AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı beynəlxalq kitab sərgi-yarmarkasında AMEA Folklor İnstitutunun nəşri olan “Qarabağ: folklor da bir tarixdir” kitabı “Ən yaxşı kitab” nominasiyasının xüsusi mükafatına layiq görülüb.
Mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, Reklamın Təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli bu cür dəyərli beynəlxalq tədbirin ölkəmizdə keçirilməsini ölkə başçısı İlham Əliyevin mədəniyyətlə bağlı siyasətinin davamı kimi səciyyələndirib. V.Bəhmənli Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin kitab sənətinin inkişafında atılan addımlara hər zaman dəstək olduğunu, gələcəkdə də ölkəmizin bu cür beynəlxalq kitab sərgilərinin keçirilməsinə böyük töhfələr verəcəyini və bütün bu addımların Azərbaycanda kitaba olan marağın artmasına xidmət edəcəyini vurğulayıb.
İctimai xadimlərin, sənət və ədəbiyyat adamlarının, naşirlərin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən təqdimetmə mərasimində çıxış edən Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov göstərilən diqqətə və verilən dəyərə görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Qarabağı dünyaya daha yaxından tanıtmaq üçün AMEA Folklor İnstitutu 2012-ci ildə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” üzrə xüsusi layihə hazırlamış və institutun bir qrup əməkdaşı layihənin icrasına cəlb edilib. Layihənin əsas məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etmək, eləcə də bölgənin folklor resurslarını müəyyənləşdirmək olmuşdur. Layihə çərçivəsində dörd kitab çap olunub. Bu kitablarda 90-dan artıq mifoloji mətn, 400-dən artıq əfsanə və rəvayət, 180-dən artıq nağıl, 200-dən artıq lətifə, 500-ə yaxın atalar sözü, 1000-dən artıq bayatı, həmçinin laylalar, oxşamalar və uşaq folkloruna aid digər nümunələr öz əksini tapıb. Bölgə folkloru ilə bağlı toplama işləri davam etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.