AMEA Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) regionlardakı ali məktəblərin tələbə və magistrləri üçün “Ən son elmi nailiyyətlərimiz” adı altında müxtəlif elmi istiqamətlər üzrə seminarlar təşkil etməklə, elmin təbliği kampaniyasına start verib. İlk seminar 5 may 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin tələbə və magistrləri ilə keçirilib.
Gəncə Dövlət Universitetinin (GDU) kimya fakültəsində təhsil alan tələbə və magistrlərin iştirakı ilə keçirilən elmi seminarı giriş sözü ilə GDU-nun rektoru, kimya elmləri doktoru, professor Yusib Yusifov açıb. Y.Yusifov ilk seminarın məhz Gəncə şəhərində keçirilməsini təqdirəlayiq hal hesab edib. Gəncə Bölməsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fuad Əliyev akademik elmin populyarlaşdırılmasın əhəmiyyətindən danışıb.
AMEA GAMŞ-nin sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AMEA rəhbərliyinin Azərbaycanda elmlə təhsilin vəhdətinin gücləndirilməsi, müasir elmi təfəkkürlü gənc mütəxəssislərin yetişdirilməsi, elmin sərhədlərinin mərkəzdən regonlara doğru genişləndirilməsi və s. istiqamətlər üzrə apardığı elm siyasəti haqqında seminar iştirakçılarına geniş məlumat verib. Buna müvafiq olaraq, yeni layihənin məqsədinin də məhz regionlarda təhsil alan tələbə və magistrləri akademiyada aparılan elmi-tədqiqatlarla tanış etmək, onların gələcək elmi və peşəkar fəaliyyətinin AMEA-da davam etdirilməsini stimullaşdırmaqdan ibarət olduğunu vurğulayıb. O, həmçinin şuranın dəstəyilə bölgələrdə yerləşən ali təhsil ocaqlarının yuxarı kurs tələbə və magistrlərinin AMEA-nın müvafiq institutlarında təcrübəyə cəlb olunması, onların buraxılış və magistr işlərini həmin müəssisələrdə yerinə-yetirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra AMEA Aşqarlar Kimyası İnstitutu üzrə GAMŞ-nin sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, Neft-Kimya Prosesləri İnstitutu üzrə GAMŞ-nin sədri, texnika üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva, Kataliz və Qeyri Üzvi Kimya İnstitutu üzrə GAMŞ-nin sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov, Polimer Materialları İnstitutu üzrə GAMŞ-nin sədri kimya üzrə fəlsəfə doktoru Sevil Maşayeva təmsil etdikləri elmi-tədqiqat müəssisələrinin son elmi nailiyyətləri və onların əldə olunmasında gənc alim və tədqiqatçıların roluna dair təqdimatla çıxış ediblər.
Qeyd edək ki, şura üzvləri səfər çərçivəsində AMEA Gəncə Bölməsinin gənc alim və mütəxəssisləri ilə birlikdə Azərbaycanın ən qədim maddi-mədəniyyət nümunəsi olan Tovuz rayonu ərazisində yerləşən Göytəpə arxeoloji kompleksində olublar. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Neolit dövrünə aid olan bu yaşayış məskəninin tariximizin öyrənilməsi və eləcə də ölkədə turizmin inkişaf etdirilməsi baxımından əhəmiyyəti haqqında gənc tədqiqatçılara ətaflı məlumat verib.
Ümummilli lider Heydər Əliyevin Gəncədəki abidəsini də ziyarət edən gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Daha sonra, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının gəncləri ilə görüş keçirilib və tərəflər arasında əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri geniş müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.