Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Kooperasiya Universitetinin dosenti Eldəniz Əli oğlu Həsənovun “Torpaqların aqroekoloji qiymətləndirilməsi” adlı dərs vəsaiti (“Kooperasiya” nəşriyyatı, 2026, 328 səh.) işıq üzü görüb.
Kitabın elmi redaktoru Azərbaycan Kooperasiya Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Əməkdar elm xadimi, i.e.d., professor Bayalı Ataşov, rəyçiləri AR ETN Coğrafiya İnstitutu PHŞ-nin Torpaqların genezisi və coğrafiyası laboratoriyasının baş elmi işçisi, AMEA-nın həqiqi üzvü Məhərrəm Babayev və Azərbaycan Kooperasiya Universitetinin Coğrafiya və ekologiya kafedrasının müdiri, c.e.n., dosent Köçəri Allahverdiyevdir.
“Torpaqların aqroekoloji qiymətləndirilməsi” adlı dərs vəsaitində ekologiya elminin formalaşması və inkişaf mərhələləri, torpaqların genezisi, morfoloji quruluşu, tərkibi, əsas fiziki-kimyəvi və bioloji xassələri geniş elmi əsaslarla şərh edilib. Kitabda torpaqların coğrafi yayılma qanunauyğunluqları, torpaq münbitliyinin formalaşması və inkişafına təsir edən təbii və antropogen amillər, torpaqla ətraf mühit arasında qarşılıqlı əlaqələr, həmçinin torpaqlarda baş verən proseslərin ekoloji mahiyyəti və səbəbləri sistemli şəkildə təhlil olunub.
Dərs vəsaitində torpaqların aqroekoloji baxımdan müqayisəli qiymətləndirilməsi, onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatında və iqtisadiyyatın müxtəlif sahələrində torpaq ehtiyatlarından səmərəli istifadə imkanları elmi-metodiki yanaşma əsasında təqdim edilib. Burada torpaq ehtiyatlarının mühafizəsi, münbitliyin qorunması və artırılması, ekoloji tarazlığın təmin edilməsi kimi məsələlər də xüsusi diqqət mərkəzində saxlanılıb.
Dərs vəsaiti ekologiya, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, geobotanika, geodeziya və kartoqrafiya, geologiya, iqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə təhsil alan bakalavr və magistr tələbələri üçün nəzərdə tutulub. Vəsaitdən, həmçinin ali təhsil müəssisələrinin müəllimləri, müvafiq sahə üzrə elmi-tədqiqat aparan mütəxəssislər və torpaq ehtiyatlarının aqroekoloji qiymətləndirilməsi məsələləri ilə maraqlanan tədqiqatçılar istifadə edə bilərlər.