Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elçin Qaliboğlu: Ekoloji düşüncənin köklərini folklor yaddaşımızda da axtarmaq mümkündür
10.09.2026 16:44
  • A-
  • A
  • A+

Elçin Qaliboğlu: Ekoloji düşüncənin köklərini folklor yaddaşımızda da axtarmaq mümkündür

Azərbaycan folklorunda təbiətə münasibət qədimdən qayğı və ehtiram üzərində formalaşıb. Bu ənənə müasir dövrdə ekoloji düşüncənin inkişafı üçün mühüm mənbə kimi çıxış edə bilər.

Bu fikri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Elçin Qaliboğlu deyib.

“Azərbaycan folklorunda təbiət kultları: mifoloji təfəkkür və ekofolklorik yaddaş kontekstində” mövzusunda çıxış edən alim deyib: “Azərbaycan folklorunda əcdadın təbiətə münasibəti yaradıcı və qayğılı olub. Dağ, daş, ağac, meşə, su, bulaq və digər təbiət ünsürləri ilə bağlı çoxsaylı folklor nümunələri bunu göstərir. Təbiətsiz insan yoxdur, insansız da təbiət yoxdur. İnsan təbiətə naşı münasibət göstərdikdə bunun nəticələri də ona qayıdır. Təbiətə doğma və qayğılı münasibət isə onun qorunmasının əsas şərtlərindən biridir. Yaşıl zəka insanın təbiətlə birliyinin davamlı olması deməkdir. Bu baxımdan ənənəyə əsaslanan yaradıcı təbiət münasibətinin formalaşdırılması vacibdir. Folklor yaddaşımız bu istiqamətdə zəngin mənbədir”.

Elçin Qaliboğlu dünyanı dərk etmək üçün din, fəlsəfə, elm və incəsənətin mühüm istiqamətlər olduğunu, müasir dövrdə isə bu sahələrin inteqrasiyasına ehtiyac yarandığını söyləyib. O, orta və ali məktəblərdə təbiət və ekologiya ilə bağlı folklor nümunələrinin, yaradıcı mətnlərin və maarifləndirici tədbirlərin sayının artırılmasını təklif edib.

AzərTac

  • Paylaş: