AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabının yeni nəşrinin təqdimatı olub.
Görkəmli bəstəkar, şərqşünas-alim, musiqişünas, ictimai xadim, Xalq artisti Əfrasiyab Bədəlbəylinin kitabının təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, görkəmli elm və mədəniyyət xadimləri, musiqisevərlər iştirak ediblər.
Tədbirdə kitabın elmi redaktoru, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan kitabın unudulmaz sənətkarın 110 və Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə işıq üzü gördüyünü söyləyib. Görkəmli bəstəkarın həyat yoluna və yaradıcılığına nəzər salan alim onun Azərbaycan mədəniyyəti tarixindəki müstəsna yeri və xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycan musiqisi, incəsənəti tarixinə adı böyük hərflərlə yazılan bənzərsiz simalar sırasında Bədəlbəylilər nəslinin özünəməxsus yeri və xidmətləri var. Onların yaratdığı bənzərsiz sənət inciləri və əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və orijinallığı ilə diqqəti cəlb edir. “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”nin 49 ildən sonra yenidən nəşr olunması bunun əyani təsdiqi sayıla bilər.
Diqqətə çatdırılıb ki, ilk dəfə 1969-cu ildə çap edilən lüğətin yeni nəşrində dövrlə bağlı ictimai və elmi fikirdə baş verən dəyişikliklər nəzərə alınaraq bir sıra redaktə işləri aparılıb. Azərbaycan musiqi elminin qiymətli abidələri sırasına daxil olan bu kitab janrı və yazılış üslubu etibarı ilə bənzəri olmayan ciddi tədqiqat əsəridir.
Sonra çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan musiqi mədəniyyətinin, onun müxtəlif sahələrinin inkişafında, təbliğində və tədqiqində görkəmli sənətkarın müstəsna xidmətləri olduğunu söyləyib. Qeyd edib ki, əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylinin irsi musiqişünaslığımızda, muğamşünaslığımızda ayrıca bir mərhələdir. Ə.Qarayev “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabının böyük sənətkarın yaradıcılığını dolğun şəkildə əks etdirdiyini bildirib.
Ulu öndər Heydər Əliyevin hələ keçmiş sovet dövründə Azərbaycan musiqi mədəniyyətinin inkişafında, onun dünya miqyasında təbliğ olunmasındakı xidmətlərini xüsusi qeyd edən Ə.Qarayev bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu gün də dövlətimiz tərəfindən böyük ədiblərin, sənətkarların, musiqiçilərin, alimlərin yubileyləri yüksək səviyyədə qeyd olunur.
Tədbirdə Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə, BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, akademik Vasim Məmmədəliyev, Xalq artisti Tofiq Bakıxanov, professor Telman Ağdamski-Bədəlbəyli və başqaları çıxış edərək Ə.Bədəlbəylinin elmi yaradıcılığının Azərbaycan musiqişünaslığında xüsusi rolu və yeri olduğunu söyləyiblər, görkəmli sənətkarla bağlı xatirələrini bölüşüblər.
Mərasimdə Ə.Bədəlbəylinin ömür və sənət yolunu əks etdirən kinokadrlar nümayiş etdirilib, görkəmli sənətkarın vaxtilə Azərbaycan televiziyası və radiosunda apardığı, böyük maarifçi mənası olan “Mədəniyyət universiteti” silsiləsindən verilişlərindən parçalar səsləndirilib.
Musiqili-bədii gecədə Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Ə.Bədəlbəylinin “Qiz qalası” əsərindən parçalar təqdim olunub. Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Firuz Səxavət böyük sənətkarın müxtəlif dram əsərlərinə bəstələdiyi nəğmələrini ifa ediblər. Əməkdar artistlər Nərgiz Kərimova və İlham Nəzərov görkəmli sənətkara həsr olunan mahnını ilk dəfə səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.