ABŞ-ın “Volterman” startapı “Indiegogo” platformasında sahibinin smartfonunu enerji ilə dolduran, öz yerini izləyən və oğurluq zamanı oğrunun şəklini çəkən "ağıllı" pul kisəsinin istehsalına vəsait toplanılması üzrə kampaniya başladıb.
“Volterman” pul kisəsi daxili batareya, kamera, “GPS”, “Bluetooth”, “Wi-Fi” modulları, həmçinin pul kisəsinin daxilində yerləşən bank kartlarını hakerlərin məsafədən hücumlarından qoruyan RFID qoruma ilə təchiz edilib. Bundan başqa, öz prosessoruna malik və 512 MB əməli yaddaş, 32 QB daxili yaddaşla təchiz edilən “ağıllı” pul kisəsi suya qarşı davamlıdır.
Mobil proqram “Bluetooth” vasitəsilə pul kisəsini smartfona qoşmağa imkan verir, hər hansı problem olduqda (məsələn, məsafə) bu barədə xəbərdarlıq edilir. Pul kisəsinin oğurlanması zamanı “GPS” modulunun köməyi ilə onun yerini izləmək mümkün olacaq, pul kisəsini açarkən oğrunun çəkilmiş şəkli smartfona göndəriləcək. Pul kisəsi, həmçinin “Wi-Fi” giriş nöqtəsi rolunu yerinə yetirmək qabiliyyətinə malikdir ki, bu da səyahətlər zamanı internet xərclərini azaltmağa imkan verəcək.