Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.07.2026 12:15
  • A-
  • A
  • A+

Cinlitəpədə arxeoloji qazıntılar

Cinlitəpədə arxeoloji qazıntılar

 

AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Ağstafa” arxeoloji ekspedisiyası (rəhbər N.Müseyibli) iyun-iyul aylarında Ağstafa rayonunun Yuxarı Göycəli kəndindən 2 km şimalda, Eynallı kəndindən 800 m qərbdə yerləşən Neolit dövrünə aid Cinlitəpə yaşayış yerində arxeoloji qazıntı işləri aparıb. Elmi ədəbiyyatda Şomutəpə mədəniyyətinə aid bu abidə barədə ilk məlumat məqsədli məqalə yerüstü materiallar əsasında 1977-ci ildə nəşr olunub (R.Arazova, F.Mahmudov, İ.Nərimanov). Bu məqalədə göstərilib ki, təpə müasir səthdən 5 m hündürlüyündədir, üstündə elektrik xətti üçün dirək yerləri qazılmış və orta əsr qəbirləri salınıb. O da qeyd edilib ki, 60-cı illərdə inşa edilmiş iri su kanalı təpənin bir ətəyini kəsmişdir.

Müasir dövrdə isə Cinlitəpədə ilk arxeoloji qazıntı işləri 2026-cı ilin yay mövsümündə “Ağstafa” ekspedisiyası tərəfindən aparılmışdır. Təpənin cənubi-qərb ətəyində bir müsəlman qəbirüstü daşı yerləşir. Onun üzərində ərəb əlifbası ilə həkk edilmiş yazıya əsasən müəyyən olunub ki, bura 19-cu əsrin axırları - 20-ci əsrin əvvəllərində müsəlman qəbristanlığı kimi istifadə edilmişdir.

Cinlitəpə keçən əsrin 80-90-cı illərindən başlayaraq güclü dağıntılara məruz qalmışdır. Belə ki, təpənin üstü texnika vasitəsi ilə düzənlənmişdir. Bunun nəticəsində təpənin hündürlüyünün nə qədər azaldığını müəyyən etmək mümkün deyil. Bu zaman mədəni təbəqənin üst qatları tamamilə qarışmışdır. Sonra təpənin üstünə 10-15 sm qalınlığında çınqıl tökərək bərkitmiş, bunun üstündən isə qır qatı yaymışlar. Beləliklə də geniş, müasir səthdən hündür bir təpədə xırman yeri düzəltmişlər. Abidədə son dağıntılar təxminən 10 il əvvəl baş vermişdir: 2015-2016-cı illərdə Cinlitəpənin cənub və şərq tərəfdən az qala yarısı ağır texnika ilə qazılaraq götürülmüş və yaxınlıqdan keçən Ağstafa-Yuxarı Göycəli yolunun tikintisində istifadə edilmişdir.

Hələ 2025-ci ildə biz Mədəniyyət Nazirliyinin yerli nümayəndələri ilə birlikdə bir neçə dəfə Cinlitəpəyə baxış keçirmiş, abidənin vəziyyətini öyrənmiş və burada arxeoloji qazıntı aparılmasını planlaşdırılmışdıq. Bu zaman yerli icra qurumlarının, ictimaiyyətin diqqəti bu abidəyə cəlb edilmiş, heç olmasa bundan sonra abidənin qalan hissəsinin dağıntısının qarşısının alınmasının zəruri olduğu bildirilmişdir. Hazırda Mədəniyyət Nazirliyinin əməkdaşları abidəyə nəzarət edirlər.

Cinlitəpədə aparılan arxeoloji qazıntılar nəticəsində Neolit dövrünə aid maraqlı artefaktlar aşkar edilmişdir. Bütün tapıntılar bölgənin Neolit dövrü Şomutəpə mədəniyyəti üçün səciyyəvidir. Qazıntılar göstərmişdir ki, Cinlitəpənin qədim sakinləri saman qatışıqlı, uzunsov-düzbucaqlı çiy kərpiclərlə inşa edilmiş dairəvi planlı evlərdə yaşamışlar. Belə evlərin qalıqları bəzən 70-80 sm hündürlüyündə saxlanmışdır. Evlərin divarları və döşəmələri gil qatı ilə suvanmışdır. Təsərrüfat məqsədli tikililər də dairəvi planlı olub çox zaman çiy kərpiclə inşa edilmişdir. Bu baxımdan kərpiclər bütün hallarda bir qədər qövsvaridirlər. Lakin maraqlıdır ki, bir halda düz divarlı tikili qalığı aşkar edilmişdir. Bu divar Şomutəpə mədəniyyəti üçün ənənəvi olmayan kvadrat biçimli kərpiclərlə tikilmişdir. Ümumilikdə müxtəlif ölçülü 20-dən artıq tikili qalıqları aşkar edilmişdir.

Daha çoxsaylı tapıntılar obsidiandan düzəldilmiş kəsici alətlərdir. Başlıca olaraq obsidian lövhələrin hər iki yanlarını müxtəlif istiqamətlərdən dişəkləməklə qaşov, sıyırğal və s. tipli alətlər düzəltmişlər. Eyni zamanda bir sıra lövhələrin bir yanı vurulub kəsər kimi istifadə edilmişdir.

Çaxmaqdaşından çoxsaylı istehsal tullantıları aşkar edilmişdir. Bir neçə dəfə müxtəlif dərinliklərdə xammal kimi istifadə edilmiş iri çaxmaqdaşı parçası və ondan vurulub qoparılmış qəlpələrə yığcam halda rast gəlinmişdir. Çaxmaqdaşından düzəldilmiş alətlər başlıca olaraq yığma oraqların dişlərindən ibarətdir. Onların üzərində çəpinə bəkitmə üçün istifadə edilmiş bitum qalıqları saxlanmışdır. Bir halda oraq dişi bilavasitə bitum qatı içərisində ilkin bərkidilmiş vəziyyətində aşkar edilmişdir.

Çay daşından müxtəlif tipli əmək alətləri aşkar edilmişdir. Bunlar taxılın üyüdülməsi üçün nəzərdə tutulan alt və üst dən daşları, sürtgəclər, kiçik ölçülü baltalar və s. alətlərdir. Dən daşlarının əksəriyyəti sınmış haldadır. Çapacaq kimi istifadə edilmiş alətlər də kifayət qədərdir. Həvəng daşları digər abidələrdə olduğundan daha çoxdur. Maraqlıdır ki, bütün həvəng daşlarının üstündə qatı oxra təbəqəsi qeydə alınmışdır.

Sümükdən çoxsaylı deşici alətlər – bizlər aşkar edilmişdir. İri buynuzlu heyanların qabırğa sümüyündən düzəldilmiş cilalayıcı alətlərə də rast gəlinir. Sümük toxalar da əkinçiliyin inkişaf səviyyəsini göstərən tapıntılardır. Cüyür buynuzlarından hazırlanmış, üstü hamarlanmış əşyalar da maraq doğurur.

Tapıntıların müəyyən qismi keramika məmulatıdır. Mədəni təbəqənin bütün səviyyələrində müxtəlif saxsı qablara aid fraqmentlər aşkar edilmişdir. Onların bir qrupu divarları yanlara açılmış, digərləri isə yuxarıya doğru daralan qablara aiddirlər. Qabların əksəriyyətinin altında toxunmuş həsir izləri var. Belə ki, bu qablar çiy gil kütləsindən həsir üzərində formalaşdırılmışdır. Belə izlər bögədə Neolit dövründə həm dulusçuluq, həm də toxuculuq kimi sənətkarlıq sahələrinin tarixinin tədqiqi üçün maraqlı faktlardır. Bəzi qabların yuxarı hissələri uzunsov və konusvari yapmalarla bəzədilmişdir.

Cinlitəpədən aşkar edilmiş gildən hazırlanmış iki ədəd qadın fiquru xüsusilə maraqlıdır. Bu fiqurların hər ikisinin baş və ayaq hissələri sınmışdır. Onlardan birinin üstü basma nöqtələrlə naxışlanmışdır. Bu fiqurlar müxtəlif tipli olsalar da məzmun etibarilə eyni olub Neolit dövründə geniş yayılmış qadına sitayiş inamı ilə bağlıdırlar. Belə fiqurlar əvvəllər Şomutəpə mədəniyyətinə aid Qarğalartəpəsi, Arıxlı kimi yaşayış yerlərindən aşkar edilmişdir. Lakin Cinlitəpə fiqurları müəyyən əlamətləri ilə bir qədər seçilirlər ki, bu da bu fiqurları düzəldən ustaların fərdi iş qabiliyyəti ilə bağlı idi. Bu fiqurların bənzərlərinə Qobustan təsvirlərində rast gəlinir.

Cinlitəpədə aparılan qazıntılar bölgənin Neolit dövrü cəmiyyətinin həyat tərzi, təsərrüfatı, sənətkarlığı, dini inamları barədə elmi məlumat bazasını daha da zənginləşdirmişdir. Bu qazıntılar Şomutəpə mədəniyyətinin inkişaf mərhələlərinin və ümumiyyətlə Azərbaycanın Neolit dövrü tarixinin tədqiqatları üçün olduqca maraqlı elmi faktlar aşkara çıxarmışdır.

Nəcəf Müseyibli, t.e.d., professor

Anar Ağalarzadə, t.ü.f.d., dosent

Mətanət Hüseynova, elmi işçi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: