Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.05.2017 16:23
  • A-
  • A
  • A+

Görkəmli alim Rəfiqə Əliyeva son mənzilə yola salınıb

Görkəmli alim Rəfiqə Əliyeva son mənzilə yola salınıb

Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva ilə vida mərasimi keçirilib.

Vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib.

Akademik A.Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə kimya elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb.

Alimin elmi məktəb yaratdığını, bütün mənalı ömrünü kimya elminə həsr etdiyini vurğulayan AMEA rəhbəri qeyd edib ki, Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur.

Qeyd olunub ki, Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdir. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini vermişdir.

AMEA-nın rəhbəri vurğulayıb ki, 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Elmi və pedaqoji fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilən R.Əliyeva Azərbaycan elmi və təhsilinin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan R.Əliyevanın zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

Vida mərasimində akademiklər Abel Məhərrəmov, Dilqəm Tağıyev, Vaqif Fərzəliyev və İsa Həbibbəyli alimlə bağlı xatirələrini bölüşüb, onun zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

Mərhumun ailəsi adından çıxış edən qızı Fəxriyyə Xələfova alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Görkəmli alim, akademik Rəfiqə Əliyeva I Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: