Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.05.2018 10:27
  • A-
  • A
  • A+

Akademik Arif Paşayev N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb

Akademik Arif Paşayev N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb

N.E.Jukovski adına Milli Aerokosmik Universiteti - Xarkov Aviasiya İnstitutunun Elmi Şurasının qərarı ilə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın görkəmli alimi, akademik Arif Paşayev aviasiya və texnika elminin inkişafındakı böyük xidmətlərinə görə universitetin fəxri professoru adına layiq görülüb.

“N.E.Jukovski adına Milli Aerokosmik Universiteti - Xarkov Aviasiya İnstitutu Elmi Şurasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubileyi günlərinə təsadüf edən belə bir elmi qərarı bir daha sübut edir ki, Arif Paşayev dünyada tanınan və Azərbaycana şöhrət qazandıran alimdir. Onun çoxillik fəaliyyəti nəticəsində mühüm elmi nailiyyətlər əldə edilib. Tanınmış ictimai xadim Arif Paşayevin Azərbaycan ilə Ukrayna arasında elmi mübadilənin və təcrübə mübadiləsinin inkişafında da böyük xidmətləri var”, - deyə universitetin məlumatında əksini tapıb.

Qeyd edək ki, akademik A.Paşayev Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafı üçün gərgin əmək sərf edən alimdir. O, Ukraynanın Odessa Rabitə Universitetinin və Ukrayna Milli Aviasiya Universitetinin fəxri doktoru, Ukraynadakı Azərbaycan diasporunun fəxri üzvüdür. Arif Paşayev “Mədəniyyət səfiri” kimi hər iki ölkənin elmi-mədəni, ictimai əlaqələrinin inkişafında səmərəli fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: