Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

30.07.2026 13:55
  • A-
  • A
  • A+

Astara rayonu ekspedisiyası Əlişa qalasında arxeoloji tədqiqatları davam etdirir

Astara rayonu ekspedisiyası Əlişa qalasında arxeoloji tədqiqatları davam etdirir

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərliyi ilə fəaliyyət göstərən Astara rayonu ekspedisiyası tərəfindən Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında 2026-cı il iyulun 1-dən növbəti arxeoloji qazıntı mövsümünə başlanılıb.

Qazıntılar əsasən qalanın giriş hissəsində aparılmış və ümumilikdə 300 m² ərazini əhatə etmişdir. Tədqiqatların məqsədi qala divarlarının konstruksiyasını, fundamentinin davametmə istiqamətini, müdafiə sisteminin xüsusiyyətlərini və qala daxilindəki memarlıq tikililərinin tikinti ardıcıllığını müəyyən etmək olmuşdur. Qazıntılara başlamazdan əvvəl ərazi sıx bitki örtüyündən tam təmizlənmiş, tədqiqatlar 20×15 metr ölçülü sahədə həyata keçirilmişdir.

Hirkan Milli Parkının giriş hissəsində yerləşən Əlişa qalası müxtəlif tarixi mərhələləri əks etdirən çoxqatlı arxeoloji abidədir. 2026-cı il tədqiqatları qalanın uzun müddət istifadə edildiyini, müxtəlif dövrlərdə yenidən qurulduğunu və memarlıq baxımından inkişaf etdirildiyini bir daha təsdiq etmişdir.

Qazıntılar zamanı qalanın müdafiə sisteminə aid yeni memarlıq elementləri aşkar edilmişdir. Əsas istinad divarının eni təxminən 2 metr, bəzi hissələrdə isə bundan artıqdır. Divarların aşağı hissəsinin sal qaya üzərində iri qaya daşlarından, yuxarı hissəsinin isə 22×22 sm ölçülü bişmiş kərpiclərdən inşa edildiyi müəyyən edilmiş, bəzi hissələrdə əhəng məhlulu da qorunub saxlanılmışdır.

Əvvəlki illərdə aşkar edilmiş daş su hövzəsi ətrafında tədqiqatlar davam etdirilmiş, üç su axını qurğusu, saxsı su tüngləri və su təchizatı sisteminə aid yeni memarlıq elementləri üzə çıxarılmışdır. Sitadeldən cənub-şərq istiqamətində uzanan saxsı su boru xətti tam açılmış və onun boyunca əlavə tikinti qalıqları qeydə alınmışdır.

Bu mövsümün ən mühüm tapıntılarından biri sitadelin cənub hissəsində aşkar edilmiş bişmiş kərpicdən inşa olunmuş günbəzli memarlıq quruluşudur. Tikilinin daxili ölçüləri təxminən 2,00 × 2,80 metr, ümumi uzunluğu 3,60 metr, günbəz örtüyünün qalınlığı isə 1,25 metrdir. Tikilinin funksiyasının müəyyənləşdirilməsi istiqamətində elmi araşdırmalar davam etdirilir. Bununla yanaşı, oval formalı memarlıq tikilisi, yonulmuş daş döşəmə və digər memarlıq qalıqları da aşkar edilmişdir.

Stratigrafik müşahidələr göstərir ki, Əlişa qalası bir neçə əsas tikinti mərhələsindən keçmişdir. Günbəzli tikilinin daha qədim tikinti qatına aid olması və onun üzərində sonrakı dövrlərin memarlıq qalıqlarının müəyyən edilməsi qalanın uzun müddət istifadə olunduğunu və müxtəlif mərhələlərdə yenidən qurulduğunu göstərir.

Qazıntılar zamanı şirli və şirsiz keramika nümunələri, şüşə məmulatları, saxsı su boruları, müxtəlif formalı saxsı qab fraqmentləri və memarlıq kaşıları aşkar edilmişdir. Tapıntılar arasında sgraffito (qazma) texnikası ilə işlənmiş girih naxışlı keramika parçası xüsusi elmi əhəmiyyət daşıyır. Qırmızı gildən hazırlanmış və firuzəyi şirlə örtülmüş bu nadir nümunə yerli dulusçuluq ənənələrinin yüksək inkişaf səviyyəsini nümayiş etdirməklə yanaşı, Astara bölgəsinin XII əsrin sonu – XIV əsrin əvvəllərində Səlcuq-İslam mədəni mühitinin mühüm mərkəzlərindən biri olduğunu göstərən mühüm arxeoloji dəlildir.

Bundan əlavə, tünd göy, mavi və tünd qəhvəyi rənglərlə işlənmiş həndəsi və nəbati ornamentli şirli kaşı fraqmentləri aşkar edilmişdir. İlkin tədqiqatlar onların əsasən XIV əsrə aid olduğunu göstərmiş, fraqmentlər əsasında dekorativ haşiyənin rekonstruksiyası hazırlanmışdır. Keramika və kaşı tapıntıları Əlişa qalasında xüsusilə XI–XIII əsrlərdə geniş tikinti və abadlıq işlərinin aparıldığını təsdiqləyir.

Əvvəlki illərdə aşkar olunmuş 10 ləçəkli lotos formalı daş hovuz, bu il üzə çıxarılan günbəzli tikili, inkişaf etmiş su təchizatı sistemi və digər memarlıq qalıqları birlikdə qiymətləndirildikdə, Əlişa qalasının yalnız müdafiə istehkamı deyil, eyni zamanda inzibati və yaşayış funksiyalarını yerinə yetirən, inkişaf etmiş su təsərrüfatına malik saray xarakterli memarlıq kompleksinin tərkib hissəsi olması ehtimalını gücləndirir. Bu ehtimalın dəqiqləşdirilməsi məqsədilə tədqiqatlar davam etdirilir.

Əlişa qalasında ilk sistemli arxeoloji qazıntılara 2023-cü ilin sentyabr ayında başlanılmışdır. 2023–2026-cı illərdə əldə edilən nəticələr qalanın memarlıq planı, müdafiə sistemi, su təsərrüfatı infrastrukturu və maddi-mədəniyyətinə dair yeni elmi məlumatlar təqdim etməklə Azərbaycanın orta əsr memarlığının öyrənilməsinə mühüm töhfə verir.

Hazırda Əlişa qalasında arxeoloji qazıntılar davam edir. Növbəti mərhələdə qala kompleksinin memarlıq planının və funksional təyinatının daha dəqiq müəyyənləşdirilməsi istiqamətində tədqiqatların genişləndirilməsi nəzərdə tutulur.

  • Paylaş: