Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.11.2018 10:05
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Alüminium və dəmir” və “Xörək duzu təbiətin bəşəriyyətə töhfəsidir” adlı kitablarının təqdimatı keçirilib.

Bölmənin Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək akademiyanın müxbir üzvü Əli Nuriyevin elmi məsləhətçiliyi ilə işıq üzü görən nəşrlər haqqında ümumi məlumat verib. Alim “Xörək duzu təbiətin bəşəriyyətə töhfəsidir” əsərindən bəhs edərək bildirib ki, kitabda Naxçıvanın daş duz yataqları, xörək duzunun sənayedə, tibbdə tətbiqinə dair məlumat, xörək duzu ilə bağlı deyimlər, miflər və maraqlı faktlar, o cümlədən dünyanın tanınmış daş duz yataqları, duz muzeyləri və məşhur duz göllərinə dair maraqlı yazılar verilib.

Ə.Abbasov müəllifin “Alüminium və dəmir” adlı kitabında isə çox müxtəlif sahələrdə geniş tətbiq edilən alüminium, eləcə də dəmirin analitik kimyasına, çəki və həcmi metodlarla təyininə, onların əsas birləşmələrinə, təbii xammal yataqlarına, alınma texnologiyasına və müxtəlif sahələrdə tədqiqlərinə dair məlumatların öz əksini tapdığını deyib.

Daha sonra institutun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Xörək duzu, alüminium və dəmir haqqında qiymətli əsərlər” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Günel MəmmədovaMineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya elmləri üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynov hər iki nəşrlə bağlı öz fikirlərini bölüşüblər.

Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: