Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.11.2026 10:24
  • A-
  • A
  • A+

MEK-in direktoru Türkiyənin Antalya şəhərində keçirilən ANKOSLink2026 Beynəlxalq Konfransında iştirak edir

MEK-in direktoru Türkiyənin Antalya şəhərində keçirilən ANKOSLink2026 Beynəlxalq Konfransında iştirak edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov noyabrın 16–19-da Türkiyənin Antalya şəhərində keçirilən ANKOSLink2026 Beynəlxalq Konfransında iştirak edir.

Antalya Bilim Universitetinin ev sahibliyi və təşkilati dəstəyi ilə keçirilən konfransın builki mövzusu “Konsorsiumların yenidən müəyyənləşdirilməsi və yeni informasiya ekosistemi”dir.

30-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıldığı beynəlxalq konfransın açılışında Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər, Antalya Bilim Universitetinin prorektoru professor Hülya Şimga, ANKOS-un rəhbəri İsmail Çetinkaya və digər qonaqların konsorsiumların gələcəyi, yeni əməkdaşlıq və dayanıqlı maliyyələşdirmə modelləri, rəqəmsal informasiya ekosisteminin inkişafı, süni intellektin tətbiqi kimi aktual məsələlər ətrafında çıxışları dinlənilib.

Konfransın gündəliyində süni intellektin kitabxanalara təsiri, süni intellekt dəstəkli kitabxanaların formalaşdırılması, informasiya resurslarına bərabər çıxış imkanları, innovativ informasiya xidmətləri, rəqəmsal transformasiya, kitabxana xidmətlərinin müasir tələblərə uyğun yenidən qurulması, istifadəçi yönümlü xidmətlərin təşkili və kitabxanaçıların peşəkar səriştələrinin inkişafı kimi mövzular da yer alır.

Tədbir çərçivəsində kitabxana-informasiya sahəsində uğurlu təcrübələrin, praktiki araşdırmaların və innovativ layihələrin təqdim edilməsi, eləcə də sahənin aktual peşəkar problemlərinin müzakirəsi nəzərdə tutulur.

Tədbirin sponsorları sırasında “Step Kitap”, “Clarivate”, “Elsevier”, “Springer Nature”, “Ankaref İnovasyon ve Teknoloji A.Ş.”, “CAS (American Chemical Society)”, “Hiperlink” kimi texnologiya nəhəngləri yer alıb.

Onu da qeyd edək ki, akademik panellərlə yanaşı, texnologiya şirkətləri öz yeni elektron həllərini, kəşf alətlərini və süni intellekt platformalarını stendlərdə nümayiş etdirirlər.

Konfrans müddətində Mərkəzi Elmi Kitabxana tərəfindən ANKOS-un rəhbərinə hədiyyə də təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: