Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.05.2018 12:35
  • A-
  • A
  • A+

Professor Nərgiz Paşayeva: Oksford Universitetində imzalanan kontraktı elm, təhsil və mədəniyyət sahələrində Azərbaycanda “Əsrin kontraktı” adlandırmaq olar

Professor Nərgiz Paşayeva: Oksford Universitetində imzalanan kontraktı elm, təhsil və mədəniyyət sahələrində Azərbaycanda “Əsrin kontraktı” adlandırmaq olar

Mayın 23-də İngiltərə ilə Azərbaycan arasında elmi, mədəni və humanitar sahələrdə mühüm tarixi hadisə baş verib. 2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi mövcudluğu haqqında kontrakt imzalanıb.

İmzalanma mərasimi Universitetin protokoluna əsasən XV əsrdə yaradılmış bu ali təhsil ocağının Klarendon Kollecində keçirilib. Kontraktı Oksford Universiteti tərəfindən bu ali məktəbin vitse-kansleri, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin və Britaniya Akademiyasının üzvü, İrlandiya Kral Akademiyasının fəxri üzvü və Edinburq Kral Cəmiyyətinin üzvü professor Luiz Riçardson, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva imzalayıblar. Müqaviləyə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi, daimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Oksford Universitetinin vitse-kansleri professor Luiz Riçardson 7 il ərzində Şotlandiyanın Sent-Andryus Universitetinin rektoru vəzifəsində çalışıb. 2016-cı il yanvarın 1-dən Oksford Universitetinin vitse-kansleri vəzifəsini tutur. İxtisasca alim-politoloq olan professor Riçardson İrlandiyanın Dublin şəhərindəki Triniti Kollecinin tarix üzrə bakalavr pilləsini bitirib, Kaliforniya ştatının Los-Anceles Universitetində siyasi elmlər üzrə magistr, sonra isə Harvard Universitetində magistr və doktorluq dərəcələri alıb. Professor Richardsonun tədqiqat işlərində terror təhlükələrinə xüsusi diqqətin yetirilməsi və beynəlxalq təhlükəsizlik məsələləri araşdırılır. Professor Riçardsonun tədrisə və müəllimlik peşəsinə bağlılığı Harvard Universitetində işlədiyi müddətdə ona Levenson və Abramson mükafatlarını qazanmağa imkan verib. Onun tədqiqat işləri elmi dairələrdə geniş şəkildə tanınıb və professor Riçardson müharibələrin qarşısının alınması və bütün dünyada sülhün bərqərar olunması sahəsindəki xidmətlərinə görə Samner mükafatına, eləcə də Harvard Universitetinin İncəsənət və Elmlər Ali Məktəbinin 100 illik Medalına layiq görülüb. Professor Riçardson Şotlandiyanın Aberdin və Sent-Andryus universitetlərinin, Dublindəki Triniti Kollecinin və İrlandiyanın Belfast Kral Universitetinin, Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun və Qərbi Hindistan Universitetinin fəxri doktorudur.

Professor Nərgiz Paşayevanın və Oksford Universitetinin vitse-kansleri Luiz Riçardsonun imzaladıqları müqavilə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi, bu qədim və dünyada tanınmış təhsil ocağında daimi fəaliyyət göstərməsinin rəsmiləşdirilməsi mərkəzin Universitetindəki akademik uğurundan irəli gəlir. Nəticə olaraq 2013-cü ildən həyata keçirilməyə başlanan, Azərbaycanın və Qafqazın dil, mədəniyyət və tarixini öyrənmək üçün nəzərdə tutulan beşillik elmi-tədris və tədqiqat proqramına əsaslanır. Artıq Mərkəz Oksford Universitetinin daimi bir hissəsi kimi beynəlxalq elmi dairələr, müəssisələr və intelektual informasiya daşıyıcıları tərəfindən şərtsiz qəbul olunur.

İmzalanmış müqavilənin bəndlərindən birində Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi qeyd olunub. Onu da xatırladaq ki, bir qədər əvvəl – aprelin 23-də akademik Nərgiz Paşayevanın Oksford Universitetinin Bodleyn Kitabxanasının (https://www.bodleian.ox.ac.uk) direktoru, Amerika Filosoflar Cəmiyyətinin üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovendenlə keçirilən görüşü zamanı bu təklif qarşı tərəfdən çox müsbət qarşılanıb.

İmzalanan sənəd, həmçinin Bodleyn kitabxanalarında Yaxın Şərq və İslam kolleksiyaları bölməsinin kitabxanaçısına dəstək verəcək və bu vəzifəni icra edən şəxsə Azərbaycan dilini öz fəaliyyət sahəsinə əlavə etmək imkanı yaradacaq. Oksord Universitetinin Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə Mərkəzin fəlsəfə doktoru proqramı üzrə hazırlıq keçən tədqiqatçıları, tələbələr və kənardan dəvət olunan araşdırmaçılar üçün xüsusi bir oxu zalı da yaradılacaq. Bundan əlavə, Britaniya Fondunun dəstəyi Bodleyn kitabxanalarına Azərbaycandan və Qafqazdan olan nadir və əhəmiyyətli materiallarla öz kitab fondlarını artırmağa imkan verəcəkdir. Şərqşünaslıq İnstitutu çərçivəsində Fondun dəstəyi sayəsində üç fəlsəfə doktoru (DPhil) təqaüdünün ayrılması imkanı yaranacaq, eləcə də tədqiqatçı alimlərə, müxtəlif tədbirlərin proqramlarına, həmçinin idarəetmə məsələlərinə dəstək verəcəkdir və Oksford Universitetinin Türk Dilləri Bölməsində Azərbaycanın rəsmi dili olan Azərbaycan dili ilə tanış olmaq və dili öyrənmək istəyən tələbələr üçün təlimatçı vəzifəsinin yaradılmasına imkan verəcək.

Beləliklə, imzalanan bu mühüm müqavilə Azərbaycan ilə Böyük Britaniya arasında qarşılıqlı münasibətlərin elmi, humanitar, mədəni və digər sahələrdə inkişafının yeni və vacib bir mərhələsidir və heç şübhəsiz ki, bu razılaşma Azərbaycan elmi və mədəniyyəti tarixinə qızıl hərflərlə yazılacaq. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Elmi Mərkəzin dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından olan Oksford Universitetində daimi qaydada, Universitetin ayrılmaz hissəsi olaraq fəaliyyət göstərməsi Nizami Gəncəvi Elmi Mərkəzinin 5 il ərzində ədəbiyyat, tərcüməçilik, tarix, arxeologiya, tədris və mədəniyyət sahələrindəki ciddi və gərgin akademik əməyinin məntiqi nəticəsidir.

Oksford Universitetinin ən məşhur və nüfuzlu inzibati binalarından olan və ən yüksək qonaqların rəsmi qəbulları üçün nəzərdə tutulan Klarendon binasında keçirilən imzalanma mərasimindən əvvəl akademik Nərgiz Paşayeva və Oksford Universitetinin vitse-kansleri Luiz Riçardson arasında fikir mübadiləsi aparılıb. Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə 2013-cü ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti geniş müzakirə olunub.

Bildirilib ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin təkcə Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Həmçinin Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun 2017-ci ilin yanvarında Londonda 1852-ci ildə əsası qoyulmuş Viktoriya və Albert Muzeyində keçirilmiş təqdimat mərasimi də xatırlanıb. Fond Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və ədalətli dəstək üçün yaradılıb. Qeyd edilib ki, bu gün imzalanan müqavilənin reallaşmasına Britaniya Fondu da öz dəstəyini verib.

Tədbirdə çıxış edən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri professor Nərgiz Paşayeva tədbir iştirakçılarını salamlayaraq bu cür tanınmış və nüfuzlu alimlərin bugünkü imzalanma mərasiminə dəstəyini və marağını məmnunluqla qarşıladığını qeyd edib. Professor Nərgiz Paşayeva Oksford Universiteti nəzdində 2013-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın tarixi, mədəni, mənəvi irsinin öyrənilməsi və təbliğində aparılan işlərin və ölkəmiz üçün vacib olan bu Mərkəzin elmi-strateji məqsədlərinin əhəmiyyətini vurğulayaraq deyib: “Beş il əvvəl Oksford Universitetinə gələndə buradakı fantastik atmosfer və insanlar bizi heyran etdi. Azərbaycanı və Qafqazı öyrənən, Nizaminin adını daşıyan yeni elmi mərkəzin yaradılması ideyası yarandı. Mərkəzin həmin andan Oksord Universitetində davamlı, daimi mövcudluğu məqsəd olaraq qarşıya qoyuldu. Azərbaycan elmi və mədəniyyəti Qafqazın bir hissəsi kimi Oksford Universitetində tədqiqat obyektinə çevrilmək imkanı aldı. Müxtəlif, dəyişik elmi yanaşmalara, müasir nəzəri metodologiyalara, istedadlı insanlara və dialoqa yeni yol açıldı. Bu gün imzalanan kontraktı, belə böyük hadisəni elm, təhsil və mədəniyyət sahələrində Azərbaycanda “Əsrin kontraktı” adlandırmaq olar. Bu fərəhli gün Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan AXC-nin 100 illik yubileyinə və müsəlman Şərqində birinci Demokratik Respublika yaradan parlaq insanların əziz xatirəsinə ithaf olunur”.

Qeyd edək ki, postsovet müsəlman respublikaları arasında Azərbaycan birinci olaraq Oksford Universitetində öz daimi funksional mərkəzini yaratdı və təsdiq etdi. Bəşər tarixinin təcrübəsi göstərir ki, böyük elm aləminə daxil olmadan sanballı və fundamental elmi nailiyyətlər əldə etmək mümkün deyil.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Britaniya tərəfdən rəhbəri Edmund Hersiq deyib: “Oxfordda Qafqaz və Orta Asiya ilə bağlı tədqiqatların uzun bir tarixi var və Bodleyn Kitabxanasında bölgədən gətirilən çoxlu sayda kitablar və əlyazmalar toplanıb. Lakin bu günə qədər bu bölgənin öyrənilməsi ilə məşğul olan bir mərkəz olmayıb və bu ərazidə yerləşən və daha məhşur olan böyük imperiyalar bu ölkələri hər zaman öz kölgələrində saxlamağa meyilli olublar. Bu imzalanma Oksford Universitetinə, ilk növbədə, Azərbaycanı, Qafqazı və Mərkəzi Asiyanı davamlı şəkildə tədqiqat obyektinə çevirməyə imkan verəcək. Belə ki, Mərkəz burada işləmək üçün ən yaxşı tədqiqatçı tələbələri və araşdırmaçıları cəlb edəcəkdir. Bütün bunlar gələcəkdə bu sahənin yalnız Şərqşünaslıq İnstitutu deyil, həm də Universitetin digər qurumlarında daha da inkişaf etdirilməsinin təməlini qoyacaq”.

Tədbirdə fəxri qonaqlar arasında bir-biri ilə ünsiyyət yaradan görkəmli elm və mədəniyyət nümayəndələri, siyasi və ictimai xadimlər var idi. Onlar Azərbaycanı və Qafqazı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparırdılar. Səmimi ab-hava tədbirin xüsusi əhəmiyyətindən xəbər verirdi. Vurğulanırdı ki, Oksford Universitetində indiyə qədər Azərbaycanla bağlı bu məzmunda və bu səviyyədə tədbir keçirilməyib.

