Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

23.10.2018 12:40
  • A-
  • A
  • A+

Akademik Murtuza Nağıyevin adını daşıyan auditoriyanın açılışı olub

Akademik Murtuza Nağıyevin adını daşıyan auditoriyanın açılışı olub

Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanın görkəmli kimyaçı alimi, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin adını daşıyan auditoriyanın açılış mərasimi keçirilib.

Tədbir Prezident İlham Əliyevin "Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında" 2 noyabr 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutub.

Mərasimi ADNSU-nun rektoru, professor Mustafa Babanlı açaraq Murtuza Nağıyevin zəngin fəaliyyəti sayəsində Azərbaycan elminə dəyərli töhfələr verdiyini, kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazandığını söyləyib. Bildirib ki, o, kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib hazırlayıb, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən edib.

M.Babanlı akademikin 1932-35-ci illərdə ADNSU-da təhsil almaqla yanaşı, ötən əsrin 40-cı illərində müəyyən müddət bu ali məktəbdə dosent vəzifəsində çalışdığını, alimin həyat və elmi fəaliyyətinin hazırda burada işləyən hər kəs üçün örnək olduğunu diqqətə çatdırıb.

Rektor dövlət başçısının Sərəncamından irəli gələrək görkəmli alimin 110 illik yubileyinin keçirilməsinin ölkədə elmə və təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib.

Açılışı keçirilən auditoriya barədə də danışan M.Babanlı bildirib ki, burada sərgilənən bütün fotoşəkillər arxivlərdən və akademikin ailə üzvlərindən əldə edilib, həmçinin stendlərdə M.Nağıyevin həyat və elmi fəaliyyəti geniş şəkildə əksini tapıb.

Sonra ADNSU-nun Kimya texnologiyası fakültəsinin Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Həsənov çıxış edərək akademikin Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksəkixtisaslı kimyaçı kadrların hazırlanmasında mühüm xidmətləri olduğunu söyləyib. Görkəmli alimin resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısı olduğunu deyən Ə.Həsənov həmin nəzəriyyədən istifadə edilmədən kimya kombinat qurğularının, eləcə də reaktorların layihələndirilməsinin qeyri-mümkün olmasının bütün dünyada etiraf edildiyini vurğulayıb.

Mərasimdə çıxış edən AMEA-nın Aşqarlar Kimyası İnsitutunun direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycanın neft ölkəsi olduğunu və nəticədə respublikada kimya elminin yüksək səviyyədə inkişaf etdiyini deyib. O, bu elmin inkişafında Murtuza Nağıyevin müstəsna xidmətləri olduğunu, hələ tələbə vaxtlarında kimya sahəsində müəlliflik şəhadətnaməsi aldığını xatırladıb. Alimin ilk dəfə optimallaş­dırma və süper optimallaş­dırma nəzəriyyələrini irəli sürdüyünü deyən V.Fərzəliyev qeyd edib ki, akademikin elmi fəaliyyəti bu gün gənc tədqiqatçılar üçün dəyərli mənbə və nümunədir.

Tədbir çərçivəsində, həmçinin ADNSU-nun akademik Murtuza Nağıyev adına təqaüd alan magistrantı Elnur Cəbrayılzadə və bakalavr səviyyəsində təhsil alan 3-cü kurs tələbəsi Aydın Səmədov çıxış edərək belə bir təqaüdə layiq görüldükləri üçün qürur hissi keçirdiklərini və bundan sonra da əzmkarlıqla çalışacaqlarını qeyd ediblər.

Sonda alimin oğlu, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, akademik Murtuza Nağıyev adına auditoriya ADNSU-nun Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının balansında tələbələrin istifadəsinə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: