İyunun 6-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda XX əsrdə Azərbaycanda riyaziyyat məktəbinin banisi, Əməkdar elm xadimi, pedaqoq, ictimai xadim, akademik Zahid Xəlilovun ikinci dəfə Moskvada çapdan çıxmış “Funksional analizin əsasları” kitabının təqdimatı olub.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov görkəmli alimin Azərbaycan riyaziyyat elminə və onun inkişafına verdiyi töhfələrdən, fəaliyyətinin dünya alimləri tərəfindən yüksək qiymətləndirilməsindən danışıb. Qeyd edib ki, milli riyaziyyat məktəbimizin banilərindən olan Zahid Xəlilovun elmə gətirdiyi yeni istiqamətlər və ideyalar riyaziyyat elmi sahəsini zənginləşdirib, neçə-neçə alimlərin yetişməsinə təkan verib.
M.Mərdanov funksional analiz üzrə rus dilində ilk monoqrafiyanın - “Funksional analizin əsasları”nın 1949-cu ildə Z.Xəlilov tərəfindən çap edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Dövlət Universitetinin nəşriyyatında çap olunan bu monoqrafiyada poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsi həll edilib və alınmış nəticələr söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq edilib. Konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaratması və onları uğurla bu məsələlərin həllinə tətbiq etməsi istedadlı alimin yaradıcılığının xarakterik cəhətlərindən idi.
Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının qərarı ilə ikinci dəfə Moskvada yenidən çap olunan monoqrafiyanın nəzəri və praktiki baxımdan əhəmiyyətindən bəhs edən M.Mərdanov nəşrdə “Zahid Xəlilovun riyaziyyat elminin inkişafında rolu” adlı məqalənin də yer aldığını bildirib.
Qeyd olunub ki, fitri istedada malik Z.Xəlilov dünya riyaziyyatında ilk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq edib. Riyaziyyatda Banax cəbrində sinqulyar tənliklərin həlli üçün ümumi bir metod “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə tanınır.
Tədbirdə akademik Ramiz Məmmədov, professorlar Məmməd Bayramoğlu, Sabir Mirzəyev, Ramiz Aslanov, Əkbər Əliyev, Araz Əliyev, Hidayət Hüseynov və digər çıxış edənlər böyük alimin elmi və pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən Hikmət Xəlilov göstərilən yüksək hörmət və ehtirama görə alimin ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.