Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.01.2014 00:00
  • A-
  • A
  • A+

Türk alimləri Elm və Sənət Məclisində məruzə ilə çıxış ediblər

Türk alimləri Elm və Sənət Məclisində məruzə ilə çıxış ediblər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova və Göytəpə Arxeoloji Parkının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin təşəbbüsü ilə “İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Açıq Səma Altında Arxeopark)” layihəsi çərçivəsində “Göytəpə Arxeoloji parkı ərazisində açıq səma altında Muzey”in təşkili ilə əlaqədar Türkiyədən alimlər dəvət olunub.

Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən Elm və Sənət Məclisində professor Mehmet Özdoğan və dosent Zeynep Eres “Türkiyede Neolitik Dönem Kazıları ve Yeni görüşler” və “Arkeolojik Kazı yerlerinde Koruma, Sergileme ve Açık Hava Müzeleri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Xəzər Universitetinin rektoru prof. Hamlet İsaxanlı türk mütəxəssislərinin tədbirdə iştirakının əhəmiyyətini vurğulayıb.

M.Özdoğan son illərdə Türkiyədə neolit dövrü abidələrində xüsusilə, tarix öncəsi dövrlərə aid Çayönü, Nevali Çori, Aşıklı Höyük, Çatalhöyük, Kuruçay, Hacılar və s. abidələrdə yeni metodların və texnologiyaların tətbiqi yolu ilə aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş elmi yeniliklərdən və bu yeniliklərin dünya arxeologiya elminə verdiyi töhfələrdən bəhs edib.

Z.Eres Türkiyənin bir sıra arxeoloji abidələrində onların modellərini əks etdirən sərgi xarakterli açıq səma altında muzeylərin yaradılmasının əhəmiyyətindən danışaraq onların ictimaiyyətdə maraq oyatdığını və bu yolla qədim dövr insanlarının həyat və fəaliyyəti, gündəlik yaşam tərzi ilə bağlı daha aydın təsəvvürün yarandığını qeyd edib.

AEİ-nin direktoru M.Rəhimova Respublika Prezidenti cənab İlham Əliyevin 2008-ci ilin fevral ayında imzaladığı fərmanı ilə ölkə ərazisində ayrı-ayrı abidələrdə müxtəlif ekspedisiyalar tərəfindən aparılan irimiqyaslı arxeoloji qazıntılar sayəsində əldə olunan bir sıra elmi nailiyyətlərin nəticələrini diqqətə çatdırıb.

Sonda mütəxəssislər tərəfindən suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: