Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyinin təşəbbüsü ilə Əskişəhərdə (Türkiyə) “Türk dünyası mütəfəkkirləri” mövzusunda sammit keçirilib. Məqsəd türk dünyasının elmi və mədəni əlaqələrini genişləndirmək və möhkəmləndirmək, mənəvi resursları öyrənmək, inteqrasiyanı sürətləndirmək və ünsiyyəti artırmaqla birlik ideyasını dəstəkləmək idi.
Osman Qazi Universitetində keçirilən sammitdə Türkiyədən 350, digər ölkələrdən 150 elm xadimi iştirak edib.
Tədbirə AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, Folklor İnstitutunun şöbə müdirləri, fililogiya üzrə elmlər doktorlarıSeyfəddin Rzasoy, Ramazan Qafarlı, filologiya üzrə fəlsəfə doktorları Ağaverdi Xəlil, Əziz Ələkbərli, Qalib Sayılov, Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov,Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoruGüllü Yoloğlu, Əlyazmalar İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Aida Paşalı və Qətibə Vaqifqızı, Hüseyn Cavidin Ev Muzeyindən İlahə Novruzova, Naxçıvan Bölməsindən Sədaqət Nemətova, Məhsəti İsmayıl və başqaları qatılıblar.
Açılış mərasimində Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər, Milli Təhsil naziri Nəbi Avcı, Diyanət İşləri başqanı Mehmet Görməz, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibi Mahmut Erol Kılıç, Əskişəhər valisi Güngör Azim Tuna, Osman Qazi Universitetinin rektoru Həsən Gönen və başqaları çıxış ediblər.
Tədbirdə Sərxan Xavərinin “Xoca Əhməd Yəsəvinin türk-İslam mədəniyyətinin təşəkkülündə rolu”, Ağaverdi Xəlilin “Mahmud Kaşğarlının xalq yaradıcılığını öyrənmə metodları”, Seyfəddin Rzasoyun “Əbülqazi Bahadır xanın türkmən mədəniyyətinin öyrənilməsində rolu”, Əziz Ələkbərlinin “Yunis Əmrə və Azərbaycan”, Ramazan Qafarlının “Bəxtiyar Vahabzadə və türk dünyası”, Füzulu Qurbanovun “Füzulinin eşq fəlsəfəsi”, Qalib Sayılovun “Nəsiminin insan konsepti və İslam”, İlahə Novruzovanın “Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafında Hüseyn Cavidin rolu” və s. mövzularda məruzələri dinlənilib.
Sammit çərçivəsində konfrans, seminar və “dəyirmi masa”lar keçirilib, türkdilli dövlətlər arasında elmi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, bir sıra proqramlar təşkil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.