Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

10.09.2026 11:41
  • A-
  • A
  • A+

“Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” adlı nəşr çapdan çıxıb

“Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” adlı nəşr çapdan çıxıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın “Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” adlı monoqrafiyası işıq üzü görüb.

Oxuculara təqdim olunan nəşrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Cabir Novruzun poeziyası milli yaddaş və mənəvi dəyərlər prizmasından araşdırılır. Şairin lirikasında vətənpərvərlik, insan və təbiət sevgisi, fəlsəfi düşüncə, ana obrazının müqəddəsliyi kimi əsas motivlər sistemli şəkildə təhlil edilir.

Müəllif tədqiqatında Cabir Novruzun vətəndaş mövqeyi ilə yanaşı, tarixi yaddaşın bədii təcəssümünü, Cənub mövzusunu, deportasiya ağrıları və milli bütövlük ideyalarını epik yaradıcılıq müstəvisində geniş şəkildə təqdim edir.

Kitab “Giriş”, “Poeziyada vətəndaşlıq və azərbaycançılıq məfkurəsi”, “Mənəvi-fəlsəfi dünya”, “Epik yaradıcılıq və milli bütövlük” adlı fəsillərdən və “Nəticə” hissəsindən ibarətdir.

Monoqrafiyada Cabir Novruz poeziyasında azərbaycançılıq ideyaları, şair-vətəndaş mövqeyinin bədii təzahürü, şeirlərində fəlsəfi motivlər, məhəbbət lirikasının bədii-fəlsəfi mahiyyəti, təbiət amili, milli yaddaş və mənəvi dəyərlərin poetik ifadəsi ətraflı şəkildə araşdırılır.

Nəşrin elmi redaktoru akademik Teymur Kərimli, redaktoru professor Mahirə Hüseynova, rəyçisi isə filologiya elmləri doktoru Elnarə Akimovadır.

Monoqrafiya Cabir Novruz yaradıcılığının müxtəlif aspektlərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Nəşr müasir ədəbiyyatşünaslar, tədqiqatçılar, ali məktəb tələbələri, eləcə də Azərbaycan poeziyasına maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: