AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin təşkilatçılığı ilə keçirilən II Spartakiadanın bağlanış mərasimi olub.
Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbiri akademik İsa Həbibbəyli açaraq artıq Spartakiadanın AMEA-da ənənəvi hal aldığını söyləyib və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki, son illərdə respublikamızın bütün rayon və şəhərlərində müxtəlif idman obyektləri inşa olunur, həmçinin ölkəmiz bir çox beynəlxalq idman oyunlarına ev sahibliyi edir.
İsa Həbibbəyli qeyd edib ki, AMEA-da rəsm çəkmək, şeir yazmaq kimi istedadı olan alimləri üzə çıxartmaq üçün bir sıra tədbirlər planı həyata keçirilir. O, AMEA-nın əməkdaşlarının təkcə elmdə deyil, digər sahələrdə də bacarıqlarını göstərmək üçün burada yaradılan şəraitdən danışıb. Bildirib ki, bu cür tədbirlərə ictimai marağın artmasına səbəb AMEA-nın prezidenti, akademik Akif Əlizadənin apardığı məqsədyönlü siyasətdir. Akademik bildirib ki, ulu öndər Heydər Əliyevin elm sahəsində yürütdüyü məqsədyönlü siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində AMEA mühüm inkişaf yolundadır.
Sonra Habil Qurbanov çıxış edərək yarışların beynəlxalq və respublika dərəcəli hakimlər tərəfindən idarə edildiyini vurğulayıb. Professor FİFA-nın hakim inspektoru, AFFA-nın məsul işçisi Asim Xuduyevə, respublika dərəcəli futbol hakimi Rahin Heybətova, stolüstü tennis yarışlarının idarə edilməsində göstərdiyi xidmətlərə görə beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasovaya, respublika dərəcəli hakim İsmayıl Mirzəyevə və şahmat yarışlarının idarə olunmasında göstərdiyi xidmətlərə görə AMEA-nın əməkdaşı, beynəlxalq dərəcəli hakim Namiq İsmayılova minnətdarlığını bildirib.
H.Qurbanov gələcəkdə akademiyada voleybol və basketbol yarışlarının keçiriləcəyini də diqqətə çatdırıb.
Sonra çıxış edən AHİ-nin Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun aparıcı elmi işçisi, Həmkarlar Komitəsinin və Təşkilat Komitəsinin sədri Sitarə Bağırova 1-25 oktyabr tarixlərində baş tutan II Spartakiadanın qadın və kişilər arasında 4 növ üzrə (şahmat, dama, stolüstü tenni və futbol) keçirildiyini və turnirdə AMEA-nın 20 elmi müəssisə və təşkilatının iştirak etdiyini söyləyib. Bildirib ki, II Spartakiadada 21 medal uğrunda (7 qızıl, 7 gümüş, 7 bürünc) mübarizə aparılıb.
Daha sonra qaliblər mükafatlandırılıb.
Dama üzrə yarışlarda birinci yerə qadınlar arasında Fizika İnstitutunun əməkdaşı Aytən Şərifli, ikinci yerə Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşı Samirə Süleymanova, üçüncü yerə isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı İncə Məhərrəmova layiq görülüb. Kişilər arasında keçirilmiş dama yarışlarında Ramis Həsənov (NKPİ) birinci, Famin Salmanov (Radiasiya Problemləri İnstitutu) ikinci, Rasim Heydərov (Dilçilik İnstitutu) üçüncü olub.
Şahmat yarışlarında qadınlar arasında birinci yeri Ziyarət Paşayeva (NKPİ), ikinci yeri Sevinc Əliyeva (Dilçilik İnstitutu), üçüncü yeri isə Nərgiz İsmayılova (İnformasiya Texnologiyaları İnstitutu) tutub. Kişilər arasında Yusif Abdullayev (Fizika İnstitutu) birinci, Kamran Əliyev (Geologiya və Geofizika İnstitutu) ikinci, Sadiq Həmidov (Fizika İnstitutu) üçüncü yerə sahib çıxıblar.
Qadınlar arasında stolüstü tennis yarışlarında Fizika İnstitutunun əməkdaşları - Aytən Şərifli birinci, Sevda Qəribova ikinci, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Lalə Piriyeva üçüncü yerə layiq görülüb. Kişilər arasında keçirilmiş stolüstü tennis yarışlarında Veysəl Məmmədov (Geologiya və Geofizika İnstitutu) I, Tural Nağıyev (Fizika İnstitutu) II və Şakir Quliyev (Folklor İnstitutu) III olub.
Futbol üzrə yarışlarda Respublika Seysmoloji Xidmət Mərkəzi birinci, Geologiya və Geofizika İnstitutu ikinci, AMEA Rəyasət Heyəti isə üçüncü yerin sahibi olub.
II Spartakiadada ümumilikdə Fizika İnstitutu 6 medal (3 qızıl, 2 gümüş, 1 bürünc) Geologiya və Geofizika və Neft-Kimya Prosesləri institutları isə 3 medal qazandıqlarına görə, AHİ-nin fəxri diplomu ilə təltif ediliblər.
II Spartakiadanın KİV-də təbliğinə görə, Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Əhmədli, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları - Zərifə Feyzullayeva və Nərmin Şərifova fəxri fərman və pul mükafatı ilə təltif olunublar.
AHİ-nin Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun Həmkarlar Komitəsinin və II Spartakiadanın Təşkilat Komitəsinin sədri Sitarə Bağırova, Təşkilat Komitəsinin üzvü, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Fizika İnstitutunun GAMŞ sədri Qafil Dəmirov, Təşkilat Komitəsinin işçi qrupunun üzvləri - Suma Hüseynova və Xuraman Vəliyeva fəxri fərman və pul mükafatına layiq görülüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.