Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Bakı Dövlət Universitetinin elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb.
“Clarivate Analytics” (əvvəllər “Thomson Reuters”) Agentliyinin 2017-ci il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 1.333-dən qalxaraq 2.365-ə bərabər olub.
Jurnalın həmbaş redaktoru, akademik Fikrət Əliyev bildirib ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda buraxılan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin genişləndirilmiş siyahısında yer alıb.
Qeyd edək ki, jurnal bu siyahıda tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb. Jurnalın bu günədək 41 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan çox ölkəsini təmsil edən müəlliflərin 450-dək məqaləsi dərc olunub.
Jurnalda tətbiqi və hesablama riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 16 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.