Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.10.2018 16:05
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları Xəzərsahili düzənliklərin torpaq örtüyünü tədqiq ediblər

Coğrafiya İnstitutunun əməkdaşları Xəzərsahili düzənliklərin torpaq örtüyünü tədqiq ediblər

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin bir qrup əməkdaşı Sumqayıtçayın mənsəbindən Samurçayın mənsəbinə qədər Xəzərsahili düzənliklərdə çöl ekspedisiyasında olublar. Şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyevin rəhbərliyi ilə aparılan ekspedisiyanın əsas məqsədi son bir əsrdə sahil torpaqlarına təbii amillərin, o cümlədən Xəzərin təsiri nəzərə alınmaqla, insanın təsərrüfat fəaliyyətinin müxtəlif istiqamətlərinin torpaq örtüyünə təsirinin qiymətləndirilməsi olub.

Ekspedisiya zamanı torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaqəmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər tədqiq edilib.

Tədqiqat boz-qonur, çəmən-boz, çəmən-qəhvəyi, allüvial çəmən-meşə torpaq tiplərində aparılıb. Nəticədə intensiv səhralaşma prosesinə məruz qalmış torpaqların yenidən bərpa olunması və səmərəli istifadəsi ilə bağlı elmi təkliflər işlənib hazırlanır.

Torpaqların deqradasiya və transformasiya istiqamətlərini dəqiq müəyyənləşdirmək üçün təbii bitki örtüyünün müasir vəziyyəti, deqradasiya istiqamətləri öyrənilib və bunun nəticəsi olaraq bitki qruplaşmalarının irimiqyaslı xəritəsi tərtib edilib.

Tədqiqat ərazisinin torpaq örtüyünün transformasiyasında coğrafi amillərdən asılı olaraq meridional və paralel istiqamətlərdə baş verən dəyişikliklərin qanunauyğunluqları da müəyyənləşdirilib.

Tədqiqat rayonunda takırabənzər torpaqlar xeyli ərazini əhatə edir. Hazırda bu torpaqların “Gilan Holdinq” tərəfindən kənd təsərrüfatı məqsədi üçün istifadəsi həyata keçirilir. İki ildir ki, şöbə əməkdaşları şirkətlə birgə həmin torpaqların daha düzgün və səmərəli istifadəsi istiqamətlərində fəaliyyət göstərirlər.

Birgə tədqiqatın nəticəsi olaraq, bu torpaqlarda taxılın məhsuldarlığı hər hektardan 22-24 sentnerə çatdırılıb. Gələcəkdə praktik olaraq bu istiqamətdə müxtəlif təcrübələrin aparılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: