Lənkəran Dövlət Universiteti (LDU) ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi arasında elmi və təcrübi əməkdaşlığa dair müqavilə imzalanıb.
Peşəkar kadr hazırlığını yüksəltmək məqsədi daşıyan müqavilədə müştərək tədqiqat və layihələrin həyata keçirilməsi, birgə elmi seminar, simpozium və konfransların təşkili nəzərdə tutulur. Müqavilə çərçivəsində, həmçinin elmi tədqiqat məqsədi ilə Lənkəran-Astara bölgəsinə birgə ekspedisiyalar təşkil olunacaq.
Tədbirdə LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov çıxış edərək son illər ölkəmizdə elm və təhsilin inkişafı sahəsində görülən işlərdən, iqtisadiyyatın yüksəldilməsinin əhalinin rifahına müsbət təsirindən danışıb.
Prezident İlham Əliyevin ölkəmizin cənub bölgəsində kənd təsərrüfatını əsaslı dirçəltmək məqsədilə imzaladığı son sərəncamların əhəmiyyətini qeyd edən N.İbrahimov bildirib ki, çayçılıq, tərəvəzçilik, sitrusçuluq, çəltikçilik və baramaçılığın inkişafı ilə bağlı imzalanan bu mühüm dövlət sənədləri ali təhsil müəssisələrinin üzərinə peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək vəzifəsini qoyur. İki qurum arasında imzalanan müqavilə məhz bu məqsədə xidmət edir.
Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev isə çıxışında cənub bölgəsində çayçılığın və sitrus meyvəçiliyin əvvəlki şöhrətinin qaytarılması istiqamətində başlanan işlərə köməklik göstərəcəklərini, müştərək işlərin hər iki qurum üçün faydalı olacağını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad