Sentyabrın 14-də AMEA-nın Əsas binasının Dairəvi zalında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə XX yüzilliyin böyük şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilən “Məhəmmədhüseyn Şəhriyarın sənət dünyasının üfüqləri” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafındakı rolundan, ədəbiyyata verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, qüdrətli söz ustadı M.Şəhriyarın ölməz irsi dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir.
AMEA-nın vitse-prezidenti bildirdi ki, konfransın işində Azərbaycan alimləri ilə yanaşı, İrandan da tədqiqatçılar iştirak edirlər. Alim ədəbi əlaqələrin genişlənməsində, Şəhriyarın yaradıcılığının daha dərindən öyrənilməsində, tədqiq və tədris edilməsində konfransın əhəmiyyətini vurğuladı.
İ.Həbibbəyli ümummilli lider Heydər Əliyevin Şəhriyar irsinə böyük rəğbət göstərdiyini qeyd edərək, böyük rəhbərin şairin 90 illiyində imzaladığı sərəncamın ona dövlət səviyyəsində ehtiramının göstəricisi olduğunu bildirdi.
Böyük öndərimiz Heydər Əliyevin müsahibələrinin birində “Sevdiyiniz şair?” sualına – “Şəhriyar”, - deyə cavab verdiyini xatırladan İ.Həbibbəyli Şəhriyar poeziyasını insanlara sevdirən, onu populyarlaşdıran, dillər əzbəri edən səbəbin ilk növbədə, onun şerinin fikir zənginliyi, bədii saflığı və səmimiyyəti olduğunu söylədi.
Sonra çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin XX əsrin böyük şairi Şəhriyarın Azərbaycan-İran poeziyasının və mədəniyyətinin inkişafında oynadığı müstəsna roldan söz açdı. Bildirdi ki, Şəhriyar Şərq poeziyasının nəhəng simalarından biri, qüdrətli söz ustadıdır. Onun ölməz irsi nəinki Şərq, o cümlədən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir.
Azərbaycan-İran əlaqələrindən söz açan M.Pakayin iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini söylədi.
İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimli Şəhriyar yaradıcılığının zənginliyindən danışdı. Bildirdi ki, M.Şəhriyar özünəməxsus yaradıcılıq üslubu, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə dünya ədəbiyyatının inkişafına böyük töhfələr verib. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanıb. Onu XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə ölməz “Heydərbabaya salam” poeması olub.
Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, Təbriz Universitetinin rektoru, professor Məhəmədrza Purməhəmmədi, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Ərdəbil Universitetinin professoru Əhməd Farşfab və başqaları ustad şair Şəhriyarın yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşdülər.
Konfrans çərçivəsində ustad şairin şerləri öz ifasında səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.