Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.06.2018 17:29
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkında Mərkəzləşdirilmiş analitik laboratoriyanın açılışı olub

AMEA Yüksək Texnologiyalar Parkında Mərkəzləşdirilmiş analitik laboratoriyanın açılışı olub

Rəyasət Heyətinin 5 iyul 2017-ci il tarixli qərarı ilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) nəzdində Mərkəzləşdirilmiş analitik laboratoriya yaradılıb. Laboratoriyanın yaradılmasında əsas məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarının balansında olan, müasir tələblərə cavab verən elmi avadanlıq, cihaz və digər vasitələrdən tədqiqatların aparılmasında və yeni texnologiyaların tətbiqində daha səmərəli istifadə olunması üçün onların vahid mərkəzdə cəmləşdirilməsi, qüvvədə olan milli, dövlətlərarası və digər tələblərə uyğun qaz, neft və neft-kimya məhsullarının sınaqlarının yüksək səviyyədə aparılması və sifarişçilərə həqiqi sınaq nəticələrinin təqdim edilməsidir.

İyunun 27-də AMEA YT Parkda Mərkəzləşdirilmiş analitik laboratoriyanın açılış mərasimi olub. 

Laboratoriyanın açılışında AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və YT Parkın məsul əməkdaşları iştirak ediblər.

Öncə laboratoriyanın rəmzi açılışını bildirən lent kəsilib.

Açılış mərasimində çıxış edən akademik Akif Əlizadə bildirib ki, Mərkəzləşdirilmiş analatik laboratoriyanın yaradılması elm və təhsilin inteqrasiyası üzrə qəbul olunan birgə Fəaliyyət Planına əsasən, AMEA YT Parkın fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor imkanlarının genişləndirilməsinə mühüm töhfələr verəcək.

Akademik A.Əlizadə MDB ölkələri arasında ilk olan bu laboratoriyanın əhəmiyyətini qeyd edərək, onun AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan elmi tədqiqatların keyfiyyətinin artırılmasına xidmət edəcəyini vurğulayıb. Alim ən müasir cihazlarla təchiz edilmiş laboratoriyanın yeni imkanlara yol açacağına əminliyini ifadə edib.

“Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının əsas hədəflərindən biri də respublikamızda biliklər cəmiyyətinin qurulmasıdır”, – deyə bildirən akademik A.Əlizadə bu məqsədlə sosial tərəqqi modeli kimi “elm-təhsil-istehsalat” qızıl üçbucağının yaradılmasının vacibliyini qeyd edib. Bildirib ki, bu isə elm və təhsilin tədris prosesində, texnoparklarda, elmi-tədqiqat laboratoriyalarında birgə iştirakı, həmçinin kadr potensialı və maddi-texniki bazanın imkanlarının məqsədyönlü koordinasiyasını tələb edir.

Sonra çıxış edən Mərkəzləşdirilmiş analitik laboratoriyanın müdiri Kamal Yusifov bu müəssisənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, laboratoriyanın sınaq otaqlarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, beynəlxalq sınaq metodlarına uyğun tam komplektə edilmiş analitik laboratoriya gələcəkdə AMEA və respublikamızdan kənarda çalışan alimlər üçün fundamental tədqiqat mərkəzinə çevriləcək.

K.Yusifovun sözlərinə görə, laboratoriya sınaqların nəticələrinin obyektivliyini və dəqiqliyini təmin etmək, sınaq avadanlığı və ölçmə vasitələrini lazımi səviyyədə saxlamaq, onların vaxtında attestasiyasını, yoxlanmasını, xidmət səviyyəsini və təmirini həyata keçirmək, sınaqların aparılması üçün müəyyən olunmuş müddətlərə riayət etmək və s. kimi vəzifələri yerinə yetirəcək.

Daha sonra AMEA rəhbəri Təcrübə Sənaye Zavodunun elmi-tədqiqat sınaq laboratoriyasının fəaliyyəti və burada quraşdırılan müasir avadanlıqlarla tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: