Fevralın 19-da AMEA Geologiya İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, geologiya-mineralogiya üzrə elmlər doktoru Dadaş Hüseynov gündəlikdə duran məsələ haqqında məlumat verərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı.
“Azərbaycanda su mənbələrindən səmərəli istifadə yolları (Naxçıvan kəhrizləri timsalında)” mövzusunda məruzə ilə çıxış edən aqrar elmlər doktoru, professor Əlövsət Quliyev iqlim dəyişmələri, planetdə istiləşmənin artması, atmosferdə parnik effektinin çoxalması, ekoloji aləmdə baş verən dəyişikliklərin ətraf mühitə təsirindən söz açdı. Bildirdi ki, 2021-2050-ci illərin iqlim ssenarilərində XXI əsrin I yarısında Azərbaycan üzrə havanın temperatur artımı orta hesabla 10 ildə 0.3º C, Naxçıvan MR-də isə 0.5-0.7º C olacaqdır. Bu göstərir ki, Azərbaycanda səhralaşma və su problemi yaranacaq və özünü daha kəskin olaraq ən çox suya ehtiyacı olan bölgələrdən biri olan Naxçıvanda göstərəcəkdir.
Bu gün dünyanın 66-ya yaxın ölkəsində kəhrizə rast gəlindiyini söyləyən Ə.Quliyev Azərbaycan bu sırada İran, Pakistan, Əfqanıstan Oman kimi dövlətlərdən sonrakı yeri tutduğunu diqqətə çatdırdı.
Qeyd etdi ki, Azərbaycanda kəhrizlər əsasən Naxçıvan, Qarabağ, Gəncə ətrafında və digər bölgələrdə yayılmışlar. XX əsrin əvvəllərində Azərbaycanda 1500-dən çox kəhriz olmuşdur. XX əsrin ortalarına qədər Naxçıvanda 407-dən çox kəhrizdən istifadə edilmişdir ki, onların hesabına Naxçıvan, Ordubad kimi iri şəhərlər və 50-dən çox yaşayış məntəqəsi məişət və suvarma suyu ilə təmin edilmişdir.
XXI əsrin əvvəllərindən bşlayaraq Naxçıvanda kəhriz tədqiqatlarına başlanmış, onların sərfi, minerallaşması, habelə GPS vasitəsilə qeydiyyatı və plana alınması, iqtisadi səmərəliliyi sübut edilərək ekoloji qiymətləndirmə aparılmışdır. Məhz qaldırılan məsələ ilə əlaqədar Naxçıvanda “Kəhrizlər İdarəsi” yaradılaraq 150-dən çox kəhriz bərpa olunmuşdur.
Sonda məruzəçi əhalinin içməli və suvarma suyu ilə təmin edən kəhrizlərin qorunması və bərpasının həyata keçirilməsinin vacibliyini vurğuladı.
Məruzə ətrafında gedən müzakirələrdə geologiya-mineralogiya elmləri doktorları Zakir Abdullayev, Muxtar Rüstəmov, coğrafiya elmləri doktorları Məhəmməd Abduyev, Rəna Bəyim Qaşqay və digərləri iştirak etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.