İmzalanma günündə Birləşmiş Krallığın elmi-akademik dairələrinin nüfuzlu üzvləri, Oksford Universitetinin Bodleyn Kitabxanasının direktoru, Amerika Filosoflar Cəmiyyətinin üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri Edmund Hersiq (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/people), qədim İslam tarixi üzrə dünyanın tanınmış alimlərindən olan, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü professor Robert Hoyland, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri professor Mark Smit, Britaniya Lordlar Palatasının üzvü, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü Lord Malcolm Bryus, Oksford Universitetinin Vadham Kollecinin İdarə Heyətinin rəhbəri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Ken Makdonald, Oksford Universitetinin inkişaf departamentinin direktor vəzifəsini icra edən, professor Entoni Qrin, Oksford Universitetinin professoru, şərqşünas alim Culiya Bray, Bodleyn Kitabxanasının Şərq bölməsinin rəhbəri doktor Gilliyan Evison, Oksford Universitetinin humanitar elmlər departamentinin rəhbəri Karen O’Breyn, həmçinin Azərbaycandan olan fəxri qonaqlar - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, professor Vasim Məmmədəliyev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA humanitar elmlər bölməsinin akademik katibi professor Teymur Kərimli, Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov iştirak ediblər.

İmzalanma mərasiminin sonunda Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri professor Nərgiz Paşayeva Oksford Universitetinin vitse-kansleri professor Luiz Riçardsona xatirə olaraq Azərbaycanın böyük xeyriyyəçisi və mesenat Hacı Zeynalabdin Tağıyev haqqında kitabı və Bakının keçmiş Nikolayev küçəsindəki Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci il dekabrın 7-də keçirilmiş ilk iclası təsvir olunan şəkili hədiyyə etdi. Professor Luiz Riçardson da öz növbəsində professor Nərgiz Paşayevaya Oksford Universitetini əks etdirən rəsm əsərini hədiyyə verdi.

Onu da qeyd edək ki, rəsmi görüşdən əvvəl professor N. Paşayeva Oksford Universitetinin alimləri və digər qonaqlarla birgə Bodleyn Kitabxanasının qədim hissələrindən olan Horton zalında və Qərb Kitabxanasında oldular, Bodleyndə saxlanan ən qədim əlyazmaların kolleksiyası və onların qorunması mərkəzinə baş çəkdilər. Olduqca maraqlı keçən bu gəzintidə qonağları Bodleyn Kitabxanasının inkişaf departamentinin rəhbəri Eleyn Gallagher müşayiət edib.

Gəzinti başa çatdıqdan sonra tədbir iştirakçıları Vadham Kollecinin “Trapp rum” adlanan zalında rəsmi nahara dəvət olundular.

Oksford Universitetinin 1610-cu ildə Doroti Vadham tərəfindən mərhum həyat yoldaşı Nikolas Vadhamın vəsiyyətinə uyğun olaraq yaratdığı və Oksfordun mərkəzi hissəsində yerləşən məşhur Vadham Kollecində olduqca səmimi keçən rəsmi nahardan sonra, qeyd olunduğu kimi, görüş Oksford Universitetinin Klarendon adlanan binasında rəsmi imzalanma mərasimi ilə davam etdi. Klarendon binası Nikolas Hoksmurun dizaynı əsasında inşa edilib və birinci dərəcəli tikinti binası hesab olunur.

2018-ci il mayın 23-də Oksford Universitetində imzalanan bu kontraktı, sözün həqiqi mənasında, böyük mədəni - tarixi və hümanitar hadisə kimi “Əsrin kontraktı” adlandırmaq olar. Bu hadisə Azərbaycan akademik elmi fikrinin və tarixi irsinin dünya elminə inteqrasiyasına sanballı töhfə verəcəyinə, gələcəkdə yeni yollar və imkanlar açacağına böyük inam yaradır.

AZƏRTAC

  • Paylaş: