AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib.
Antik eksponatlar Şəmkir-Qaracəmirli beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, professor İ.Babayev tərəfindən arxeoloji qazıntılar zamanı tapılıb. Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində aparılan arxeoloji qazıntılar Almaniyadan gələn arxeoloqlarla birgə aparılıb. Burada arxeoloji qazıntı işləri nəticəsində Əhəmənilər dövrünə (e. ə. V-IV əsrlər) aid böyük ictimai binaların qalıqları aşkar edilib. Arxeoloji tapıntıların böyük qismi qəbirlərdən toplanıb. İzlənilən qəbirlər əsasən son tunc-erkən dəmir dövrünə aiddir. Əldə edilən bir sıra tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna təhvil verilib. Qəbirlərdən müxtəlif növ muncuqlar, saxsı qablar, tunc silah, bəzək əşyaları və s. tapılıb. Muzeyə təhvil verilən materiallar əsasən keramika və tunc məmulatıdır. Buraya kasa tipli gil qab, vaza, cam, nehrə, küpə, fincan, tək qulplu iri su qabı, oval formalı gil qab, dolça, tunc üzük, kiçik ölçülü tunc xəncər və s. daxildir. Antik əşyalar Azərbaycan tarixinin qədim dövrünün tədqiq və təbliğində mühüm əhəmiyyətə malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.