmaq və “məzlumiyyət” mifi formalaşdırmaqdır. Dövlətin radikalizmlə mübarizə, milli təhlükəsizliyi və dünyəvi quruluşu qorumaq məqsədilə atdığı hər bir legitim addım bu şəbəkələr tərəfindən informasiya resursları və sosial şəbəkələr vasitəsilə bilərəkdən “dinə və inanca qarşı təzyiq” kimi tirajlanır. Nəticədə ictimai sahədə dərin çatların yaranmasına rəvac verilir, dünyəvi və dini dünyagörüşünə malik vətəndaşlar arasında qarşılıqlı inamsızlıq körüklənir. Dini atributları, o cümlədən hicab kimi fərdi etiqad ifadəsi olan elementləri belə manipulyasiyalar nəticəsində kənar güclərin siyasi varlığının nümayişinə çevirməyə cəhd edilir.
Məhz bu amillər dövlətin təhlükəsizlik orqanlarında tamamilə legitim, zəruri və ayıq-sayıq bir müdafiə refleksi formalaşdırır. Hər bir suveren dövlət öz konstitusion quruluşuna, çoxkonfessiyalı sabitliyinə və daxili ictimai harmoniyasına yönələn bu cür kənar təsirləri zərərsizləşdirmək məcburiyyətindədir. Lakin xarici güclərin qurduğu bu geosiyasi tələnin ən böyük zərbəsi məhz yerli zəminə dəyir: kənar mərkəzlərin dini öz maraqlarına alət etməsi nəticəsində cəmiyyətdə bütün inanclı insanlara qarşı şübhə meyilləri güclənir və beləliklə, təhlükəsizliyin qorunması məqsədilə atılan ümumi addımlar dövlətinə tam sadiq olan, vətənpərvər dindarları da qeyri-ixtiyari olaraq təcrid olunma riski ilə üz-üzə qoyur.
Ortaq məxrəc aradakı etimad körpüsünün uçulmasına imkan verməmək, vətəndaşlıq bağını dini mənsubiyyətdən asılı olmayaraq hər kəs üçün ən ali ortaq dəyərə çevirməkdir.
Bu mürəkkəb prosesdə bütün məsuliyyəti yalnız dövlət institutlarının üzərinə qoymaq problemin həllini yarımçıq saxlayar; vətəndaş cəmiyyəti, ziyalılar, media və ən əsası mütərəqqi dindar kəsimin özü də bu sahədə dövlətə fəal dəstək verməlidir. Xarici təfriqəçi mərkəzlərin dini hisslər üzərindən qurduğu tələləri vaxtında zərərsizləşdirmək üçün ictimai şüur səviyyəsində ağla qaranı ayırd etməyi bacaran ayıq-sayıq bir həmrəylik mühiti formalaşmalıdır.
Burada ən böyük mənəvi və vətəndaşlıq məsuliyyəti məhz müasir dünyagörüşlü inanclı təbəqənin üzərinə düşür. Onlar öz saf inanc dəyərlərinin kənar siyasi maraqlara alət edilməsinə, ölkə daxilində məzhəb əsaslı qarşıdurma toxumlarının səpilməsinə hamıdan tez və qətiyyətlə etiraz etməlidirlər. İnanclı icmalar daxilində radikal çağırışlara, xarici teokratik doktrinaların təbliğinə və dövlətçiliyə zidd meyillərə qarşı daxili bir immunitet yaranmalı, bu cür təxribatçı ünsürlər səmimi dindarlar tərəfindən açıq şəkildə pislənməlidir. Yalnız səmimi dindarların özləri radikallıqla vətənpərvərlik arasına dəqiq xətt çəkdikdə, kənar qüvvələrin «məzlumiyyət» maskası ifşa olunar və cəmiyyətdə mövcud olan dini-radikal mühit zərərsizləşdirilər.
Bütün bu ziddiyyətlərin qarşısını alacaq ən ümdə və strateji çıxış yolu isə tarixən xalqımıza məxsus İslam dəyərlərini özündə cəmləşdirən müstəqil dini modelin formalaşdırılmasıdır. Yad coğrafiyalardan, xüsusilə teokratik mərkəzlərdən idxal olunan, cəmiyyətimizin tarixi təbiətinə və dünyəvi ruhuna zidd olan dini-mənəvi ənənələr və geyim tərzləri çox vaxt fərdi inancdan daha çox kənar siyasi təsirin nümayişinə çevrilir.
Bunun əvəzinə, xalqımızın əsrlər boyu formalaşmış ismət, abır-həya və milli geyim mədəniyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq, ənənəvi Azərbaycan qadınının zərif və mötədil örtünmə formasını təşviq etmək lazımdır. Bu kontekstdə təhsil ocaqlarında tətbiq olunan vahid məktəbli geyim forması sağlam mənəvi mühitin və bərabərlik prinsiplərinin təşviqinə etibarlı zəmin yaradır. Çünki vahid forma gənc nəsli bir tərəfdən kənar teokratik mərkəzlərdən yeridilən yad dini təsirlərdən və radikal simvollardan qoruyursa, digər tərəfdən ifrat dərəcədə açıq-saçıq, milli əxlaq kodeksimizə zidd olan və zərərli liberal tendensiyaları təbliğ edən geyim tərzlərindən də eyni dərəcədə mühafizə edir. İctimai məkanda hər iki ifrat qütbdən — həm radikal dini doqmatizmdən, həm də mənəvi aşınmaya rəvac verən meyillərdən arınmış, milli identikliyimizlə vəhdət təşkil edən yerli geyim formalarının və milli modelin bərqərar olması həm cəmiyyətin mənəvi rahatlığını təmin edər, həm də kənar qüvvələrin dəyərlər üzərindən qurduğu ideoloji tələləri kökündən zərərsizləşdirər.
Bu immunitetin və ayıq-sayıqlığın ən etibarlı təməllərindən ən vacibi isə məhz dünyəvi təhsildir. Cəmiyyəti xarici manipulyasiyalardan qoruyan ən güclü sipər tənqidi təfəkkürə, müasir dünyagörüşünə və milli şüura malik savadlı nəsillərin yetişməsidir. İnanclı ailələr üçün qız övladlarının dünyəvi təhsildən kənarda qalması və ya təhsil ilə inanc arasında süni bir dilemma yaradılması ən böyük xarici təhdid və tələlərdən biridir. Hər hansı bir seçim qarşısında qaldıqda məhz təhsili seçmək, elmin və dünyəvi biliklərin ardınca getmək zəruridir; çünki savadlı, peşə sahibi olan və cəmiyyətə inteqrasiya etmiş inanclı xanım heç vaxt kənar şəbəkələrin təsirinə asanlıqla düşməz. Əksinə, təhsil dindarı təkcə radikalizmin və ideoloji asılılığın girovuna çevrilməkdən deyil, eyni zamanda gələcəkdə böyük risq daşıyan cahillikdən, məişət köləliyindən və erkən nikah kimi ağır sosial təhlükələrdən qoruyan ən etibarlı qalxandır.
Azərbaycanın dünyəvi modeli dinə qarşı mübarizə deyil, dini dəyərləri siyasi alətə çevrilməkdən xilas edərək hər kəsin vicdan azadlığına təminat verən bərabərhüquqlu bir sistemdir. Əsası Azərbaycan Xalq Cümhuriyyətinin baniləri tərəfindən qoyulan bu mütərəqqi dünyəvilik prinsipi bizə ötürülən tarixi bir mirasdır və onu yad təsirlərdən qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq məsuliyyətidir. Dövlətin təhlükəsizlik qayğıları ilə vətəndaşın fərdi ləyaqəti arasında qurulan etimad körpüsü qorunduqca, xarici təhdidlər zərərsizləşəcək və 44 günlük Vətən Müharibəsində canını sipər etmiş bütöv xalqın monolit birliyi daha da sarsılmaz olacaq. Yalnız bu möhkəm vəhdət və sağlam milli şüur sayəsində heç bir inanc xarici təhdidlərin kölgəsində qalmayacaq, vicdan azadlığı dövlətçiliklə çiyin-çiyinə öz həqiqi ucalığını qoruya biləcək.
Mübariz Ağalarlı, AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosenti