Noyabrın 4-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses - 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Ədəbiyyat İnstitutunun alimləri, tanınmış yazarlar, ədəbiyyatşünaslar, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə foyedə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış olub.
Müşavirəni giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq ədəbi prosesin İkinci Qarabağ müharibəsindən sonrakı illərinin əsasən Zəfər diskursu üzərində kökləndiyini bildirib. Vurğulayıb ki, bu, ədəbiyyatda təbii bir prosesin ifadəsidir.
“Böyük Qayıdış ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli 2025-ci ilin ədəbi mənzərəsində Qarabağ Zəfəri və Böyük Qayıdış mövzusunun bədii ədəbiyyatda yeni məzmun və yanaşmalarla təzahür etdiyini bildirib. Qeyd edib ki, Qarabağda qazanılmış tarixi Zəfər Azərbaycan ədəbiyyatı qarşısında uzun illər aktual qalacaq və müxtəlif janrlarda fundamental bədii əsərlərin yaranmasına zəmin yaradacaq böyük mövzudur.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Zəfərdən sonra bu hadisənin ədəbiyyatda ilkin emosional ifadəsi tədricən daha dərindən dərk və təhlil mərhələsi ilə əvəzlənir. Əgər əvvəlki illərdə əsərlərdə daha çox müharibə xatirələri, qaçqınlıq və məcburi köçkünlük dövrünün ağrılı yaşantıları əks olunurdusa, 2025-ci ildə Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və “Böyük Qayıdış” prosesini vahid tarixi kontekstdə təqdim etmək meyli güclənib.
Onun sözlərinə görə, “Böyük Qayıdış” yalnız insanların doğma torpaqlarına köçü deyil, həm də tarixi yaddaşın, milli kimliyin və həyatın yenidən bərpası prosesidir. Bu baxımdan, yeni ədəbi nümunələrdə doğma yurda qayıdışın yaratdığı sevinc və həyəcanla yanaşı, keçmişin faciəli hadisələrinə qayıdış, müharibənin nəticələrinin dərki və qazanılmış Zəfərin tarixi əhəmiyyətinin bədii ifadəsi də ön plana çıxır.
“2025-ci ildə “Böyük Qayıdış” mövzusuna müraciət edən nəsr və dramaturgiya nümunələrinin yaranması bu istiqamətdə yeni ədəbi mərhələnin başlandığını göstərir”, – deyən AMEA rəhbəri bildirib ki, ayrı-ayrı şeir və hekayələrlə yanaşı, mövzunun daha geniş epik miqyasda, xüsusilə roman və dram əsərlərində işlənilməsinə ehtiyac var. Akademik İsa Həbibbəyli, həmçinin bölgələrdə ədəbi yaradıcılığın inkişafının, yerli müəlliflərin yaradıcılıq potensialının üzə çıxarılmasının vacibliyini vurğulayaraq, Azərbaycan ədəbiyyatının yalnız ölkə daxilində deyil, dünya miqyasında tanınan və qəbul edilən bədii dəyərlər yaratmasının önəminə toxunub.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 2025-ci ilin ədəbi prosesinin müzakirəsinin bədii yaradıcılıqda keyfiyyət meyarlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Qarabağ Zəfəri və “Böyük Qayıdış” mövzularında indiyədək çoxsaylı şeir, hekayə və romanlar qələmə alınıb. Bu əsərlər arasında yüksək bədii keyfiyyətə malik nümunələrlə yanaşı, daha çox şablon xarakteri daşıyan yazılar da mövcuddur. Ədəbi prosesə dair elmi müzakirələr və tənqidi təhlillər bu mövzuda yazılan əsərlərin bədii-estetik səviyyəsinin yüksəldilməsinə, mövzuya daha dərindən yanaşılmasına mühüm təsir göstərə bilər.
Rəşad Məcid, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinin ədəbi prosesin öyrənilməsi baxımından diqqətəlayiq hadisə olduğunu deyərək, gələcək illərdə sərginin ədəbi mühitə, oxucu marağına və nəşriyyat fəaliyyətinə təsirinin ayrıca tədqiqat mövzusu kimi araşdırılmasını təklif edib. O, sərgidə detektiv ədəbiyyata marağın artdığını, gənc müəlliflərin müharibə, şəhid ailələri, cəmiyyətin mənəvi-psixoloji vəziyyəti və nəsillərarası dünyagörüşü fərqləri kimi mövzulara müraciət etdiklərini diqqətə çatdırıb. AYB-nin sədr müavini bu əsərlərin ədəbi tənqid baxımından təhlil edilməsinin yeni ədəbi meyillərin müəyyənləşdirilməsinə imkan yaradacağını bildirib.
Kitab sərgisində müşahidə etdiyi oxucu fəallığından da bəhs edən Rəşad Məcid vurğulayıb ki, müxtəlif yaş və peşə qruplarından olan insanların kitablara, o cümlədən xarici müəlliflərin əsərlərinə göstərdiyi maraq Azərbaycanda geniş oxucu auditoriyasının mövcudluğunu təsdiqləyir. O, gələcək “Ədəbi proses” müşavirələrində Bakı Beynəlxalq Kitab Sərgisinin, müasir detektiv ədəbiyyatın və yeni nəsil müəlliflərin yaradıcılığının ayrıca təhlil edilməsinin məqsədəuyğun olduğunu bildirib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan isə çıxışında müasir dövrdə süni intellektin sürətlə inkişafının ədəbiyyata və bütövlükdə bəşəriyyətin mənəvi dəyərlərinə təsirlərinə diqqət çəkib. O, süni intellektin artıq həyatın bütün sahələrinə nüfuz etməklə yanaşı, ədəbi mətnlərin, musiqi əsərlərinin və digər yaradıcılıq nümunələrinin istehsalında da iştirak etdiyini bildirib. Hazırda süni intellekt vasitəsilə yaradılan ədəbiyyat nümunələrinin meydana çıxmasının müəlliflik, yaradıcılıq, sənət və bədii dəyər anlayışlarına yeni yanaşmalar tələb etdiyini diqqətə çatdırıb.
Azər Turanın qeyd edib ki, süni intellektin yaratdığı mətn və musiqi nümunələri müəyyən maraq doğursa da, burada insan yaradıcılığını səciyyələndirən ruhun, emosional yaşantının və mənəvi dərinliyin mövcudluğu məsələsi xüsusi müzakirə predmetidir. O, texnologiyanın müsbət imkanlarını inkar etmədən, onun bəşəriyyətin təsəvvürlərinə, yaddaşına və dəyərlər sisteminə mümkün təsirlərinin akademik və intellektual müstəvidə diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb. Baş redaktor növbəti “Ədəbi proses” müşavirəsində “Süni intellekt və ədəbiyyat” mövzusunun ayrıca müzakirəyə çıxarılmasını təklif edib. Bildirib ki, süni intellektin ədəbi yaradıcılığa təsiri, yaratdığı əsərlərin mahiyyəti və müəllifin yaradıcılıq prosesindəki yeri müasir ədəbiyyatşünaslığın diqqət yetirməli olduğu aktual məsələlərdəndir.
Tədbirdə çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı-publisist Təranə Vahid müşavirənin ədəbi prosesin təhlili, aktual ədəbi tendensiyaların müəyyənləşdirilməsi və yaradıcılıq mühitinin inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışçılar Ədəbiyyat İnstitutunun bu istiqamətdə həyata keçirdiyi elmi və ədəbi-tənqidi fəaliyyətin, xüsusilə Zəfər Gününün tarixi və mənəvi məzmununun ədəbiyyatda təbliği və bədii dərkinə verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Daha sonra Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova “2025-ci ilin ədəbi mənzərəsi - sözün yaddaşından gələcəyə yolçuluğu” adlı geniş məruzə ilə çıxış edib. O, 2025-ci ilin Azərbaycan ədəbiyyatının əsas mövzu və tendensiyalarını təhlil edərək ötən ilin ədəbi mənzərəsinin milli yaddaş, suverenlik, Qarabağa qayıdış, Qərbi Azərbaycan irsi və türk dünyası ilə ədəbi-mədəni əlaqələr kontekstində formalaşdığını diqqətə çatdırıb. Məruzədə klassik ədəbi irsin araşdırılması, müasir ədəbiyyat nümunələri, yeni nəşrlər, ədəbi müzakirələr və Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlərə nəzər salınıb.
Elnarə Akimova, həmçinin süni intellektin və rəqəmsal texnologiyaların ədəbiyyata təsiri, müasir dövrdə bədii mətnin dəyəri və sənətin cəmiyyətdəki missiyası məsələlərinə toxunub. Vurğulayıb ki, dəyişən dünyada ədəbiyyatın başlıca vəzifələrindən biri tarixi və milli yaddaşı qorumaqla yanaşı, insanın mənəvi dünyasını, fərdi yaşantılarını və dövrün reallıqlarını bədii söz vasitəsilə gələcək nəsillərə çatdırmaqdır.
Tədbirdə filologiya elmləri doktoru Vaqif Yusifli “Şairlər və yollar (2025-ci ilin poeziyası ilə bağlı qeydlər)”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “2025-ci ilin Azərbaycan nəsri: mövzu və poetika axtarışları”, filologiya elmləri doktoru Cavanşir Yusifli “Tənqid ölçüsü”, professor Asif Rüstəmli “Ədəbiyyatşünaslıq sənəti”, filologiya üzrə fəlsəfə doktorları Südabə Ağabalayeva “Ədəbi gəncliyin bədii üfüqləri – 2025”, Şahanə Əliyeva “Azərbaycan dramaturgiyası – 2025”, Nurlana Məmmədova “Bölgələrdə ədəbi həyat”, filologiya elmləri doktorları Pərvanə Məmmədli “Güney Azərbaycanda ədəbiyyat: ilin ədəbi-mədəni mənzərəsi, əsas meyarlar və problemlər” mövzularında məruzələrlə çıxış ediblər.
Müşavirədə, həmçinin Elçin Mehrəliyevin “Böyük qayıdış: xatirələr, duyğular, arzular publisistikada”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Qəmbərlinin “Azərbaycan uşaq ədəbiyyatı 2025-ci ildə: müasir tendensiyalar, nəşr prosesi və inkişaf istiqamətləri”, filologiya elmləri doktoru Lalə Həsənovanın “Azərbaycanın rusdilli ədəbiyyatı – 2025”, filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlunun “Naxışlar və yanlışlar (Tərcümə – 2025)”, Orxan İsayevin “2025-ci il iraq-türkmən ədəbiyyatında ədəbi mənzərə: poeziya ənənələrinə sədaqət”, eləcə də Ayna Əhmədlinin “Sosial şəbəkə ədəbiyyatı” adlı məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.